Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Elmar Məmmədyarov: Paşinyanın təklifləri sülh prosesini öldürməyə yönəlib

Azər Qasımlı: ''Paşinyanın dediklərinin heç bir perspektivi yoxdur''

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın danışıqlar masasında Dağlıq Qarabağ ermənilərinin iştirak haqda bəyanatına reaksiya verib.

Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın erməni separatçılarının danışıqlarda tərəf kimi iştirak etməsi ilə bağlı istəyi sülh prosesini öldürməyə yönəlib.

E.Məmmədyarov bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə keçirdiyi görüşü zamanı müzakirə etdiyini də vurğulayıb:

“Mən həmsədirlərlə görüşdə birmənalı şəkildə qeyd etdim ki, ermənilərin belə bir istəyi sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. Bundan sonrakı danışıqlara gəlincə isə, həmsədrlər Ermənistana səfər etməlidirlər və yeni hakimiyyətlə tanış olmalıdırlar. Bundan sonra danışıqlarla bağlı yeni mərhələ müzakirə oluna bilər”.

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı nazir Elmar Məmmədyarovun reaksiyasını doğru hesab edib:

“Azərbaycanda hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq Dağlıq Qarabağ separatçılarını tərəf kimi tanımayacaq. Əslində, Dağlıq Qarabağ separatçılarının danışıqlarda olması Ermənistanın prosesdən çıxması deməkdir və bu, artıq müharibə variantının gündəmə gəlməsinə işarədir. Əgər danışıqlar ATƏT-in Minsk Qrupu formatında gedirsə, davam etdirilməlidir, əks təqdirdə, müharibə variant yüksəkdir. Minimum yaxın 5 ildə Dağlıq Qarabağ ermənilərininn tərəf, yaxud müstəqilliyinin tanınması mümkünsüzdür”.

Azər Qasımlı deyir ki, əgər Nikol Paşinyan Dağlıq Qarabağı müstəqil hesab edirsə, buyursun, müstəqilliyini tanısın. Bu addım atılsa, Azərbaycanın və beynəlxalq aləmin mövqeyinin necə olacağını, Ermənistan hakimiyyəti görəcək.

Azər Qasımlı
Azər Qasımlı

O hesab edir ki, Paşinyan sələfi Serj Sarkisyandan fərqli görünmək üçün hələ Gümrüdən Yerevana yürüş zamanı səsləndirdiyi açıqlamanı təkrarlayır.

“Amma yeni parlament seçkiləri bitəndən sonra Paşinyan Sarkisyanın mövqeyinə qayıtmaq məcburiyyətində qalacaq. Onun dediklərinin heç bir perspektivi yoxdur. Bu açıqlama danışıqları dalana dirəyir və belə gedişat Azərbaycanı problemi hərbi yolla həll etməyə sövq edir. Paşinyan özü də bunu anlayır. Ermənistanın əvvəlki prezidentləri Dağlıq Qarabağ müharibəsi üzərində hakimiyyətə gəliblər və prezidentliklərinə başlayanda münaqişə ilə bağlı fərqli mövqelər bildirsələr də, əsas xətt o idi ki, Qarabağ müstəqil olmalı, ya da Ermənistanın tərkibinə qatılmalıdır. Sonradan fikirləri dəyişdi, amma Ter-Petrposyan tamamilə fərqli mövqe sərgilədiyindən istefaya məcbur etdilər. Hazırda Paşinyan avropalıların da, öz xalqının da, Rusiyanın da gözündə fərqli görünmək istəyir və Dağlıq Qarabağın tərəf olmasını istəyir. Halbuki, bir ay əvvəl mitinqlərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda bəyanat vermişdi”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.