İtaliya hökuməti TAP layihəsinə yenidən baxacaq

Sergio Costa
Sergio Costa Fotoqraf: Maria Laura Antonelli

''TAP layihəsinin yenidən gözdən keçirilməsi İtaliya ilə konsorsium arasında gərginlik yarada bilər''

"Enerji siyasətimizi, azalan qaz tələbatımızı nəzərə alsaq, bu gün TAP layihəsi mənasiz görünür".

İtaliya hökumətinin ətraf mühit naziri Sergio Costa belə deyib.

“Reuters”-in məlumatına görə, İtaliyanın yeni hökuməti Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP layihəsinə yenidən baxacağını bildirib.

Sergio Costa deyib ki, Trans Adriatik Pipeline (TAP) digər əsas layihələr kimi yenidən nəzərdən keçiriləcək.

“TAP layihəsinin yenidən gözdən keçirilməsi İtaliya ilə konsorsium arasında gərginlik yarada bilər”, - Reuters” yazır.

40 milyard dollar dəyərində qiymətləndirilən Cənub Qaz Dəhlizinin TAP seqmentinin dəyəri 5.3 milyard dollar civarındadır.

Konsorsiuma Britaniyanın, İtaliyanın və İspaniyanın neft-qaz sahəsində çalışan şirkətləri daxildir.

Sergio Costanın üzvü olduğu “The 5-Star” Partiyası ətraf mühitlə bağlı sərt siyasət yürüdən qüvvə kimi tanınır.

Sergio Costa əlavə edib ki, TAP-ın gələcəyi ilə bağlı hər hansı qərarı vermək üçün digər nazirlər də müzakirəyə cəlb edilə bilər.

"TAP İtaliyanın yeni hökuməti və aidiyyətli nazirliklərlə yaxından işləyəcək", TAP-ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Lisa Givert “BBC News Azərbaycanca”ya bildirib.

Onun sözlərinə görə, bu layihənin İtaliya vətəndaşları və iqtisadiyyatı üçün faydası, o cümlədən məşğulluq, gəlirlər, təbii qazın qiymətinin aşağı salınması baxımından üstünlükləri yeni hökumətə çatdırılacaq.

“TAP İtaliyaya gətirdiyi qazın, ölkənin enerji tələblərini yerinə yetirməkdə yardımçı olacağını və karbon istehsalının azaldılmasında faydalı rol oynayacağını düşünür”, - Lisa Givert deyib.

SOCAR
SOCAR

Azərbaycanı Cənub Qaz Dəhlizində təmsil edən Dövlət Neft Şirkətindən bildirilib ki, TAP konsersiumu İtaliyanın yeni hökuməti ilə danışıb layihənin icrası yollarını, "Azərbaycanı və İtaliya xalqını qane edəcək çözümlər" tapmağa çalışacaq.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, İtaliyanın yeni hökuməti özündən əvvəlki iqtidarın imzaladığı beynəlxalq müqavilələriləğv edə bilməz.

Onun fikrincə, belə olan təqdirdə, yeni hökumət iddia qaldırmalıdır ki, sələfləri ölkənin maraqlarını pozub, düzğün addım atmayıb. "Bu isə ağlabatan görünmür", - ekspert deyir.

İlham Şaban bildirir ki, mübahisə yaranarsa, konsorsium Beynəlxalq İqtisad Məhkəməsinə də müraciət edə bilər.

İlham Şaban
İlham Şaban

Onun fikrincə, İtaliya hətta TAP-dan imtina etsə də, Azərbaycan itirməyəcək:

"Çünki tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə görə, Azərbaycan qazını satıb pulunu alacaq".

Bu il mayın 29-da Azərbaycan qazı Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə - (TANAP) qaz vurulmasına başlanıb.

TANAP iyunun 12-də Əskişəhərdə istifadəyə verilməsi gözlənir.

Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihənin tərkib hissəsidir.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması nəzərdə tutulub.