Prezident 2018-ci ili ''Azərbaycan Xalq Cümhuriyyəti İli'' elan edib

Cəmil Həsənli: “Ailə-klan və avtoritarizmə meyllənmək cümhurriyyət ənənələrindən geri çəkilməkdir”

Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Azərtac xəbər verir ki, prezident il ərzində bununla əlaqədar həm ölkədə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Cəmil Həsənli
Cəmil Həsənli.

100 il əvvəl ADR dünyaya demokratiya nümunəsi verib

Milli Şuranın sədri, professor Cəmil Həsənli Meydan TV-yə prezidentin bu addımını müsbət qiymətləndirdiyini bildirib.

O qeyd edib ki, bu, Cümhuriyyət tariximizdə ən önəmli hadisələrdən biridir.

“Çağdaş dövlətləşmənin, millətləşmənin və xalqımızın dünyaya imzasını qoymağının əsas səbəbkarı Azərbaycan Xalq Cümhuriyyətidir. Bu ili xalqımız cümhuriyyət ilini qeyd etməyə haqqı var. Çünki cümhuriyyət yalnız keçmiş tarix deyil, həm də gələcək haqqın, hüququn və hədəflərin müəyyən edən mayakdır”.

Bununla belə Cəmil Həsənli hesab edir ki, cümhuriyyətin ənənələrinə və prinsiplərinə sadiq qalmaq lazımdır, çünki 100 il əvvəl ADR dünyaya demokratiya nümunəsi verib.

“Hətta həmin vaxt Azərbaycana gələn xarici missiyaların başçıları ölkələrinə yazdıqları hesabatlarda qeyd edirdilər ki, burda elə demokratik Cümhurrət yaranıb ki, müharibədən sonra Avropanın yeni yaranmış dövlətləri üçün model ola bilər. Amma 100 il sonra Azərbaycanda ailə-klan və avtoritarizmə meyllənmək cümhurriyyət ənənələrindən geri çəkilməkdir”.

Arif Hacılı
Arif Hacılı.

Dövlət səviyyəsində tədbirlər keçiriləcəksə, müsbət yanaşaram

Müsavat Partiyasının başqanı Arif Hacılı xatırladıb ki, onlar bir il əvvəl 2018-ci ili “Cümhuriyyət ili” elan ediblər və bu aydan tədbirlər keçirəcəklər.

Başqan deyib ki, “Cümhurriyyət ili” yalnız Müsavat Partiyasına yox, bütün ölkəyə aiddir.

“AXC yalnız Azərbaycan tarixində yox, regionun və ümumiyyətlə, bəşəriyyətin tarixində nümunə olacaq dövlətdir. Bu dövlətin tarixi ölkədən kənarda da öyrənilir. Ancaq AXC-in 100 illiyi əvvəllər bəyan olunub, qeyd edilməyən yubileylərin taleyini yaşamayacaqsa, dövlət səviyyəsində tədbirlər keçiriləcəksə, müsbət yanaşaram”.

Altay Göyüşov
Altay Göyüşov.

Gözə kül üfürmədir

Tarixçi-alim Altay Göyüşov öz növbəsində deyib ki, Cümhuriyyətin parlamentini bərpa etmək, total saxtalaşdırmadan həqiqi seçki keçirmək, ölkəni dağıdan ifrat korrupsiyadan imtina etmək, günahsız həbsə salınanları buraxmaq lazımdır:

“Ölkədə mütləq monarxiya qurub, həbsxanaları demokratiya, həqiqi respublika istəyənlərlə doldurub, cümhuriyyət ili elan etmək, üstü bəzək, altı təzək işlər silsiləsindən növbəti gözə kül üfürmədir. Azərbaycan parlamentinin ilk qərarlarından biri əfvi-ümumi, yəni tam amnistiya olmuşdu”.