İlham Əliyev Parisdə
İlham Əliyev Parisdə Fotoqraf: Vüqar Əmrullayev

Azərbaycan... şirkəti rəhbərinin Paris səfəri

İlham Əliyevin Fransa səfərinə sözardı

“Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb”. Prezidentin saytında belə yazılıb. Ancaq bu səfərin statusu bilinmir; rəsmi, qeyri-rəsmi, işgüzar, yoxsa sıradan bir şəxsi səfər...

Səfərin məqsədi daha çox bu gün – iyulun 20-də yayılan informasiyalardan bəlli olur. Bu səfər əslində, ölkə prezidenti yox, şirkət rəhbərinin səfərinə bənzəyir. Keçirilən görüşlər bələdiyyə başçısı, hər hansı şirkət rəhbəri səviyyəsində olan görüşlərdir. Ən yaxşı halda bu görüşləri nazirlərdən, nazir müavinlərindən, ya komitə sədrlərindən biri keçirə bilərdə, hökumətə bağlı işlər var idisə...

Fransa prezidentinin dəvəti ilə gerçəkləşən Paris səfərində İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən Fransa şirkət və qruplarının rəhbərləri ilə görüşüb. Belə anlaşılır ki, səfərdə görüş bolluğu yaratmaq üçün bu şirkət və qrupların rəhbərlərini ya Bakıdan ora aparıblar, ya da yeni layihələrdə tendersiz iştirak vədi verib işgüzar səfər görüntüsündən ötrü şəkillər çəkdiriblər. Yayılan şəkillər və görüşlərdən qısa informasiyalar bunu deməyə əsas verir. İki gündə keçirilən 14 görüşün (20 iyul saat 16.15-ə qədər saytlara yerləşdirilən informasiyalara əsasən) 11-i Azərbaycanda müxtəlif layihələrdə iştirak edən şirkət və qrup rəhbərləri ilə olub. Tanış olun:

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.
*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb.
*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.
*İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.
*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild ilə görüşüb.
*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.
*İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb.
*İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb.
*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb.
*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.
*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

Bu gün Azərbaycanda fəaliyyət göstərən media qurumları, telekanallar, qəzetlər, saytlar, informasiya agentlikləru İlham Əliyevin Fransa səfərininin gerçək məqsədinə işıq tutmaq haqda heç düşünməyəcəklər. Birdəfəflik yardım, havayı mənzil, ildə iki dəfə paylanan KİV DF qrantı hər şeydən yazmağa imkan vermir. Heç maraqlanan da olmayacaq ki, Paris görüşündə şəkilləri çəkilən şirkət rəhbərlərindən neçəsi ailə şirkətləri ilə iş birliyindədir...

Bu gün yayılan bu informasiya indiki Azərbaycan gerçəkliyinə ən yaxşı örnəkdir.

“22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub”... Bu informasiyanın sonrası da var. Mətbuat gününə məhz o sonra aiddir, ancaq onu sonraya saxladıqlarından, biz də saxlayaq... Mətbuat, onun yaradıcısı bu ölkədə hər şeydən sonda gəldiyinə görə...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.