Müşahidəçilər qaydaların pozulduğunu deyir

25 saylı Nizami 2-ci seçki dairəsinin müşahidəçisi Vüsal Vəliyev məntəqədə müşahidəçilərin telefonlarının əlindən alındığını deyir:

“Yəqin gördüyümüz qayda pozuntularını lentə almağımızdan çəkinirlər. Düzdür, baş verən bütün qayda pozuntularına nəzarət etmək olmur. Onlar çox, biz təkik. Üstəlik, mən buna cavabdeh deyiləm. Müşahidə vaxtı məntəqə sədri telefondan istifadə etməyə qadağa qoyur. Deyir, telefondan istifadə etmək olmaz. Təbii, mən istifadə etməyə çalışırdım. Hətta bəzi müşahidəçilər seçki başlamamış telefonlarının toplandığını da deyirdilər. Mən telefonumun əlimdən alınmasına etiraz edəndə tək məntəqə sədri yox, digər müşahidəçilər də etiraz edirdi. Maraqlısı budur. Deyirlər, niyə provakasiya yaratmağa çalışırsan? Telefonu ver və heç kimə müsahibə vermə. Təbii ki, bu, psixoloji basqıdır, narahatçılıq yaratmaq üçün edirlər. Hətta məntəqədən getməyimizi istəyirlər”.

Seçki komissiyasının xanım üzvü də müşahidəçiyə bildirir ki, telefondan istifadə etmək istəyirsinizsə, çölə çıxın: “Məntəqə daxilində telefonla məşğul olmayın”.

Müşahidəçi bu qadağanın haradan gəldiyini, varsa sənəd göstərməsini xahiş etsə də, xanım ona fikir vermədən, işini görür.

28 saylı Sabunçu üçüncü seçki dairəsinin 25 saylı məntəqəsində müşahidə aparan Azər Hümbətov isə məntəqə sədrinə gördüyü qanun, seçki pozuntusu barədə məlumat verir. Açıq-aşkar pozuntuya yol verildiyini söyləyir. Məntəqə sədri onu dinləmədən üzünü çevirib gedir. Jurnalistə isə çəkiliş aparmamasını tapşırır.

“Burada 3 seçki məntəqəsi var. Eyni adamlar hər məntəqədə ayrı-ayrılıqda girib səs verirlər. Bu, qayda pozuntusudur. Bir şeyin də şahidi oldum. Qapının ağzında bir nəfər oturub. Seçicilər məntəqəyə girəndə həmin şəxs onlara təlimat verir: “Filan yerə gedin, yuxarı qalxın, sağa dönün” və s. Gördüyüm pozuntularla bağlı sədrə müraciət etdim. Mənə “qarışma, boş ver” dedi. Səhər saat 7-dən buradayam. Xeyli qayda pozuntusuna şahidlik etmişəm” – deyə, Azər Hümbətov bildirir.