''Məhsul'' stadionundan kənarda aksiya keçirmək üçün müraciət edəcəyik''

Arif Hacılı Fotoqraf: AzadlıqRadiosu

Arif Hacılı: “İlham Əliyev dediyi sözün arxasında dura biləcəkmi?”

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurası Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi bəzi fikirlərə münasibətini açıqlayıb.

Arif Hacılı prezidentin ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunması haqda dedikləri ilə bağlı şərh verərək deyib ki, əvvəla, Azərbacan Konstitusiyasına görə vətəndaşların sərbəst toplaşma azadlığı yalnız bir stadionda deyil, qanunla xüsusi qadağan olunmuş ərazilər istisna olmaqla hər yerdə təmin olunmalıdır.

Onun sözlərinə görə, bir qapıdan, nəzarət altında giriş- çıxışı olan mitinqi açıq hava tədbiri adlandırmaq olmaz. A.Hacılı qeyd edib ki, sərbəst toplaşma azadlığının dörd növü var və mitinq onlardan yalnız biridir:

“Dəfələrlə stadiondan kənarda mitinq, yürüş, piket keçirmək üçün müraciətlərimiz qanunsuz olaraq qadağan edilib. Qanuni tədbirlərimiz icazəsiz adlandırılaraq təzyiqə, zorakılığa, həbslərə məruz qalmışıq.

İndi deyirsiniz sərbəst toplaşma azadlığı təmin edilir? Lap yaxşı, “Məhsul” stadionundan kənarda kütləvi aksiya keçirmək üçün müraciət edəcəyik. Görək İlham Əliyev mötəbər tədbirdə dediyi sözün arxasında dura biləcəkmi?”.