Seçkilər keçirildi, ictimaiyyət gözləyir

foto Turan İA

Azərbaycanda prezident seçkiləri keçirildi – nəticələr öncədən bəlli idi. İlham Əliyev dördüncü dəfə prezident oldu. İ.Əliyevin irəlidəki addımlarının necə olacağı hələlik məlum deyil. İ.Əliyevin platforması namizədlərin debatlarında onun nümayəndəsi tərəfindən qismən təqdim edilmişdi. Gələcək inkişaf yolları barədə onun ümumi təsəvvürləri müəyyən dərəcədə aprelin 5-də TASS-a müsahibəsində ifadə edilib.

Seçki ərəfəsində dövlətin birinci şəxsinin müsahibəsi ənənəvi seçkiqabağı praktikadır, demək olar ki, ritualdır. Bir qayda olaraq, bu, ölkədə baş verən müsbət dəyişikliklərin ifadəsi, gələcəyə müəyyən baxış, keçmişin səhvlərinin dəqiq qiymətləndirilməsidir.

Prezident İlham Əliyevin Rusiyanın TASS agentliyinin rəhbərliyinə sonuncu müsahibəsi əsasən xarici aləmə müraciətdir, baxmayaraq ki, ölkənin sıravi vətəndaşı da buradan nəsə bir şey götürə bilər. Müsahibədə bir çox məsələlərə toxunulub - prezidentin şəxsi həyatından başlamış iqtisadiyyatın şaxələndirilməsinə, siyasi islahatlardan başlamış ölkənin xarici siyasətinə, demoqrafiya problemindən idmanın inkişafına qədər.

Müsahibənin seçkiqabağı xarakteri öz qaydalarını diqtə edib və bu, əsasən müsbət məqamlara yönəlib. İstənilən vətəndaş prezidentin bu sözlərinin altına imza ata bilər ki, indi Azərbaycanı dünyada daha çox və yaxşı tanıyırlar, nəinki on-on beş il öncə. Prezident xarici aləmə müraciət edərək millətin nailiyyətləri, onun yumor hissi, tolerantlığı, qonaqpərvərliyi barədə danışır. O, çoxkonfessionallıq və çoxmillətliliyin fəal müdafiəçisidir və bunu ölkənin real sərvəti adlandırıb.

Praktiki olaraq hər bir vətəndaş prezidentin bu bəyanatı ilə razılaşa bilər ki, dövlətin fəaliyyətinin əsas istiqaməti "tam iqtisadi müstəqilliyin təminatıdır ki, bu da siyasi müstəqilliyin əsasıdır". Ancaq bu, müstəqil siyasətin yürüdülməsi üçün bütün problemləri minimallaşdırmağa çalışan İlham Əliyevin şəxsi siyasi dəsti-xəttidir.

Prezident ölkənin beynəlxalq nüfuzunu qaldırmasından həvəslə danışır. Azərbaycan Qərb və Şərq arasında körpü olmaq üçün böyük səylər göstərir. Artıq uzun illərdir ki, Bakıda ard-arda sivilizasiyalar arasında dialoqun təminatına yönələn miqyaslı beynəlxalq humanitar forumlar, böyük idman tədbirləri- birinci Avropa olimpiadası, birinci İslam Oyunları, Dünya çempionatları keçirilir. Ölkəni daha çox tanıyırlar.

BAŞQA ÖLKƏLƏRƏ İSMARICLAR. İstənilən müsahibə kiməsə ismarıcdır. İsmarıcın birinci adresatı təyinat üzrə Rusiyadır ki, prezident onu "strateji tərəfdaşı" adlandırır. O, prezident Putinlə etibarlı münasibətlərdən danışır, heç bir mövzu ilə bağlı tabunun olmadığını deyir, Azərbaycanda fəaliyyət göstərən 300 rus məktəbindən, hətta Rusiyanın böyük ali məktəblərindən ikisinin filiallarından, birgə regional layihələrdən bəhs edir. Bu, şimal qonşumuzun gücünün etirafıdır və eyni zamanda onunla effektiv əlaqələrin axtarışıdır.

Cavabların digər qismi Qərbə ünvanlanıb və demokratiyaya aiddir. Prezident deyir: "Mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan İnternetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir".

Qərb Azərbaycanda demokratiyanın səviyyəsi barədə yaxşı xəbərdardır, ancaq bu, ismarıcdır - biz Qərb dəyərlərindən imtina etmirik.

Azərbaycanın mövqeyini açıqlayan prezident deyir ki, ölkənin milli maraqları ondan ibarətdir ki, bütün ölkələrlə münasibətləri yaxşı olsun.

"Lakin bu, hansısa birtərəfli güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir. Məncə, bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur", - dövlət başçısı qeyd edib.

Prezident Azərbaycanın xarici siyasətini qonşularla praqmatik siyasətin nəticəsi hesab edir. Azərbaycan həqiqətən regional, nəqliyyat infrastrukturuna böyük yatırımlar qoyur. "Bu regionda baş verən bütün hadisələr istər-istəməz bizə müəyyən dərəcədə təsir edir. Buna görə də biz çalışmalıyıq ki, özümüz üçün riskləri beynəlxalq əməkdaşlıq vasitəsilə minimuma endirək", - o vurğulayıb.

Prezident, şübhəsiz ki, Xəzərin statusuna dair danışıqlardan məlumatlıdır. Ancaq bu məsələnin geosiyasi baxımdan kəskinliyindən uzaq durur: "Məncə, Xəzər dənizinin hüquqi statusunun qəti müəyyən edilməsi məsələsində əhəmiyyətli fakt odur ki, biz düzgün istiqamətdə irəliləyirik. Bununla bərabər, qeyd etməliyəm ki, Xəzər dənizinin statusunun tənzimlənməmiş qalması məsələsi Xəzəryanı dövlətlərin əməkdaşlığının istər çoxtərəfli, istərsə də ikitərəfli formatına əsla təsir göstərmir".

Müsahibənin mühüm hissəsi Qarabağ münaqişəsinə aiddir. O, Ermənistanı mövcud status-kvo ətrafındakı danışıqlar prosesini imitasiya etməkdə və daima dairə boyunca hərəkət etməkdə ittiham edib. O bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münaqişənin mərhələli tənzimlənməsində birinci addım olmalıdır.

Və bu, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməlidir. Prezident yeni müdafiə sənayesindən, Azərbaycanın hətta hərbi məhsulların ixracatçısına çevrilməsindən, Azərbaycan ordusunun döyüş qabiliyyətindən danışarkən ilk növbədə Ermənistanın özünə, sülhməramlı prosesdə iştirak edən ölkələrə müraciət edir.

Prezident ölkədə iqtisadi vəziyyətdən olduqca ətraflı danışır: diversifikasiyadan, işsizliyə və yoxsulluğa qalib gəlməkdən, ölkənin maliyyə dayanıqlığından. O, ölkənin reytinqlərdə yaxşı yerlərdə olduğunu qeyd edir. Azərbaycan global rəqabət qabiliyyəti indeksi, iqtisadiyyatın inklüzivliyi indeksi üzrə inkişaf etmiş ölkələr arasında üçüncü yeri tutur. Burada maraqlı keçidlər də var. İ.Əliyev deyir ki, son 15 ildə 1,4 mln. iş yeri açılıb, ancaq bu illərdə Azərbaycan əhalisi 1,5 mln. nəfər artıb. Odur ki, o güman edir ki, bizim iqtisadiyyat daim demoqrafiyanı qabaqlamalıdır. Bu isə o deməkdir ki, iqtisadiyyatda daim artım olmalıdır.

Qlobal rəqabət şəraitində investisiyaların cəlb edilməsi üçün dövlətin birinci şəxsinin istənilən müsahibəsi ölkənin biznes üçün cəlbedici olduğunu göstərmək cəhdidir. O cümlədən ölkənin tanınması yolu ilə. Ancaq istənilən ölkədə investoru ilk növbədə biznesin təhlükəsizliyinin dərəcəsi, vergi mühiti, iqtisadiyyatda sağlam rəqabət maraqlandırır.

ÖLKƏ VƏTƏNDAŞLARI MÜSAHİBƏDƏ NƏLƏRİ "OXUYA" BİLƏRDİ?

Çoxdan məlumdur ki, prezident yerli KİV-lərə müsahibə verməyi xoşlamır. Bu, çox qəribədir. Çünki prezidentin siyasəti ilk növbədə onun öz xalqına açıq olmalıdır. Əlbəttə, prezident ölkənin regionlarına çox gedir. Ancaq bir qayda olaraq, bu ünsiyyət İcra Hakimiyyətinin rəhbəri ilə konkret səbəblərlə bağlı olur. Çox zaman orada aqrar sektorda və ya infrastrukturun yaradılması ilə yaranan iqtisadi problemlər həll olunur.

Prezident deyir ki, populizm və xalqla dialoqu qarışdırmaq olmaq. Ancaq biz ekspertlər bu gün xalq ilə fundamental və açıq dialoqdan danışırıq ki, burada yeni ideyalar ortaya çıxa bilər. Putinin Federal Məclisə illik müraciətini, onun birbaşa televiziya efirində xalq ilə bir neçə saat davam edən ünsiyyətini yada salmaq olar. Orada da hakimiyyətin tənqidçiləri populizmdən danışırlar. Bəlkə də cəmiyyətlə aktiv dialoqun nəticəsində Ümumrusiya Xalq Cəbhəsi - hakim Yedinaya Rossiya Partiyasına alternativ kimi çıxış edən vətəndaş təşkilatı yaradılıb.

Prezident hesab edir ki, "daxili inkişafla bağlı məsələlərdə heç bir çətinlik olmayıb və olmayacaq". O güman edir ki, ölkə və vətəndaşlar üçün real risklər yalnız regional vəziyyətdən irəli gəlir.

Bununla razılaşmaq çətindir. Əvvəlki beş il İlham Əliyev üçün asan olmayıb. Ölkə vətəndaşlarının əksəriyyətinin həyatı pisləşib. Müsahibədə 2015-ci ildə başlayan iqtisadi böhran haqda heç bir söhbət getmir.

Bizdə ölkəni bürüyən iqtisadi böhrandan danışmaq xoş deyil. Bunu xarici vəziyyətlə əlaqələndirirlər. Ancaq bu, gözlənilən idi. Böhran tədricən iqtisadiyyatın öz içində başlamışdı - korrupsiyanın, inhisarın artması, rəqabətin sıxışdırılması ilə. Ölkənin böhrana qarşı immuniteti öldürülüb. Demək olmaz ki, hökumət bununla mübarizə aparmayıb, ancaq belə hallar ölkədə demək olar ki, bütün münasibətlər sistemini əhatə edir.

Prezident hesab edir ki, Azərbaycanda sosial-iqtisadi yöndə, infrastrukturun inkişafı baxımından çox işlər görülür. Və hər şey dövlət proqramlarında əksini tapmış plan üzrə həyata keçirilir. Ancaq özü də etiraf edir ki, "ictimai nəzarət yetərincə olmayanda pozuntulara yol açılır və nəzərdə tutulan planların gecikməsinə səbəb olur".

Bəzən söylənməyənlər ucadan söylənənlərdən daha vacibdir. Gəlin, belə məqamlara toxunaq. Demokratik sahə çox daralıb. Müxalifətin fəaliyyəti "Məhsul" stadionunun tutumu qədərdir. Ölkədə ancaq bir partiya var - hakim Yeni Azərbaycan Partiyası. Hakimiyyətə loyal olmamaqda şübhəli bilinən QHT-lər və KİV-lərə təzyiq göstərilir.

Müxalifət hər yerdə hakimiyyətdə qıcıq yaradır. Ancaq heç bir yerdə onu mövcud kimi təqdim etmirlər. Müsahibədə müxalifətlə bağlı bir kəlmə də yoxdur. Sanki müxalifət, ümumiyyətlə, yoxdur: nə liberal, nə radikal, nə kortəbii. İstənilən hakimiyyət müxalifətin təzyiqi olmadan durğunluğa düçar olur. Bəzən o, istəyərək və ya istəməyərək sabitliyi poza bilər. Ancaq məhz sağlam müxalifət siyasi sistemi böyük səhvlər riskindən - siyasi və iqtisadi səhvlərdən sığortlayır.

Prezident xaricə gedən müxalifətçilərin uzaq və yaxın qohumlarının həbsindən xəbərdar olmalıdır. Ən azı müsahibədə haqqında danışılan mənəvi köklər səbəbindən bu, yolverilməz praktikadır.

Əgər azərbaycanlılar gerçəkdən tolerant xalq isə öz siyasi opponentlərinə nədən belə tolerantlıq göstərilməsin? Tolerant olan güclü olmalıdır. Bu, bizim xalqın dini ənənələrində əksini tapıb. Opponentlərindən qisas almaq ondan imtina etmək deməkdir. Top hakimiyyətin tərəfindədir.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur.

"Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib", - müsahibədə deyilir.
Qeyd etmək lazımdır ki, bu respublikanın mənbəyi xalqdır. Prezident Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqının olmasından qürur hissi duyduğunu bildirib. Bu müsahibədə deyil, ancaq bundan öncəki nitqində prezident cümhuriyyətin banilərini Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bilməməkdə qınayıb. Halbuki, o illərdə Rusiyanın imperiyasına düşən ölkələrin heç biri öz müstəqilliyini qoruya bilməmişdi. Azərbaycan da respublika olaraq SSRİ-yə daxil edilmişdi və oradan müstəqil ölkə kimi ona görə çıxa bildi ki, nə zamansa müstəqil olmuşdu.

"Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər", - prezident vurğulayıb. Ölkə ilə bəlkə də, ancaq demokratiyanın səviyyəsi ilə çətin ki.

Məlumdur ki, iqtisadi rəqabəti siyasi rəqabət olmadan genişləndirmək mümkün deyil. Siyasi monopoliya isə iqtisadi monopoliyadan da təhlükəlidir. Məmurların özbaşınalığı ilə mübarizənin uğursuz olmasının etirafı ictimai nəzarət ideyasının irəli sürülməsinə səbəb oldu. Ölkədə idarələrin və strukturların əksəriyyətində Apellyasiya şuraları yaradılıb.

"Düşünürəm ki, qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. İctimai nəzarət məhz bundan ötrü lazımdır", - İ.Əliyev vurğulayıb.

Əgər məhkəmələrin fəaliyyəti nizama salınarsa, onların hakimiyyətin istənilən qolundan asılı olmaması təmin edilərsə, o cümlədən e-hökumət kimi novasiyalar işlək olarsa ictimai nəzarət nəyə lazımdır?

RƏY ƏVƏZİNƏ. Prezidentdən hobbisi haqda soruşanda belə deyib: "İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır".

O, yeni müddətə seçilmiş prezident olmaq istəyir və olacaq. Buna demək olar ki, hamı əmindir. Seçkiləri boykota çağırışlar isə siyasi jestdən başqa bir şey deyil. Bu, Azərbaycan reallığıdır. Sabah isə sükut günüdür.

Belə olan şəraitdə onun gələcəklə bağlı vədləri daha vacibdir. Prezidentdən millətin gələcəyi olan gənclər haqda soruşanda o, gənclərin mənəvi köklərə bağlı olmasının vacibliyini qeyd edib: "Gənclik müdafiə olunmalıdır. Lakin o, özü kənar təsirlərdən müdafiə olunmalıdır". "Gəncliyi kənar mənfi təsirdən qorumaq, mənim fikrimcə, bizim ideoloji işimizin başlıca istiqamətlərindən biridir", - o vurğulayıb.

Bu, radikal islam qruplaşmalarına qarşı mübarizə kontekstində deyilib. Gənclərin digər funksiyası -enerjili və yenilikçi olmaq - daha vacibdir. Onu müdafiə etmək yox, ona yeni perspektivlər açmaq, kreativliyinin rəhni olan azadlığını qorumaq lazımdır.

"Biz siyasi islahatların səviyyəsini və nailiyyətləri çox ciddi qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin 26 ilində mümkün olan hər şey edilib. Bizim tarix, Azərbaycanın gənc, müstəqil dövlət olaraq yaradılması, coğtafi mövqe, bizim regionda mövcud və mümkün risklər nəzərə alınmaqla". Bu, yalnız artıq baş verənlərin natamam izahıdır. Ölkəyə böyük pulların daxil olduğu vaxtda korrupsiyanın tüğyan etməsinin şahidi olan sıravi vətəndaşlar çətin ki bununla razılaşsınlar. 15 il ərzində ölkəyə qoyulan 230 mlrd. dollar sərmayə daha böyük effekt verə bilərdi.

Buna görə də prezident siyasi islahatlardan tez-tez danışır. Ancaq bunun altında nəyin nəzərdə tutulduğunu söyləmək çətindir. Ancaq bu islahatlar dərin olmalıdır, növbəti dəfə səthi yox. Bizə isə səbrimizi toplayıb inauqurasiyadan sonrakı günü gözləmək qalır.