Ramiz Mehdiyev və Mehriban Əliyeva
Ramiz Mehdiyev və Mehriban Əliyeva Fotoqraf: Report

''Hakimiyyətdə iki komandanın olması barəsində deyilənlər illüziyadır''

Deputatlar hakimiyyətdə monolit komandanın olması qənaətindədirlər

“Hakimiyyətin obrazında iki komanda görmürəm. Açığı burada iki komanda barəsində deyilənlər illüziyadır. Vahid komanda var və o komanda da ölkə prezidenti tərəfindən idarə olunur”.

Bunu Meydan TV-yə millət vəkili Fazil Mustafa hakimiyyət daxilində iki siyasi komandanın olduğu barədə iddialara münasibət bildirərkən deyib.

Fazil Mustafa
Fazil Mustafa.

Fəaliyyəti dayandırılmış “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı müsahibəsində deyib ki, Mehriban Əliyeva islahatçıdır və onun köhnə komandanı dəyişmək fikri var: 

“Mehriban Əliyeva öz komandasına bir qayda olaraq rüşvətə meyli olmayan, ağıllı, bacarıqlı və istedadlı gəncləri, şəxsləri seçir. Bu da onun başlıca uğurudur”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin fikrincə, yeni komandanın formalaşması zəruridir:

“Qarşıdan prezident seçkiləri gəlir. Düşünürəm ki, o seçkilərə yeni layihələr, addımlarla getmək olar. Bu da normaldır. Əks halda proseslər kifayət qədər çətin ola bilər. Məndə olan məlumatlara görə, bu ilin sonlarına qədər iqtidar komandasında dəyişikliklər olacaq. Amma komanda daxili problemlər var və buna ciddi müqavimət göstərilir".

Fazil Mustafa isə deyir ki, ümumiyyətlə, hər hansı ikili komanda təəssüratı yoxdur:

“Prezident istədiyi adamı vəzifəyə təyin edə bilir və hər hansı bir qurumda hansısa bir fəaliyyətin gerçəkləşməsinə özü nəzarət edir. İndi hakimiyyətdə müəyyən fiqurların bu və ya digər dərəcədə proseslərə təsir imkanları var. Bu, kimdəsə daha çoxdur, kimdəsə daha da az. Amma bu, vahid komandadır və vahid mənbədən də idarə olunur”.

Onun sözlərinə görə, gənc kadr məsələsi Azərbaycan cəmiyyətində tez-tez səslənsə də, bütövlükdə bir çox məqamda komsomol məktəbi keçmiş kadrların iş əmsalı heç də digər kadrlardan geridə qalan səviyyədə deyil:

“Çünki önə çəkilən gənc kadrların cəmiyyətdə xüsusi bir özünü təqdim etməyi, hansısa islahatların memarı kimi fərqlənmək imkanları görülmür. Ola bilər ki, komandanın xüsusiyyəti budur- kiminsə qabarıq olaraq ortaya çıxması nəzərdə tutulmur. Amma bütövlükdə həm yaşlıların, həm də gənclərin içində imici müsbət və mənfi olanlar da var. Ona görə mən hakimiyyətin gənclik və mühafizəkarlarla bağlı bölgüsünü doğru qəbul eləmirəm”.

Deputat Fuad Muradov deyir ki, Azərbaycan hakimiyyəti ulu öndər Heydər Əliyevin siyasətini davam etdirir və bu gün Azərbaycan hakimiyyətində heç bir fikir ayrılığı yoxdur:

“Cənab prezidentə xalq tərəfindən böyük ehtiram göstərilir. Biz hər birimiz öz işimizlə məşğuluq. Ona görə də, bu söz-söhbətlərin heç bir əsası yoxdur. Monolit bir komanda var, komandanın iqtisadi, sosial bloku var, mədəniyyət, gənclər istiqamətləri var. Mən uzun müddətdir gənclər və idman istiqamətində çalışıram. Tam əmin ola bilərsiniz ki, belə bir yanaşma yoxdur və fikirlər tamamilə əsassızdır”.

Vahid Əhmədov
Vahid Əhmədov.

Millət vəkili Vahid Əhmədov da hesab edir ki, bütün islahatların başında ölkə başçısı dayanır:

“Qalanlar da onun rəhbərliyi altında bu islahatları həyata keçirirlər. Bu islahatlar da 2017-ci ildə aktivləşdi və nəticələri göz qabağındadır. Bu işlərə kiminsə müdaxiləsinin olduğunu hesab eləmirəm. Əsas dövlət başçımızın iradəsi var, bu islahatları da o həyata keçirir”.