Hərkəs üçün ədalətsizlik: Azərbaycanın Vəkillər Kollegiyasının məhvi

İllustrasiya: İrina Stasiuk

Səməd Rəhimli geniş auditoriyanın ortasında bir masaya oturdu. Üzbəüz oturan Vəkillər Kollegiyasının qəbul komitəsinin yeddi üzvü ondan müsahibə götürmək və qəbul edilib-edilmədiyinə qərar vermək üçün gözləyirdi. Baxmayaraq ki, qəbul edilməyəcəyi barədə ona xüsusi olaraq xəbərdarlıq edilmişdi. S.Rəhimli rahat və müsahibə üçün hazır idi.

“Şifahi müsahibənin 30 dəqiqə olması nəzərdə tutulmuşdu, ancaq məni orda 35 dəqiqə saxladılar", - o deyir: “Qalan namizədlər 10-15 dəqiqə sorğu-sual olundu”. Rəhimli bunu bilirdi, çünki o, səhərdən bəri müsahibəni gözləyirdi. Axşam 6-da onun növbəsi çatdı.

Rəhimli, müsahibənin ikinci, şifahi hissəsinin uzun olacağını və qarşısında U formasında olan masada əyləşən yeddi komitə üzvünün asanlıqla onu yola verməyəcəyini bilirdi.

Səməd Rəhimli
Səməd Rəhimli Fotoqraf: Sancaq

“Mənim sözümü kəsirdilər. Cavablarımın yanlış olduğunu deyirdilər. Mübahisə etməməyimi və maddələri əzbər deməyimi istəyirdilər"- deyərək əlavə edir ki, imtahan qaydalarına uyğun olaraq bunu etmək öhdəliyi olmadığını düşünərək, bəzi suallara cavab verməkdən, az istifadə olunan maddələri və ya qaydaları əzbər deməkdən imtina edib.

Sonda, şəxsi xəbərdarlıqlardan təxmin edildiyi kimi məhkəmə işlərində illərlə təcrübəsi olmasına və onlarla işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərməsinə baxmayaraq, ona imtahandan keçmədiyi bildirilir.

Azad düşüncəlilərin sistematik şəkildə yox edilməsi

Azərbaycanın fundamental azadlıqlar baxımından cənnət olmadığı məlum məsələdir. Uzun müddətdir ki, hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən vəkillərə təzyiq göstərilib və yaxşı sənədləşdirilib.

Lakin 2017-ci il, Azərbaycan hakimiyyətinin müstəqil hüquqşünaslığı bir qurum kimi sistemli şəkildə aradan qaldırmağa başladığı ildir.

Ölkənin artıq zəiflədilmiş hüquq sistemini tamamilə məhv etmək riskilə üzləşdirərək, Azərbaycan hökuməti hüquqşünasları həbs edib, onları təqib edib və işlərinə xitam verib. Eyni zamanda, vəkillik imtahanları zamanı etibarsız hesab olunan, sadiq olmayan və yaxud hakimiyyətin rəqiblərinə qanuni nümayəndəlik edən hər hansı bir vəkilə qarşı ayrı-seçkilik etmələri üçün Vəkillər Kollegiyasına təsir göstərilib. Səthi islahatları tətbiq edərkən rejim vəkilliklə əlaqədar yeni məhdudlaşdırıcı qanunları çıxarır, Kollegiyanın bütün tənqidçi üzvlərini uzaqlaşdırır və onları itayətkar loyalistlər və hökumət müdafiəçiləri ilə əvəz edir.

"Hüquqşünaslara qarşı təzyiq hökumətin rəqiblərini aradan qaldırmaq üçün uzunmüddətli prosesin tərkib hissəsidir" - deyə insan hüquqları sahəsindəki fəaliyyətinə görə 2017-ci ildə Kollegiyadan çıxarılan vəkil Yalçın İmanov bildirir: "İlk olaraq hökumət siyasi partiyaların arxasınca düşdü. Sonra 2014-cü ildə vətəndaş cəmiyyəti və mətbuatın arxasınca düşdü. Bundan sonra Azərbaycanda az-çox müstəqil və müxalifyönlü şəxslərin qaldığı bir institut qalırdı, o da Vəkillər Kollegiyası idi. Onlara qarşı edilən bu hücumlar keçmişdə də baş vermişdi, ancaq indiki kimi sistematik şəkildə deyildi”.

İnsan haqları sahəsindəki fəaliyyətinə görə işinə xitam verilən və 2014-2016-cı illərdə həbsdə saxlanılan tanınmış hüquqşünas İntiqam Əliyev bildirir ki, 2014-cü ildə Azərbaycan vətəndaş cəmiyyətinə bənzərsiz hücumlar başlandıqda bu hücumlara diqqətçəkən hüquq müdafiəçiləri idi.

Vaşinqtonda yerləşən "Freedom Now" qeyri-hökumət təşkilatının icraçı direktoru, Azərbaycanda hüquqşünasların hüquqları üzərində çalışan Maran Turner qeyd edir ki, müstəqil hüquqşünaslara qarşı bütün təzyiqlərə baxmayaraq, hüquqşünaslar ən fəal şəxslərdir və onların əksəriyyətinin işinə xitam verilməsinə baxmayaraq, onlar bu işi görməyə davam edirlər”.

Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Razılaşanların kollegiyası

Sənəd üzərində Vəkillər Kollegiyası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa əsasən formalaşan müstəqil qeyri-hökumət təşkilatıdır. Qurum 2004-cü ildə ölkənin Avropa Şurasına və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olması nəticəsində beynəlxalq təşkilatların irəli sürdükləri tələblər üzrə yaranıb. İnternet saytında qeyd olunur ki, özünü tənzimləyən təşkilat olan Kollegiya qanunlar çərçivəsində hüquq və azadlıqları müdafiə etmək, vətəndaşları peşəkar hüquqi nümayəndəliklə təmin etmək və hüquqşünaslığın nüfuzunu artırmaq kimi məqsədləri güdür.

İntiqam Əliyev qeyd edir: “Dünyada insan hüquqlarının müdafiəsi sahəsində ən effektli mexanizmlərdən biri sayılan vəkillik institutu bizdə daha çox dekorasiyadır. Bizim Kollegiya yaxşı halda, Ədliyyə Nazirliyinin və ya Prezident Aparatının bir şöbəsidir".

Təşkilatın tamamilə hökumətdən asılı olması yenilik deyil. ATƏT-in 2014-cü  il hesabatında təşkilatın müxtəlif yollarla Azərbaycan dövlətindən təkcə asılılığı yox, hətta ciddi insan hüquqları pozuntularından zərərçəkənləri təmsil etməyə və onların adından çıxış etməyə cəhd edən vəkilləri boğmaq üçün istifadə olunan bir çox üsulların təfərrüatları sadalanıb.

2017-ci ilin dekabrında Vəkillər Kollegiyası yeni sədr seçdikdə, bəziləri onun ümumilikdə Azərbaycanın hüquqi peşəsini və təşkilatın özünü inkişaf etdirəcəyinə ümid bəsləyirdi.

İllərdir quruma Azər Tağıyev başçılıq edirdi və onu əvəz etmiş gənc hüquqşünas Anar Bağırov tez-tez verdiyi müsahibələrdə vəkilliyin inkişafının vacibliyini vurğulayaraq, ilkin mərhələdə hüquqşünaslar icması, kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətindəki müşahidəçilərdə xoş təəssurat yaratdı. Bağırov həmçinin Azərbaycanın dünyada adambaşına düşən vəkil sayına görə ən az nisbətə sahib olduğunu etiraf etdi (10 mindən çox vətəndaşa 1 vəkil düşür) və dərhal islahatlara çağırdı.

Ancaq bundan hər kəs təsirlənmədi. "Biz vurğuladıq ki, Anar Bağırovun problemi onun hüquq firması sahibi olan ədliyyə nazirinin oğlu ilə biznes partnyoru olmasıdır" - deyə Səməd Rəhimli qeyd etdi: "Biz dedik ki, Bağırovun biznesdə ondan asılı vəziyyətdə olması, onun obyektivliyi ilə bağlı suallar yaradacaq və artıq mürəkkəb olan bir vəziyyəti daha da çətinləşdirəcək".

Əslində, bir çox hüquqşünas qeyd edir ki, Azər Tağıyev heç də islahatçı olmamasına baxmayaraq, Kollegiyanın üzvlərinin daha çox müdafiə edirdi və hökumətlə danışıqlar aparmağa hazır idi.

Bağırov Kollegiyanın sədrliyinə keçdiyi zaman üzvlərin sayını artıracağına söz verdi. Qazaxıstan kollegiyası tərəfindən açıqlanan məlumata əsasən, 10 milyon əhalisi olan Azərbaycan 1000-dən çox kollegiya üzvünə malikdir. Halbuki dörd və üç milyon əhalisi olan qonşu Gürcüstan və Ermənistanın müvafiq olaraq 4000-dən çox və 1500-dən çox kollegiya üzvü var.

Anar Baghirov
Anar Baghirov

Bağırov sədrliyi ələ aldıqdan sonra kollegiya üzvlərinin sayı yüzdən çox artıb, lakin onların heç biri insan hüquqları müdafiəçisi deyil. Bağırov təşkilatı ələ aldıqdan sonra xitam verilmə dalğası Azərbaycanın hüquq müdafiəçilərini vurmağa davam etdi. Yalçın İmanovun işinə 2017-ci ilin dekabrında xitam verilib, digər iki hüquqşünas Asabəli Mustafayev və Nemət Kərimlinin lisenziyaları 2018-ci ilin aprelində müvəqqəti olaraq dayandırılıb. 2018-ci ilin iyun ayında isə qanun pozuntularına qarşı şifahi şəkildə etiraz edən başqa bir peşəkar vəkil İradə Cavadovanın fəaliyyətinə də xitam verilib. Eyni zamanda, 2017-ci ilin oktyabrında kollegiya üzvü olmayan vəkillərin hətta prosessual və mülki hüquqla məşğul olmaması üçün hökumət tərəfindən “nümayəndəlik haqqında” qanuna yeni düzəlişlər edilib.

"Bu, kifayət qədər böyük nailiyyətdir, uğurdur ki, Azər Tağıyev 2004-cü ildən bəri Kollegiyanı idarə edirdi, amma bu qədərini eləməmişdi. Anar Bağırov altı ay ərzində eləməyi bacardı, artıqlaması ilə, bu da onun hökumət qarşısında öhdəliklərini uğurla icra etdiyinin göstəricisidir”, - deyə Rəhimli istehza ilə şərh edərək, Bağırovun qısamüddətli fəaliyyəti dövründə, ümumiyyətlə, hüquqşünasların fəallığının kəskin şəkildə azaldığına şahid olduğunu dedi.

Tərsəməssəblik qanunu

2017-ci ilin noyabrından əvvəl Azərbaycanda bir vəkil kollegiyadan uzaqlaşdırılıbsa, müştərilərinə məhkəmədə cinayət işi istisna olmaqla digər işlərdə qanuni olaraq nümayəndəlik edə bilərdi. Lakin Azərbaycanda “Nümayəndəlik haqqında” qanuna yeni düzəlişlərə əsasən, vəkillərin kollegiyadan uzaqlaşdırılmasının nəticələri dəyişdirildi, müştərilərini hər hansı məhkəmə işində təmsil etmək hüququ yalnız kollegiya üzvlərinə tanındı.

Bu dəyişiklikləri şərh edən Yalçın İmanov deyir ki, bəzi vəkillər buna müqavimət göstəriblər və bu qurumu vəkillərin əleyhinə olan bir addım adlandırıblar. Onun fikrincə, məqsəd müstəqil vəkilləri birdəfəlik işləmək imkanından məhrum etməkdir: "Vəkillikdən çıxarılma həmçinin xəbərdarlıq məqsədi daşıyır. Bu, digər vəkillərə əgər eyni addımları atsalar oxşar taleyin onları da gözləməsi barədə xəbərdarlıqdı, onları nəzarət altında saxlamağa imkan verir".

Bu dəyişikliklər qəbul edildikdən sonra Bağırov yeni qanunun onun söz verdiyi islahatların bir hissəsi olduğuna və kollegiyanın vəkillik imtahanlarından sonra tezliklə yeni üzvlər qəbul edəcəyinə ictimaiyyəti inandırmağa tələsdi.

Tənqidçilərin fikrincə, əvvəllər kollegiyaya giriş imtahanının bir hissəsi olan şifahi imtahan indi hökumətin arzuolunmaz və ya sadiq hesab etmədiyi vəkillərin namizədliyini ləğv etmək üçün bir vasitəyə çevrilib. Yeni imtahanlarda uğursuz olan vəkillərin əksəriyyəti tam olaraq son mərhələdən, yəni şifahi imtahandan kəsiliblər.

Rəhimli imtahanlarda obyektiv metodikanın olmadığını bəyan edir və ciddi hesab edildiyi üçün bu məsələnin hətta Avropa Şurası qarşısında qaldırıldığını xatırladır. İmanov isə şifahi imtahan prosesini müəyyən edən qayda və qanunların qeyri-müəyyənliyini tənqid edir:

“Bu prosedurun qanunvercilikdə, qaydalarda və ya Vəkillər Kollegiyasının əsasnamələrində hansı üsulla keçirilməsini qeyd edən heç bir maddə yoxdur. Lakin məntiqə əsasən, son addımda artıq ilk mərhələni keçən və hüquqi biliklərə malik olan namizədin ümumi dünyagörüşü yoxlanmalıdır".

"Əlbəttə ki, kollegiya müstəqil və ya müxalifyönümlü üzvlərini, eləcə də insan hüquqları üzrə işləyənləri qəbul etməyəcək", - deyə İmanov əlavə edir. "Mən çoxsaylı mülki işlərdə iştirak edən, məhkəmədə müştərilərini təmsil edən, işləri uğurla Avropa İnsan Hüquqları Məhkəməsinə göndərən vəkillərin şifahi imtahandan kəsiləcək qədər hüquq bilgisinin az olmasına inana bilmirəm. Bu, onlara qarşı qərəzin inkaredilməz sübutudur və onların qarşısını almaq məqsədi daşıyır".

İntiqam Əliyevin sözlərinə görə, bu, sadə riyazi düsturdur: “Vətəndaş cəmiyyətinə qarşı yönələn siyasi repressiyalarla bağlı qaldırılan çoxsaylı, inzibati, mülki, cinayət işləri ilə bağlı ağır yükü cəmi 10-15 vəkil çiyinlərinə almışdı. Onlar hökumət üçün böyük başağrısına çevrildi. İndi təsəvvür edin ki, Vəkillər Kollegiyası müstəqil və demokratik qurumdur və orada 10-15 yox, 1000-1500 müstəqil və prinsipial vəkil var. Avtoritar hakimiyyət bu təhlükəni çox gözəl anlayır", - deyərək əlavə edir ki, 150 siyasi məhbus olan bir ölkədə hazırda siyasi işlərlə məşğul olan yalnız 6 hüquqşünas var.

Şifahi imtahandan keçə bilməyən vəkillərin aqibətinə gəlincə, İntiqam Əliyev deyir ki, bəziləri üçün qapılar əbədi olaraq bağlanır: “Bunlara hökuməti mətbuatda və sosial mediada tənqid edən siyasi fəal hüquqşünaslar aiddir".

Əliyev deyir ki, ikinci qrup adamlar var ki, özlərini gələcəkdə “yaxşı aparsalar”, onlara qarşı hökumət mərhəmət göstərə bilər.

Çıxılmaz vəziyyət

Kollegiyada 12-dən az müstəqil üzvünün qalması ilə Azərbaycan, qanunun aliliyi və məhkəmə sisteminin çalışmaq qabiliyyətini daha da məhv etmək yolunda irəliləyir. Ancaq bəzi beynəlxalq təşkilatlar bugünə qədər gördüklərindən razı qalıblar.

"Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar Vəkillər Kollegiyasındakı kosmetik dəyişiklikləri islahat kimi təqdim edirlər. Onları necə anladasan ki, təzə bina, hətta kollegiyaya yeni üzvlərin qəbulu islahat deyil?"- deyə Əliyev soruşur. "Feodal dövrün qaydaları ilə idarə olunan, vəkillərə danışmağın qadağan olunduğu, yaltaqlığın normaya çevrildiyi, hakimiyyətin tam nəzarəti altında olan qurumda hansısa islahatlar aparmaq mümkünsüzdür”.

Kollegiyanın yeni rəhbərliyi tərəfindən qəbul edilən etik davranış normaları haqqında danışarkən Səməd Rəhimli onun bəzi şərtlərini tənqid edir: "Hüquqşünasların əməl etməsi tələb olunan bəzi çətin öhdəliklər var. Bir vəkilin obyektiv və neytral olmalı olduğu deyilir. Bu da vəkilin mahiyyətinə ziddir. Vəkil əslində obyektiv deyil, onlar bir tərəf tutur. Anar Bağırovun, “vəkil siyasi faəliyyətdən uzaq olmalıdır, siyasətlə məşğul olmamalıdır” tipli dolayısı yolla ifadələri var. Bəzi vəkillərə təşkilatı siyasiləşdirməmək haqqında xəbərdarlıq edilib və bəzilərinə də bunu edəcəyindən şübhələndikləri üçün qəbul edilmədiyini deyiblər".

Ancaq Maran Törnerin də dediyi kimi, hökumətin müstəqil vəkillərə nə qədər təzyiq göstərməsinə baxmayaraq, hələ də Azərbaycan cəmiyyətində yüksək qiymətləndirilən və hətta hökumətin "beşinci kolon" adlandıraraq asanlıqla başından edə bilmədiyi vəkillər var. Bu çıxılmaz vəziyyətdən çıxmaq üçün xanım Turner Azərbaycan hakimiyyətinin çox can atdığı maliyyə yardımlarını təmin edən beynəlxalq maliyyə institutları ilə işləməyi təklif edir.

"Beynəlxalq maliyyə qurumları hökumətə deməlidir ki, vəkillərə hörmətlə yanaşmaq, beynəlxalq hüquq normalarına, qanunun aliliyinə və müstəqil məhkəmə sisteminə hörmət etmək deməkdir. Əgər müstəqil vəkiliniz yoxdursa, ya da onlarına sayı çox azdırsa, sizin məhkəmə sisteminiz zədələnmiş olacaqdır”, - Turner əlavə edir.

5 iyun axşamı, imtahandan təxminən bir həftə sonra Səməd Rəhimli saytda kollegiyaya qəbul edilən müraciətlərin siyahısında öz adını axtardı: "Mən təəccüblənmədim", o məyusluqla deyir: "Bu, o demək idi ki, mən qəbul edilmədim. Azərbaycan kiçik ölkədir. Mənə əvvəldən bildirilmişdi ki, şansım çox azdır".

 Mənbə: OpenDemocracy