''Libermanın səfəri Tel-Əvivin dəstəyinə arxalanan Azərbaycan üçün əhəmiyyət daşıyır''

foto Azərtac

''Səfər İsrailin xarici təhlükəsizliyinin prioritetini göstərir''

İsrailin müdafiə naziri Aviqdor Liberman sentyabrın 12-13-də iki Cənubi Qafqaz ölkəsinə - Gürcüstan və Azərbaycana səfər edib.

“Turan” informasiya agentliyinin layihəsi olan “ASTNA.biz” saytında səfərə dair analitik material dərc edilib.

Yazıda bildirilir ki, bu, İsrailin müdafiə nazirinin Cənubi Qafqaza ilk səfəridir, amma 2012-ci ilin aprelində XİN başçısı vəzifəsində regiona gəlmiş Libermanın ilk səfəri deyil.

“Xüsusən, Liberman 2015-ci ilin mayında XİN başçısı qismində Azərbaycana gəlib. Doğrudur, müdafiə naziri olduqdan sonra o, 2017-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında prezident İlham Əliyevlə görüş də keçirib.

Yəhudi dövlətinin müdafiə nazirinin ilk dəfə iki ölkəyə səfər etməsi faktı özü bu səfərin İsrail üçün və bir o qədər də Gürcüstan və Azərbaycan üçün təhlükəsizlik nöqteyi-nəzərdən əhəmiyyətini göstərir. İsrailin şimalında və Qafqazın cənubunda vəziyyət gündən-günə gərginləşir. İranın əl-qolunu Amerikanın sanksiyaları bağlayır, Suriya isə İŞİD-in və onun müttəfiqlərinin İdlibdə mühasirəyə alınmış son istinadgahını darmadağın etmək ərəfəsindədir”.

Yazı müəllifləri qeyd edirlər ki, Gürcüstanın və Azərbaycanın rəsmi mənbələri Libermanın missiyası haqqında çox az danışır.

Materialda bildirilir ki, İsrail naziri prezident Əliyevlə görüşdə iqtisadi, hərbi, mədəni sahələrdə və turizm sahəsində müsbət dinamikanı qeyd edib. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatı daha konkret idi:

“İki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən müdafiə naziri Zakir Həsənov bu tərəfdaşlığın təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində böyük rolunu qeyd edib... Görüşdə həmçinin regional təhlükəsizlik aspektləri, iki dövlət arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, ekspertlər səviyyəsində işgüzar görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”.

Məqalədə vurğulanıb ki, Gürcüstanın şərhində Tbilisi səfəri aşağıdakı konturlara malik olub:
“Liberman gürcü həmkarı Levan İzoriya ilə kibertəhlükəsizlik və terrora qarşı mübarizə sahələrində əməkdaşlıq haqqında müqavilə imzalayıb. Həmçinin, o, təhlükəsizlik sahəsində əməkdaşlığın dörd istiqamətini müəyyən edib, onlara ehtiyatda olan hərbiçilər üçün xidmət yaradılmasını, kibertəhlükəsizliyi, dövlətin müdafiəsini və terrorizmə qarşı mübarizəni aid edib”.
Materialda bildirilir ki, klerikal İranla həmsərhəd olan zəif müsəlman Azərbaycanın xüsusi vəziyyətini, habelə Suriya münaqişəsi ilə bir neçə parametr üzrə əlaqəni, o cümlədən Azərbaycanlı radikalların Suriyada terrorçu qruplaşmaların cərgələrində qanunsuz iştirakını nəzərə alaraq, ehtimal etmək olar ki, Libermanın səfərinin Bakı hissəsi strateji idi.

“Cənubi Qafqaz turnesindən təxminən bir həftə əvvəl Liberman İsrailin “Kalkalist” nəşrinin müxbiri Tsaxa Zarxiya ilə müsahibədə belə deyib: “Amma indi, düşmənlərimizin böyük məsafəli dəqiq raketləri olduğu halda vəziyyət kəskin, dramatik şəkildə dəyişir. Biz sadəcə olaraq bu yeni təhdidlər fonunda müvafiq addımlar atmalıyıq. Bundan başqa, bizim birdən-birə əvvəllər görülməmiş qonşularımız ortaya çıxıb, Rusiya da bizim gözümüzün qabağındadır, İŞİD var”.

Azadlıq Radiosunun İran xidmətinə müsahibəsində Liberman deyib: “İranın Suriya ərazisində hərbi baza tikməsinə və ya oraya başqa şiə ölkələrdən İsraili təhdid edəcək milislər göndərməsinə imkan verməmək üçün əlimizdən gələni edəcəyik.

İran suveren dövlətdir və Suriya ilə diplomatik və iqtisadi əlaqələrə malik olmaq hüququna malikdir. Amma biz heç vaxt İranın Suriyada hərbi iştirakı ilə razılaşmayacağıq və İranın İsrailə ziyan vurmasına və Yaxın Şərqdə sabitliyi pozmasına imkan verməyəcəyik.

İsrailin müdafiə idarəsinin rəhbəri bu müsahibədə onu da qeyd edib ki, İran öz vətəndaşlarının qayğısına qalmaq əvəzinə terror fəaliyyətinə böyük vəsait qoyur: İqtisadiyyatı və elmi inkişaf etdirmək yerinə, İran rejimi müstəsna olaraq hərbi manevrlərə və terror fəaliyyətinə pul yatırır. Bu, bu günə qədər təkcə Suriyada 13 milyard dollardan çox vəsait xərcləyən və hər il bütün Yaxın Şərqdə terrorun maliyyələşdirilməsinə 2 milyard dollardan çox vəsait yatıran fanatik rejimdir. Bu, İran xalqının maraqlarına tamamilə ziddir”.

Yazı müəllifləri hesab edirlər ki, Libermanın bu xarici siyasi bəyanatları son zamanlar səsləndirdiyi əsas bəyanat olub və İsrailin xarici təhlükəsizliyinin prioritetini göstərir, bu da onun Cənubi Qafqaza səfərinin səbəbi ola bilərdi.

“Onun Cənubi Qafqaz səfəri xəritəsində Ermənistanın olmaması da buna dəlalət edir. Buna iki səbəb var - bu ölkədə rus qoşunlarının və sərhədçilərinin mövcudluğu və münasibətlərin hələlik İsrail XİN-in departament rəhbəri səviyyəsi ilə məhdudlaşan aşağı səviyyəsi. Doğrudur, son vaxtlar Ermənistan əlaqələrin genişləndirilməsinə maraq göstərməyə başlayıb, amma bu, hələlik Moskvadan ehtiyatlanaraq, döyüş kəşfiyyatından başqa bir şey deyil”.

Müəllif bildirir ki, Libermanın səfəri daxili və xarici təhlükəsizlik məsələlərində Tel-Əvivin dəstəyinə də arxalanan Azərbaycan üçün əhəmiyyət daşıyır.

“2016-cı ilin aprelində Azərbaycan və Ermənistan arasında üç günlük müharibədə qələbəni əvvəlcədən müəyyən edən İsrail silahının rolu buna nümunə ola bilər. Azərbaycan İsraildən 4 milyardlıq ən yeni silahlar alıb və iki ölkə üçün də çox zəruri olan təhlükəsizlik sahəsində qarşılıqlı məlumat mübadiləsini həyata keçirir.
Libermanın səfərinin nəticələrini çox gözləmək lazım gəlmədi, belə ki, İrana qarşı sanksiyalar və İdlib əməliyyatı fəal inkişaf fazasındadır və hadisələri sürətləndirir. Bu vəziyyətdə iki qaynar nöqtə ilə həmsərhəd ölkələrin təhlükəsizliyi möhkəmlik sınağından keçməli olacaq”.