Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

Vəkil zərərçəkmişə: ''Qapalı kəllə-beyin travması alan biri o qədər saat ayaq üstə necə dura bilib?''

"Narahat olmayın, heç yerə qaça bilmərəm. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev kolun dibində gizlənib. Nə mən qaça bilərəm, nə də o buraxar", - jurnalist Əfqan Muxtarlının sözləridir. 

O, bu sözləri yanvarın 5-də Balakən Rayon Məhkəməsində vəkilinin onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barəsində verdiyi vəsatətə münasibət bildirərkən deyib.

Jurnalistin vəsatəti təmin olunmadı

Bu dəfə də zala buraxılan şəxslərin qeydiyyatı aparılıb. Açıq məhkəmə prosesi olduğunu, istənilən şəxsin məhkəmədə iştirak edə biləcəyini xatırladıb, "qeydiyyata alınmaq istəmirik" deyənlərin etirazları qəbul edilməyib. 

Məhkəmədə Əfqan Muxtarlının vəkili Nemət Kərimli ötən həftə jurnalistin ailə üzvlərindən 3 nəfəri itirməsini, baş verən bu faciəni nəzərə alaraq, onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. 

Jurnalistin digər vəkili Elçin Sadıqov və Əfqan Muxtarlı vəsatəti müdafiə edib. 

Zərərçəkmiş Qafur Məmmədov vəsatətlə bağlı əlavəsinin olmadığını, dövlət ittihamçısı Qürbət Məmmədov isə Əfqan Muxtarlının istintaq altında olduğunu, onun həbsi ilə bağlı seçilmiş əsasların aradan qaldırılmadığını, bu səbəbdən də vəsatətin təmin edilməməsini istəyib. 

Hakim 30 dəqiqəlik müşavirədən sonra vəsatətin təmin edilmədiyini elan edib.

Zərərçəkmişlə sual-cavab

Daha sonra vəkillər prosesdə iştirak edən zərərçəkmiş Qafur Məmmədova suallar veriblər. O, Əfqan Muxtarlının ona xəsarət yetirdiyi ilə bağlı şikayət verib.

Elçin Sadıqov: Ekspert müayinəsindən harada keçirmisiniz?

Zərəçəkmiş - Balakən rayon Mərkəzi Xəstəxanasında

Elçin Sadıqov: Həkim sizin bədəninizin hansı hissələrini əlləşdirdi?

Hakim: Sual çıxarılır, əlləşdirmək sözünü baxdı, müayinə etdi deyə, dəyişin.

Zərərçəkmiş: Xeyr, bədənimin müxtəlif hissələrinə baxmadı.

Elçin Sadıqov: Azər Şirinov və Ceyhun Qulamovla əvvəllər də hansısa əməliyyatlarda olmuşduz?

Qeyd: Azər Şirinovla Ceyhun Qulamov Dövlət Sərhəd Xidməti rəisinin müavinləridir. Əfqan Muxtarlının saxlanılması əməliyyatının onların iştirakı ilə keçirildiyi bildirilir.Əfqan Muxtarlı Gürcüstan oğurlanıb sərhədi keçirilən zaman “mollanı gətirmişik” deyən, sonra zastavada onun gözündəki bağı açan adamın Dövlət Sərhəd Xidməti rəisinin müavini Azər Şirinov olduğunu deyib.

Zərərçəkmiş: Mən yeniyəm bu işdə. Adətən böyük rütbəlilər iştirak edirlər belə hadisələrdə.

Vəkil Nemət Kərimli: Xəstəxanada saat neçədə müayinə olunmusunuz?

Zərərçəkmiş: Səhər saat 10-da

Nemət Kərimli: Hansı otaq, neçənci mərtəbə?

Zərərçəkmiş: Xəstəxanaya girən kimi solda, birinci mərtəbə, otaq, həkim barədə xatırlamıram.

Nemət Kərimli: Müayinə nə qədər çəkdi?

Zərərçəkmiş: Təxminən 20-30 dəqiqə

Elçin Sadıqov: Siz ifadənizdə demisiniz ki, gecə saat 12-dən 4-dək Əfqan Muxtarlının yanında olmusunuz. Həmin vaxt ərzində Əfqan Muxtarlı barəsində istintaq hərəkəti aparılırdımı?

Zərərçəkmiş: Bəli, yanında adamlar vardı. Dindirilirdi, üstünə baxış keçirilirdi.

Əfqan Muxtarlının vəkilləri işə Gürcüstanın Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun Əfqan Muxtarlı ilə bağlı yaydıqları bəyanatların salınmasını istəyiblər. Sənədləri məhkəməyə təqdim ediblər.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı.

Dövlət ittihamçısı sənədlərə baxış keçirəndən sonra gələn prosesdə buna münasibət bildirəcəyini söyləyib.

Bu zaman Əfqan Muxtarlı məhkəmədən söz alaraq, Azər Şirinovun onun üzərinə baxış keçirdiyini söyləyib:

"Adil Orucov mənim üzərimə baxış keçirməyib".

Hadisə yerinə yata-yata baxış keçirirdiz?

Daha sonra Elçin Sadıqov zərərçəkmişə suallarının bitmədiyini söyləyib. Onun ifadəsində ziddiyyətli məqamların olduğunu deyib:

"İfadənizdə deyirsiniz ki, saat 4-dən sonra başınız gicəllənib, özünüzü yaxşı hiss etməmisiniz. Ona görə də izin alıb yatmağa getmisiniz. Sonra da deyirsiniz ki, hadisə yerinə baxışı da siz keçirmisiniz. Bunu yata-yata edirdiniz, yoxsa başınız ağrıdığı halda? Qapalı kəllə-beyin travması alan biri o qədər saat ayaq üstə necə dura bilib?"

Zərərçəkmiş: Orada mənə çay və başağrı dərmanı verdilər. Özümə gəldim.  Dövlət ittihamçısı sənədlərlə tanış olacaq

Daha sonra hakim cinayət işinə daxil edilmiş sənədləri elan edib. Sənədlərlə dövlət ittihamçısı tanış olacaq. Növbəti iclasda dövlət ittihamçısının çıxışı gözlənir.

Növbəti iclas 12 yanvar saat 11-də davam edəcək.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.