Bakıda “EXPO 2025”?

Mehriban Əliyeva və Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes, https://bakuexpo2025.com

Bu yaz Bakı, Osaka və Yekaterinburqla “Ümumdünya Sərgisi 2025”-ə evsahibliyi etmək üçün mübarizə aparacaq. Böyükmiqyaslı tikinti və sərmayə qoyuluşu tələb edən, eyni zamanda dəyəri milyardlarla ölçülən, 6 ay davam edəcək tədbir üçün Bakı niyə ideal məkan olduğunu nümayiş etdirməyə çalışacaq. Bu ərəfədə Meydan TV olaraq “EXPO 2025”-in nə olduğu və Bakı zəfər əldə edəcəyi təqdirdə bunun Azərbaycana təsirləri ilə bağlı araşdırma aparmaq qərarına gəldik.

EXPO

170 ölkənin üzv olduğu “Ümumdünya sərgisi” hökumətlərarası təşkilat olan Beynəlxalq Sərgilər Bürosu tərəfindən təşkil olunur. (Azərbaycan 2008-ci ildən üzvdür). “Ümumdünya sərgisi” hər beş ildən bir üzv ölkələr arasından səsçoxluğu ilə seçilən ölkədə keçirilir. Məsələn, belə Expo sərgilərdən biri 2010-cu il Şanxayda, 2015-ci ildə Milanda baş tutub, növbəti tədbir 2020-ci ildə Dubayda keçiriləcək.

Başlanğıcda öndə olan şəhərlərdən biri Paris, bu yaxınlarda maliyyə məsələlərinə görə sərgiyə namizədliyini geri götürüb. Çox sayda insanın verdiyi proqnozlara görə, Osaka bu sərgiyə evsahibliyi edəcək şəhərlərdən biri olacaq, amma hər an hər şey baş verə bilər. Bu il baş tutacaq qiymətləndirmə prosesindən sonra Beynəlxalq Sərgilər Bürosu səsvermə üçün noyabrda toplaşacaq. Hazırda Bakı “Ümumdünya sərgisi 2025”-ə evsahibliyi etmək üçün Yaponiya və Rusiya ilə mübarizə aparır.

www.bie-paris.org
www.bie-paris.org.

Son illərdə Bakı bir sıra beynəlxalq yarışlar, əsasən də idman yarışları təşkil edən məkan kimi fəaliyyət göstərir. Bu siyahıya Avropa Oyunları, “Formula 1” və 2012-ci ildə təşkil olunan “Eurovision” yarışmasını daxil etmək olar. Amma “EXPO” digərlərinə bənzər yarışma deyil, çünki yarışın qaydaları və seçimi asanlıqla müəyyən edilmir.

 Beynəlxalq Sərgilər Bürosunun saytında təşkil olunan tədbirlərin mahiyyəti belə izah edilir:

"EXPO ictimaiyyəti maarifləndirmək, yenilikləri bölüşmək, inkişafı təşviq etmək və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyən qlobal tədbirdir. Tədbirə ev sahibliyi edən ölkə digər ölkələr, şirkətlər, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti və ictimaiyyəti iştirak etməyə dəvət edir. Tədbir iştirakçılarının müxtəlifliyinə görə, yüksək qərar qəbul edənlərdən uşaqlara qədər, eksklüziv eksponatlar, diplomatik və işgüzar görüşlər, ictimai müzakirələr, həmçinin canlı nümayişlər təklif edir".

Saytı oxumağa davam etdikdə, orada bir-birindən iddialı olan təşkilatın əlavə məqsədlərini də tapa bilərsiniz. “Ümumdünya sərgisi”, "zamanın universal çağırışlarını həll etmək üçün müzakirə platformaları halına gəlib", ixtisaslaşmış ekspozisiyalar isə "bəşəriyyətin dəqiq çağırışlarını həll etməyə həsr olunmuş qlobal tədbirlər"-dir. Bu təriflərin zehni görüntüsü bir az ləkəli də olsa, bir şey aydındır: Bu, “Formula 1” deyil.

Bir dəfə ziyarət etməklə, sərgilərin konsepsiyası insana dərhal aydın olur. 2017-ci ildə Astanada keçirilən “EXPO 2017”-də Azərbaycan pavilyonu “ölkənin zəngin tarixi dəyərlərini, Qobustanın qaya rəsmlərini, qədim və yeni Bakı arxitekturasının şah əsərlərini” nümayiş etdirib. Ənənəvi və alternativ enerji mənbələri haqqında məlumatları olan pavilyonun başqa bir sahəsinə baxmayaraq, ümumi təəssüratdan bunun turizm reklamı olduğu bəlli idi, ya da bu BİE-nin saytında yazıldığı kimi, “milli marka və inkişaf üçün bir vasitədir”.

“EXPO 2017 ASTANA” YouTube kanalından

Kampaniya

“Ümumdünya sərgisi”ni keçirməyi arzulayan hər bir şəhər ilk olaraq sərgi üçün mövzu və məkanı təklif etməlidir. Yaponiyanın Osaka şəhəri “Gələcək həyatımız üçün cəmiyyətin yaradılması” mövzusu ilə daha da inkişaf üçün Yumeşima adasında keçirməyi təklif edib. Həmçinin, Yekaterinburq “Dünyanı dəyişmək: İnnovasiyalar və gələcək nəsillər üçün yaxşı həyat” mövzusu ilə seçilib. Sərgi üçün məkan şəhərin mərkəzindən 3 km aralıqda olan Ural dağlarında tikiləcək.

Bakının təklifi isə 2017-ci ilin May ayında Beynəlxalq Sərgilər Bürosunun 161-ci Assambleyasında Azərbaycanın Fransadakı keçmiş səfiri Elçin Əmirbəyov tərəfindən təqdim olunub. Bakı “İnsan kapitalını inkifaş etdirmək, daha yaxşı gələcək qurmaq” mövzusu altında insana xas sərhədsiz bilik və bacarıqların kəşfi və sivil rifahı üçün daha yaxşı tətbiqi yollarının təhlili baxımından əlvərişli imkan olacağını diqqətə çatdırmağa çalışacaq. Sərgi üçün nəzərdə tutulan 250 hektar sahəni əhatə edəcək ərazi Bakının şərq hissəsində, Abşeron yarımadasında yerləşir. Məkanın dizaynı milli xalçaların həndəsi naxışları ilə bəzədiləcək, ərazinin mərkəzində yerləşəcək əsas bina-Azərbaycan Milli Pavilyonu-park və ərazinini gəzən qonaqlar üçün əsas ziyarət məkanı olacaq, hansı ki bu park “EXPO” bitən zaman rahat formada təbii parka çevrilə biləcək. Tədbirin mayın 10-dan noyabrın 10-na qədər keçirilməsi planlaşdırılır.

“Expo 2025 Azerbaijan Baku” YouTube kanalından

Bu ərəfədə təqdim olunan təklif layihələrinin qiymətləndirilməsi keçirilir. Bu yaz Beynəlxalq Sərgilər Bürosunun nümayəndələri Azərbaycanda təklif olunan sahənin uyğunluğu, layihənin maliyyə cəhətdən həyata keçirilməsi, ətraf mühitə təsiri və ictimai dəstək kimi meyarlara uyğun olub-olmamasını qiymətləndirmək üçün Bakıya gələcəklər. Büronun katibliyindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, təklif olunan sərgiyə dair xüsusi maraq qrupları və vətəndaşların münasibəti nəzərə alınacaq. Təşkilatçılar sərgi üçün büdcə təkliflərini dərc etməsələr, o zaman Büro “Müxtəlif maliyyələşdirmə vasitələri və gözlənilən maliyyə nəticələri”ni gözdən keçirəcək.

Azərbaycan bu kampaniyaya noyabrın əvvəli Birinci vitse-prezident Mehriban Əliyevanın Parisdə keçirilən qəbul görüşündəki çıxışından başlayıb. Mehriban Əliyevanın sözlərinə görə, Azərbaycan bu universal platformaya evsahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Onun sözlərinə görə, Azərbaycan sərgi məkanının yaradılmasına və istismarına "bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırdır". Eyni zamanda, əgər Beynəlxalq Sərgilər Bürosu Bakını “EXPO 2025” üçün məkan kimi seçsə, “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaq”.

Yanvarın 24-ü, Fransada Azərbaycanın keçmiş səfiri və Bakı “EXPO 2025”-in rəhbəri Elçin Əmirbəyov Davosda keçirilən “Dünya İqtisadi Forumu”-da Bakının namizədliyini yenidən təqdim edib. Eyni zamanda, Azərbaycan diplomatları, xarici işlər Naziri də daxil olmaqla Xorvatiyanın prezidenti, Türkiyə, İran, Pakistan, Finlandiya və digərlərinə Bakının “Ümumdünya sərgisi”nə namizəd olması ilə bağlı xüsusi təqdimat ediblər. Həmçinin, “Ümumdünya sərgisi”nə evsahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı Azərbaycan diplomatları akkreditə olunmuş diplomatik korpus nümayəndələrinə lobbiçilik səylərini artırmaq məqsədilə təqdimat mərasimi keçiriblər.

Xarici İşlər Nazirliyinin göstərdiyi bütün səylərə baxmayaraq Azərbaycan digərləri üçün elə də güclü rəqib deyil. Güclü namizədlərdən olan Paris keçən il 3.5 milyard avro büdcə təklif edərək lobbiçilik kampaniyasına başlayıb. 2017-ci ilin noyabrında Fransa 70 ölkədən 100 gənci Parisə beş gün boyunda Fransanın Dünya EXPO sərgisinin rəsmi səfirləri təyin etmək üçün gətirib. Dünya Ticarət Təşkilatının keşmiş rəhbəri Paskal Lami, Şri Lanka, Banqladeş, Qətər və digər ölkələrə səfər edərək Fransanın namizədliyini təqdim edib. Bütün bunlara baxmayaraq, Fransa mətbuatının yanvarın 21-i yazdığı məlumatlara görə, Baş nazir Eduard Filip EXPO Komitəsinə məktub yazaraq Parisin nümayəndəliyini geri çəkməsi barədə məlumatlandırıb. Komitənin rəhbəri isə nazirin bu qərarını “twitter”dən öyrəndiyini deyib və atılan addımı “qorxaqlıq” və “laqeydlik” adlandırıb. Fransanın namizədliyini bərpa etmək uğrunda işlər davam etsə də, Fransanın namizədliyini geri götürməsi fakt olaraq qalır.

Osaka, Parisin namizədliyini geri götürəndən sonra sevimli məkanlardan birinə çevrilib. Kansai İqtisadi Federasiyası (Osaka Yaponiyanın Kansai rayonunun hissəsidir) BSB-in məmləkətində üzv dövlətlərlə lobbiləşdirmə siyasəti aparmaq üçün Parisdə ofis açmağı planlaşdırır və Osaka qubernatoru ümid edir ki, Yaponiyanın korporasiyaları Afrika ölkələrindən onlara 49 səs qazandıracaq. Həmçinin, noyabrın 29-u Yaponiyanın xarici işlər naziri məşhur cizgi film qəhrəmanları Pikaçu və Hello Kitini Osakanın rəsmi Expo səfirləri təyin edib.

Yaponiyanın xarici işlər naziri Taro Kononun rəsmi “Twitter” hesabından
Yaponiyanın xarici işlər naziri Taro Kononun rəsmi “Twitter” hesabından.

Yekaterinburqun da Bakı kimi qalib gəlməyəcəyi ehtimalı yüksəkdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putin Rusiyanın xarici tərəfdaşları ilə Rusiyanın namizədliyi barədə apardığı söhbətlərə baxmayaraq, keçirilən kampaniya Osaka ilə eyni miqyasda deyil.

Baxmayaraq ki, Bakının qalib gəlmə şansı çox azdır, amma hər şey baş verə bilər. Məsələn, Osaka rahat formada Parisin etdiyi kimi namizədliyini geri çəkə bilərdi. Bakı “Ümumdünya sərgisi”ni keçirməyə nail ola bilməsə də, “İxtisaslaşmış EXPO sərgisi”-nin keçirilmə məsələsi də var. Bakı əhalisi isə bunu dəqiq bilmək üçün hələ noyabra qədər gözləməlidirlər.

Qalib ölkə səsçoxluğu ilə noyabrın 15-i BİE-nin Baş Assambleyasında üzv ölkələrinin səsverməsi ilə seçiləcək.

“EXPO 2015 Bakı”

2025-ci ilə hələ bir xeyli vaxt qalmasına baxmayaraq, Azərbaycan xalqı hazırda namizədlərin qiymətləndirmə mərhələsində EXPO-nun keçirilməsi ehtimalını nəzərə almalıdır. Sərgilər Bürosunun dediyi kimi, sərgi haqqında xüsusi maraq qrupları və insanların fikirləri nəzərə alınacaq. Bu isə o deməkdir ki, ictimaiyyət sərgi barədə məlumatlandırılmalı və vətəndaş cəmiyyətindən xüsusi maraq qrupları fikirlərini formalaşdırmağa başlamalıdır.

“Ümumdünya sərgisi”ni həyata keçirmək milyardlara başa gəlir. Birinci xanım Mehriban Əliyevanın noyabrdakı çıxışında bildirdiyi kimi, Azərbaycan sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırdır. Keçən il Parisin təklif etdiyi büdcə 3.5 milyard avro olub, bu rəqəm son vaxtlar digər sərgilərin keçirilməsindən daha ucuz başa gəlib. Milanda sərgi üçün 2015-ci ildə 14 milyard, Şanxayda 2010-cu ildə 60 milyard, Astanada keçirilən “ixtisaslaşmış” və “kiçik” sərgi üçün isə 1.3 və ya 3 milyard avro pul xərclənib.

Meydan Tv iqtisadçı Toğrul Maşallıya Azərbaycan hökumətinin niyə belə bir bahalı tədbirə ev sahibliyi etmək istədiyini soruşub.

Toğrul Maşallı
Toğrul Maşallı.

Maşallınının sözlərinə görə, EXPO ölkə üçün “ən azı bir il beynəlxalq məkana qoşulma” imkanıdır.

“Bunu özünü təsdiqləməyə cəhdin bir növu kimi də güman edə bilərik,” - Maşallı deyir. - “Krizis və baş verən digər hadisələr Azərbaycan hökumətinin imicini ciddi formada zədələyib. Olimpiya oyunlarına ev sahibliyi etmək cəhdi uğursuz olduğuna görə onlar Avropa oyunlarını keçirmək qərarına gəldilər, amma gözlədikləri uğur və müvəfəqqiyyət əvəzinə hökumət dərin iqtisadi böhran, xalqın narazılığı və bir çox başqa şeylər ilə üzləşdi”.

“Eyni zamanda burada sözügedən iqtisadi bir təşviq var” - iqtisadçı davam edir: “Keçirilən EXPO çox sayda insan və investiyaları cəlb edir. Fərqli yol xəritələri yaratmaq üçün sözdə olan strategiyanı heç kim tətbiq etmədiyinə görə gözləntilərə cavab vermir. Hökumət ümid edir ki, EXPO-ya evsahibliyi edən zaman iqtisadiyyatının bir çox sahəsinin ən azı bir il ərzində canlanaraq real iş yerlərinin saylarının artırmasına səbəb olacaq və hazırkı göstəricidən daha çox sayda turistlər gələcək”.

Abşeronda nəzərdə tutulan EXPO məkanı "şəhərin böyük bir genişləndirilməsi" və ehtimal ki, park olmaq niyyətindədir. Əvvəlki EXPO-ların təcrübəsinə əsaslanaraq, iqtisadçıdan turistlər ölkəni tərk etdikdən sonra həmin məkanın Bakı sakinlərinə olacaq xeyirlərini soruşduq.

“EXPO üçün istifadə olunacaq ərazini başqa şey üçün istifadə etmək çətin olacaq”- Maşallı deyir. “Astanada EXPO ərazilərində fərqli mərkəzlər, texnoparklar və s.yaradılmasını planlaşdırıblar, Milanda isə istirahət və əyləncə mərkəzi ilə yanaşı, təşkilatçılar tədqiqat mərkəzlərinə uyğun fərdi sahələr üzərində işləyirlər. Milan bir qədər ümidvericidir, amma Azərbaycanda bunu etmək daha çox çətin olacaq. Çünki elmin bu sahəsi inkişaf etmədiyi yerdə, onların məqsədlərilə heç bir əlaqəsi olmayan texnoloji və digər parkların yaradılmağından danışılır. Buna görə də, hesab edirəm ki, bu layihənin nəticəsi də digərləri ilə eyni olacaq”.

“EXPO 2025” üçün nəzərdə tutulan məkan, https://bakuexpo2025.com
“EXPO 2025” üçün nəzərdə tutulan məkan, https://bakuexpo2025.com.

Bundan əlavə, Azərbaycan EXPO təşkilatçıları məkanı Bakıya birləşdirən əsas nəqliyyat infrastrukturu layihəsinə söz veriblər. Maşallının sözlərinə görə, "Bakının böyük hissəsinin ictimai nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə gəliş-gedişi hələ də yaxşı qurulmayıb". Əvvəlki beynəlxalq tədbirlərə hazırlıq zamanı nəqliyyat infrastrukturuna qoyulan investisiyalar Bakı sakinlərinə minimum fayda gətirdi.

"Qurulmuş nəqliyyat infrastrukturu (yeni çıxışlar, genişlənmiş yollar) heç bir şəkildə iqtisadi inkişafa kömək etməyib, çünki bütün bunlar şəhərin iqtisadi bölgələrinə aid olmayan və əsasən idmançıları idman obyektlərinə çatdırmaq üçün nəzərdə tutulub. Şəhər daxilində dəmiryolu nəqliyyatının inkişafı olduqca yavaş davam edir, eyni zamanda bunu ətraf ərazilərdə yaşayan insanların istifadə edə biləcəyi bir nəqliyyat növünə çevirmək də mümkün deyil”.

Azərbaycanın EXPO Komitəsi Meydan TV-nin sorğularına cavab verməyib.

Kampaniya dövründə Meydan TV mövzunu izləməkdə davam edəcək.