Nazlı Ağayeva
Nazlı Ağayeva

Siyasətə qarışmamaq siyasəti

Təsəvvür edin ki, dağılıb-tökülən ələngə “Jiquli”nin tozuna, benzin qoxusuna bələnib xəstəyə dəyməyə getmişəm. Hal-əhval mərasimi bitər-bitməz sağalmaqda olan xəstə arvadını səsləyir:

– Az, tez ol, bacıma Namiqlə, İzzətlə, Xuramanla, Mətanətlə çəkdirdiyimiz şəkilləri göstər.

Elə bilirəm nəvələridir. Arvad şəkilləri gətirən kimi: "Allah gözünüzə çıraq etsin!” – deyirəm. Hər ikisi ürəkdən "amin!" deyə əllərini qaldırırlar.

Ziyarətlərinə pensiyamın dörddə birini fəda etdiyim bu türkəsaya, kasıb adamlar hardasa rastlaşdıqları "məşhurlardan" elə qürurla yapışıblar ki, sanki uzun həsrətdən sonra doğmalarına qovuşublar. Digər tərəfin isə bu qollardan mümkün qədər tez qurtulmaq üçün saniyələri necə “əzabla” saydıqları ənnik-kirşanlı sifətlərindən açıq-aydın görünür. Onlar şəkillərin tarixçəsindən fərəhlə danışdıqları zaman mən hələ ölməyib belə görəcəkli günlərə qaldığım üçün öz payıma xəcalət çəkirdim... Çünki elliklə itiyi Xoşqədəmin, xəstəsi Zaurun umuduna qalan mağmın xalqın köynəyindən çıxmışıq. Dünyanın harasında olsaq, bunu inkar edə bilmərik.

Yetmişi adlamış müəllimə “Dünya Tv” adlı bir “palatka”nın səsini nəyi var verib bütün ailəni manıs toplumuna calayır. Məcburi qulaq və göz “müsafirləri” məktəbli nəvələrdən, onların yorğun-arğın valideynləruindən ibarətdir.

Bununla bitməyib, telefonla “SMS” göndərmə mərasimi də var. Hər kəsi bu vacib məsələyə səfərbər edən “ağbirçəyimiz” gecənin bir aləminə qədər aparıcının onun adını çəkəcəyi anı gözləyir. Təbii, bütün ailə gözləməyə məhkumdur. Yata bilməyən qonşular da var. Aha! Nəhayət, həmin o tarixi an yetişir. Aparıcı bizim müəllimənin adını çəkib onun şəxsən özünə və auditoriyaya olan sonsuz sevgilərini çatdırır. “Dünya”nın ən gözəl müjdəsini alan xoşbəxt adam gecənin o biri yarısını fərəhdən yata bilmir...

İndi bir gün həmin müəlliməyə-ziyalıya-nənəyə-vətəndaşa ölkədəki bərbad maddi-mənəvi durumdan danışıb iki-üç kəlməlik bir mövqe xahiş etsək:

“Allah prezidentimizi üstümüzdən əskik etməsin, müharibəni saxlayıb bir loxma çörəyimizi verir, daha nə istəyirsiz?” – deyib ağzımızın payını verəcək. Söhbət bitmişdir. “Siyasətə qarışmayan” ağbirçəyimizin belə boş və mənasız müzakirələrə xərclənəcək vaxtı yoxdur. “Dünya”dan savayı ölkədə iyirmi dörd saata sığmayan hələ nə qədər “baxımlı” kanallar var.

Hakimiyyət maşınından ötürülən saxta çal-çağır, firavanlıq, haqq-ədalət, demokratiya, vətənşüvənlik siqnalları təbii ki, misilsiz səfalət içində çabalayan əhalidə ikrah doğurur. Amma məlum durğunluq əzilmiş təbəqəni hələ tərpənməyə qoymur.

“Xalqı kim bu hala saldı?” – deyə soruşmayaq. Hər kəs canına yeridilən narkozdan məmnun kimidir. Qara-qara düşünməkdənsə şou izləmək, imkan daxilində hətta canlı iştirakçı olmaq daha maraqlı və rahatdır. Yoxsa xalq olaraq üstünə sel kimi gələn ehtiyaclardan dizin qatlanacaq, nəfəsin kəsiləcək. Hərçənd boğulma obyekti digər səbəblər də ola bilər. Amma bütün hallarda bu boyda ölkədə özünə yer tapa bilməyəcəksən.

Şoumu, şüurmu? Biri nağıl, o biri ağır. Biri əyləncə, o biri işgəncə. Daim “şansını bir daha sınamağa” məhkum xalqın bir gün düzgün və cəsarətli addım atacağına nə qədər əminik? Bütün seçkilərdə hökumətin inayət etdiyi vergüllü sıfırların qısıq faizi qədərmi? Vətənin çalınıb-talanan sərvətlərindən xarici banklarda şəxsi hesablara yatırılan haram milyardların kiflənmiş havası qədərmi? Neft və milyonlar səltənətində od bahasına “yararlandığımız” maddi-mənəvi, sosial-iqtisadi “enerji” qədərmi? Əlbəttə, yox! O qədər də deyil.

QƏDƏRimizi SEÇİMimiz həll edəcək. 2018-ci ilimiz mübarək?!... 

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.