Fazil Mustafa: Elmar Vəliyevə edilən hücum siyasi terrordur

Fazil Mustafa
Fazil Mustafa

''Çox böyük bir təhlükə siqnalı verdiyini düşünür və dövlətin prinsipial addım atmasını vacib sayıram''

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Meydan TV-nin son olaylarla bağlı suallarını cavablandırıb.

- Fazil bəy, Mingəçevirdə ikinci qəza baş verən günü Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev güllələndi. Olayı necə qiymətləndirirsiz?

- Hadisə siyasi terror mahiyyəti daşıyır. Son açıqlamalardan sonra ehtimal etmək olar ki, başqa ölkələrin yönləndirməsi ilə mümkünləşib. Çünki şəxsi zəmində, başqa motiv davranışlara verilən reaksiya olsaydı, adi kriminal hadisə kimi qiymətləndirilə bilərdi. Amma Elmar Vəliyevə edilən hücum siyasi terrordur və bunun özü də dövlət hakimiyyəti üçün böyük təhlükədir. Təəssüf ki, cəmiyyətdə bunu müəyyən mənada müsbət qarşılayanlar da olur. Ancaq olaya başqa xarici ölkələrin Azərbaycanda xaos yaratmaq planının tərkib hissəsi kimi baxılmalıdır. Təbii ki, məmurların özbaşınalığı, vətəndaşa zülm etməsi var, təhqir və başqa faktlar da kifayət qədər geniş yayılıb. Bir növ cəzasılıq mühiti də var. Ancaq buna olan reaksiya başqadır. Siyasi sifariş olaraq hansısa dini və ya digər zəmində belə motivlərlə məqsədyönlü şəkildə hadisələr törədib iğtişaş yaratmaq niyyəti başqadır. Ona görə də siyasi terror olmasını nəzərə alaraq, çox böyük bir təhlükə siqnalı verdiyini düşünür və dövlətin prinsipial addım atmasını vacib sayıram.

- Hakimiyyət nə etməlidir, məmurlara vətəndaşlarla təhqirlə yox, qanun çərçivəsində davranmağın lazım olduğunu deməlidir? Siz də Elmar Vəliyev barədə birmənalı münasibətin olmadığını bilirsiniz...

- Məmurlara deyilməməlidir. Əgər AMEA-nın Fizika İnstitutuna fizik olmayan rəhbərlik edirsə, digərlərində də bu gedişat davam edirsə, xalqla normal davranılası icra başçısı modelinə keçilməsi zəruri şərtdir. Azərbaycanda kifayət qədər mədəni, səviyyəli, sözünü bilən icra başçıları var, amma ədəb ölçülərini tamamilə itirəni də var. Ona görə xalqla işləyən, təcrübəli, səviyyəli, dürüst insanlar icra başçısı vəzifələrinə təyin olunmalıdırlar ki, yerlərdə iqtisadi durum çətin olsa da, insanlar heç olmasa məmur basqısı ilə üz-üzə qalmasınlar. Konkret fakta gəlincə, motiv bir məmurun davranışına qarşı olsaydı, bunu normal qəbul etmək olardı və reaksiyaları da anlamaq mümkün idi. Amma hər hansı dini və ya siyasi terrorun, özü də başqa ölkələr tərəfindən istiqamətləndirilən şəkildə həyata keçirilməsi, dövlət üçün böyük təhdiddir. Hüquq-mühafizə orqanları bu yöndə çox prinsipial və sərt mövqe tutaraq, bunun genişlənməməsi üçün daha ciddi addım atmalıdırlar.

- Demək istəyirsiniz ki, icra başçısına qarşı silahlı basqında dini və xarici amil rol oynayıb?

- Əlbəttə. Sonrakı açıqlamalarda burda şəxsi qisasın olmadığı aşkarlandı. Sırf dini qisas var və bu da çox təhlükəli simptomlardan biridir.

- Siz Yunis Səfərovun xanımının səsi ilə yayıldığı deyilən çıxışı nəzərdə tutursunuzsa, bunun ona məxsus olduğu hələ təsdiqlənməyib...

- Hər halda təsdiqlənməsə də, düşünülmüş formada sosial şəbəkədə böyük paylaşımlar edilir. Paylaşımların da bir ucu məlum ölkələrə gedib çıxır. Ona görə də bu kimi məsələlərdə araşdırma aparılandan sonra daha dəqiq nəsə demək olar. Kaş ki, şəxsi zəmində olan məsələ kimi təsdiqlənsin.

- Ancaq əksəriyyət məmur özbaşınalığının üzərində dayanır...

- Məmur özbaşınalığını istisna etmirəm. Yenə deyirəm, kaş, məmur özbaşınalığına atılan addım olsun. Deyək ki, bir şəxsin emosional davranışı, yaxud verdiyi cavab kimi başa düşmək olar. Amma bunun siyasi və dini zəmində baş verməsi artıq dövlətin silkələnməsidir, dövlətə qarşı ciddi siqnaldır. Dövlət burda mövqeyini sərt şəkildə ortaya qoymalıdır ki, bu cür simptomlar genişlənməsin.