Kinq: mənim arzum var

Martin Lüter Kinq

Martin Lüter Kinqin apardığı mübarizədə “Vaşinqtona marş” aksiyası xüsusi yer tutur. 1963-cü il avqustun 28-də siyasi və iqtisadi azadlıqlar tələbi ilə baş tutan aksiyada 250 mindən artıq insanın iştirak etdiyi təxmin edilir. Məhz bu aksiyada Kinq özünün məşhur “Mənim arzum var” nitqini söyləyir.

“Sizdən nə gizlədim, məhrumiyyət və çətinliklərə baxmayaraq, hələ də mənim bir arzum var. Bu arzu öz kökü ilə amerikan arzusuna uzanır. Mənim arzum var ki, ölkəmiz öz ideyasının əsl qayəsini anlayıb onun təzahürünə çevriləcək. Biz qəti əminik ki, ümumi bərabərlik ideyası heç bir sübut tələb etmir. Bir arzum var ki, Corciyanın qızmar təpələrində keçmiş qul balaları ilə quldar balaları qardaşlıq süfrəsini bölüşsünlər! Arzum budur ki, hətta Missisipi ştatı, bu gün yandırıcı ədalətsizliyin və istismarın hökm sürdüyü ştat, günlərin bir günü azadlıq və ədalət vahəsinə çevrilsin!

Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, orada insanlar haqqında dərisinin rənginə görə yox, mənəvi keyfiyyətlərinə görə fikir yürütsünlər! Bu gün arzum var... Bir arzum var ki, bir gün orada, qubernatoru ştatın daxili işlərinə qarışmamaq, konqressin qanunlarını tanımamaq haqqında gen-bol danışan, qatı irqçilərin ştatı olan Alabamada ağdərili, qaradərili oğlan və qızlar bacı-qardaş kimi əl-ələ versinlər. Bu gün belə bir arzum var!...”

Vaşinqtona marş Amerika tarixində ən kütləvi siyasi aksiyalardan biri sayılır. “Mənim arzum var” nitqi isə bütün dünyada natiqliq incisi hesab edilir. Məhz bu aksiya və nitq sayəsində “Time” jurnalı Martin Lüter Kinqi 1963-cü il üzrə “İlin adamı” elan etdi.

Ehtimal olunur ki, qaradərili əhalinin hüquq bərabərliyinə tərəfdar olan prezident Kennedinin administrasiyası da marşın uğurlu alınmasına gizlində yardım etmişdi. Çünki hələ iyun ayında “Vətəndaş azadlıqları haqqında” qanun layihəsi konqresə göndərilmişdi. Aksiyanın uğurlu olması ictimai rəyi layihənin xeyrinə yönəldər, inteqrasiya əleyhdarı olan siyasətçilərin müqavimətini qırardı. Marşdan 3 ay sonra Kennedi öldürüldü, lakin bu cinayət prosesə öz məntiqi sonluğuna çatmağa mane olmadı.

1964-cü ilin yanvar ayında ABŞ Konstitusiyasına 24-cü dəyişiklik qəbul edildi. Bu dəyişikliyə əsasən, vətəndaşların vergi borcuna görə onların seçki hüququ məhdudlaşdırıla bilməzdi. Belə ki, 11 cənub ştatında seçki vergisi deyilən xüsusi vergi mövcud idi. Onu ödəmədən seçkidə iştirak etmək olmazdı. Əmlak senzi tipli bu məhdudiyyət daha çox afroamerikalıların mənafeyinə toxunurdu.

Yayda isə “Vətəndaş azadlıqları haqqında” Qanun qəbul edildi və prezident tərəfindən imzalandı. Qanuna görə, təhsildə, əmək məşğuliyyətində, ictimai yerlərdə və ya hər hansı bir sahədə seqreqasiya, diskriminasiya, bərabərsizlik federal qanunla qadağan edilirdi. Artıq ştatlar bu sahədə muxtar qanunvericiliklə çıxış edə bilməyəcəkdilər.

Konstitusiyaya 24-cü dəyişiklik və azadlıqlar haqqında qanunun qəbulu vətəndaş hüquqları uğrunda hərəkatın və şəxsən Martin Lüter Kinqin böyük uğuru idi. Buna görə də onun 1964-cü ildə Nobel sülh mükafatına layiq görülməsi təsadüfü deyildi. 35 yaşlı Kinq o dövrdə bu mükafata layiq görülən ən gənc laureat idi. Nobel Komitəsinin nümayəndəsi Yan Gunnar yeni laureatı belə təqdim etdi: “Martin Lüter Kinq beynəlxalq işlərlə məşğul olmasa da, onun mübarizəsi bütün dünyaya xidmət edir... O, Qərbdə ilk insandır ki, mübarizənin mütləq zorakılıq olmadığını sübut etdi”.

Konstitusiyaya 24-cü dəyişiklik səs hüququna görə vergi alınmasını qadağan etsə də, cənub ştatlarında qaradərili əhalinin seçki hüququnu məhdudlaşdıran başqa ciddi maneələr vardı. Bu ştatlarda seçki hüququnu qazanmaq üçün afroamerikalılar yazıb-oxumaq bacarığını, ingilis dilini və Konstitusiyanı bilmək səviyyəsini müəyyən edən sınaqlardan keçməli idilər.

Kinq və rəhbərlik etdiyi “Cənub xristianlarının rəhbərliyi konfransı” (SCLC) təşkilatı bu problemi diqqət mərkəzinə gətirmək üçün yenə Alabama ştatını seçdi. O, Selma şəhərindən ştatın paytaxtı Montqomeriyə yürüş keçirmək qərarına gəldi. Lakin qubernator Corc Uolles belə yürüşün şosedə nəqliyyatın hərəkətinə mane olacağı bəhanəsi ilə aksiyanı qadağan etdi.

Qadağaya rəğmən SCLC martın 7-də yürüşü keçirməyə cəhd göstərdi. 525 nəfərdən ibarət yürüşçülər Selma şəhərindən çıxarkən Edmund Pettus körpüsü üzərində polisin hücumuna məruz qaldı. Müdaxilə o qədər amansız oldu ki, həmin gün ABŞ-da “Qanlı bazar günü” adını aldı. Polis zərbələrindən huşsuz vəziyyətə düşmüş və qana boyanmış dinc nümayişçilərin görüntüləri Amerika ictimaiyyətini sarsıtdı.
Telekameralar qarşısında müsahibə verən Martin Lüter Kinq ölkənin bütün vicdanlı adamlarını biganə qalmamağa,

Selmaya gələrək 2 gün sonra keçiriləcək növbəti yürüşə dəstək verməyə çağırdı. Bu çağırışa cavab olaraq aralarında ağlar da olan xeyli insan Alabamaya gəldi.

Martın 9-da Kinq özünün şəxsən iştirak etdiyi yürüşü Selma kənarındakı körpüyə qədər apardı, burada qısa nitqdən sonra dağılışmalarını söylədi. Onun bu addımı bir çoxu tərəfindən isti qarşılanmadı. Lakin məsələ onda idi ki, ştat rəhbərliyinin marşa tətbiq etdikləri qadağa məhkəmə baxışına götürülmüşdü, Kinq hökmü gözləmək niyyətində idi.

İkinci marşdan sonra irqçilər nümayişçilərə dəstək vermək üçün Selmaya gəlmiş 3 ağdərili keşişi vəhşicəsinə döydülər. Onlardan biri, Bostondan gəlmiş 38 yaşlı Ceyms Rib 2 gün sonra dünyasını dəyişdi. Qanlı bazar günü ilə yanaşı Ribin ölümü ABŞ-da geniş rezonans doğurdu. Ölkənin müxtəlif yerlərində Kinq və tərəfdarları ilə həmrəylik aksiyaları keçirildi, mərkəzi hökumətdən Alabamadakı hadisələrə təcili müdaxilə tələb edildi.

Martın 15-də prezident Lindon Conson konqresin hər iki palatasının birgə iclasını keçirdi. Milli telekanallar vasitəsilə yayımlanan bu toplantıda Conson deputatlardan yeni seçki qanununun təcili hazırlanmasının və qəbulunu xahiş etdi. Həmin günlərdə məhkəmə də marşa qoyulan qadağanı qanunsuz elan etdi.

Martın 21-də başlayan üçüncü marşı təhlükəsizlik məqsədilə Alabama ştatının 1900 milli qvardiyaçısı, çoxlu FTB agenti və federal marşallar müşaiyət edirdilər. Selmadan Montqomeriyə qədər 80 kilometrlik məsafəni yürüşçülər 5 günə qət etdilər. Aksiya martın 25-də Montqomeri şəhərindəki Kapitoli binasının önündə başa çatdı.

Görülən tədbirlərə baxmayaraq, marş itkisiz ötüşmədi. Afroamerikalılara dəstək verən ağdərili Viola Liuzzo adlı qadın öz avtomobili ilə nümayişçiləri geriyə, Selmaya daşıyarkən irqçilər tərəfindən güllə ilə vurularaq öldürüldü. Lakin nə Rib, nə Liuzza, nə də digərlərinin verdiyi qurbanlar hədər olmadı.

Montqomeri marşından 5 ay sonra, avqustun 6-da prezident Conson Kinqin də iştirakı ilə təntənəli surətdə “Seçki hüquqları haqqında” Qanunu imzaladı. Qanun seçki hüquqları sahəsində ştatların muxtariyyətini minimuma endirdi. Bundan sonra yazıb-oxumaq bacarığı, ingilis dilini və Konstitusiyanı bilməməyə görə seçki hüququnun məhdudlaşdırılması federal səviyyədə qadağan edilirdi. Bununla da ABŞ-ın milyonlarla qaradərili vətəndaşı artıq kimsə tərəfindən məhdudlaşdırılmayacaq seçki hüququ qazandı.

Yeni seçki qanunu ilə Martin Lüter Kinq və SCLC təşkilatı öz hədəflərinə böyük ölçüdə çatdılar. Artıq bütün ABŞ ərazisində irqi ayrı-seçkilik rəsmən qadağan olunmuş, qaradərili əhalinin siyasi hüquqları tam tanınmışdı. Həyatının son 3 ili ərzində Martin Lüter Kinq ayrı-ayrı diskriminasiya hallarına qarşı, əmək hüquqları uğrunda, yoxsulluqla mübarizəyə diqqət ayırır.

ABŞ-ın 1965-ci ildə Vyetnama qarşı başladığı müdaxilə də Kinqin diqqət mərkəzində olan hadisələrdən idi. Müharibəyə mənfi münasibət bəsləyən Kinq ona çəkilən xərcləri yoxsulluqla mübarizəyə ayırmağı daha doğru sayırdı. Bu pasifist mövqe Martin Lüterin ABŞ siyasi dairələri, şəsxən prezident Consonla, eləcə də bir sıra mətbuat orqanları ilə münasibətlərini korladı.

1968-ci ilin fevralında Memfis şəhərinin (Tennessi ştatı) qaradərili zibildaşıyanları tətilə başladılar. Onlar iş yerlərindəki diskriminasiya hallarına – ağlara nisbətən az maaş almalarına, daha az sosial hüquqlara malik olmalarına və s. – qarşı etiraz edirdilər. Mart ayında Martin Lüter Kinq Memfisə gələrək tətilçilərlə həmrəy olduğunu nümayiş etdirdi.

Aprel ayının 3-də Kinq yenidən Memfisə qayıdır. Həmin gün o, son nitqi ilə çıxış edir. “Mən dağın zirvəsində oldum” adlanan bu nitqdə Kinq həmişə olduğu kimi dini frazeologiyadan xeyli istifadə edir.

“Hər kəs kimi mən də uzun ömür yaşamaq istərdim... Lakin indi bu haqda düşünmürəm. Tanrının iradəsini yerinə yetirmək istəyirəm. O, mənə dağa qalxmağa icazə verdi. Mən ətrafa baxdım. Vəd olunmuş torpaqları gördüm. Çox ehtimal ki, mən sizinlə birlikdə oralara çatmayım. Lakin biz xalq olaraq vəd olunmuş torpaqlara yetişəcəyik. Mən bu gün çox xoşbəxtəm! Mən heç nədən narahat deyiləm! Mən heç kimdən qorxmuram! Mənim gözlərim Tanrının əzəmətini gördü”.

Ertəsi gün, 1968-ci il aprelin 4-də, saat 18.01-də Martin Lüter Kinq qaldığı “Loreyn” otelinin ikinci mərtəbəsindəki balkonda ikən qarşı tərəfdən açılan atəşlə ölümcül yaralandı. 1 saat sonra onun ölümü rəsmən elan edildi. Kinqin qətlində şübhəli bilinən, həbsxanadan qaçmış dustaq olan Ceyms Erl Rey iki ay sonra həbs olundu və məhkəmənin hökmü ilə 99 illik həbsə məhkum edildi (1998-ci ildə vəfat etdi). Lakin bir çoxu, o cümlədən Kinqin ailəsi qatilin Rey olduğuna həmişə şübhə ilə yanaşdılar.

Kinqin ölüm xəbəri ölkədə iğtişaşlara səbəb oldu. Vaşinqton və Baltimordakı iğtişaşlar xüsusən dağıdıcı oldu. Paytaxtda 12 nəfər həlak oldu, 6 mindən artıq şəxs həbs edildi, Baltimorda isə bu rəqəm müvafiq olaraq 6 və 4500 idi. Xeyli obyektlər yandırıldı, ictimai və şəxsi mülkiyyətə milyonlarla dollar zərər vuruldu. Vaşinqtonda kütlənin Ağ evə hücumunun qarşısını almaq üçün hətta pulemyotlar gətirilımişdi. Lakin xoşbəxtlikdən bu qədər kəskin tədbirə ehtiyac olmadı.

Kinqin Atlanta şəhərində keçirilən dəfn mərasimində 300 minə qədər insan iştirak etdi. Hökuməti vitse-prezident Hubert Hamfri təmsil edirdi.

Martin Lüter Kinq cəmi 39 il yaşadı və onun 13 ilini mübarizəyə həsr etdi. Bu qısa müddət təkcə ABŞ deyil, dünya tarixində önəmli yer tutması üçün kifayət etdi. O, heç bir dövlət vəzifəsi daşımadı. Lakin ölkəsində gedən proseslərə hətta ölümündən sonra göstərdiyi təsirə görə prezidentlərin əksəriyyətini qabaqlayır.

Martin Lüter Kinq malik olduğu arzuların hamısının həyata keçməsini görmədi. Lakin öz ölkəsinin tanınmaz dərəcədə dəyişməsinə rəvac verdi. Onun ölümündən cəmi 15 il sonra, 1983-cü ildə ABŞ Konqresinin hər iki palatası “Martin Lüter Kinq günü” adlı milli bayramın təsis olunması haqqında qanun layihəsini qəbul etdi. Yeni qanuna görə, bayram yanvar ayının üçüncü bazar ertəsi qeyd olunacaq və qeyri-iş günü sayılacaqdı.

Həbsdə keçirdiyi günlərin birində Kinq “Biz niyə gözləyə bilmirik?” məqaləsini yazır. Yazı onu və təşkilatını izafi tələskənlikdə qınayan insanlara cavab idi. Kinq yazırdı: “Əgər indicə televizorda reklam edilmiş əyləncələr parkına niyə gedə bilmədiyinizi 6 yaşlı qızınıza izah edərkən diliniz dolaşırsa, nitqiniz kəsilirsə; o yerin rəngli uşaqlar üçün bağlı olduğunu söyləyərkən onun gözlərinin dolduğunu görürsünüzsə, əgər sizin arvadınıza və ananıza heç zaman hörmətlə “missis” deyə müraciət etmirlərsə, zənci olduğunuza görə növbəti anda nə baş verəcəyini bilmədən gecə və gündüz sayıqlığınızı qorumaqdan yorulmusunuzsa... o zaman gözləməyin bizim üçün niyə bu qədər çətin olduğunu anlarsınız”.

Bu gün ABŞ-da irqi ayrı-seçkilik rəsmən qadağan olunsa da, düşüncələrdən tam qalxdığını söyləyə bilmərik. Bununla belə, son 50 ildə baş verən dəyişikliklər sürət və keyfiyyət baxımından inanılmazdır. Kinqin ölümündən cəmi 40 il sonra, 2008-ci ildə ABŞ özünün ilk qaradərili prezidentini seçdi. Ölkədə afroamerikalıların sayının 15%-dən çox olmadığını nəzərə alsaq, Barak Obamanın seçicilərinin böyük əksəriyyəti ağdərililər idi.

Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqan Kinqin xatirəsinə həsr olunmuş tədbirdə çıxış edərkən deyirdi: “Avraam Linkoln qaraları azad etdi. Doktor Kinq isə böyük ölçüdə ağları azad etdi”. Doğrudan da ,Martin Lüter Kinq özünün qeyri-zorakı mübarizəsi və müstəsna natiqliyi ilə Amerikanı seqreqasiya, nifrət, bərabərsizlik kimi yaralardan xilas etdi, İstiqlal Bəyannaməsi və Konstitusiyada göstərilən hədəflərə daha da yaxınlaşmasına nail oldu.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.