''Azərbaycanda polis zorakılığının şahidi ola bilməzsiniz''

fotolar AZƏRTAC

İlham Əliyev: ''Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik''

Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.

Prezident çıxışının əvvəlində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini xatırladaraq deyib ki, münaqişə Sovet İttifaqının süqutu ərəfəsində başlayıb:

"İttifaq dağılandan dərhal sonra Ermənistan və digər xarici qüvvələrin dəstəyi ilə Dağlıq Qarabağdakı erməni separatçıları bəşəriyyətə qarşı cinayət törətdilər".

Ölkə başçısı təəssüflənib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir:

"Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir". 

"Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək, 24 ildir ki, gözləyirik. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir. Ermənistan buna sadəcə olaraq göz yumur və status-kvonu dəyişməz olaraq saxlamaq üçün əlindən gələni edir",-Əliyev belə deyib.

İlham Əliyev: "Danışıqlar dondurulub"

Dövlət başçısı ötən ilin aprel hadisələrini xatırlayaraq bildirib ki, onlara qarşı beynəlxalq səviyyədə təzyiq artanda, 2014-cü ildə olduğu kimi, təmas xəttində hərbi təxribatlara başlayırlar:

"Ermənistan hərbi helikopterlərlə bizim mövqelərimizə hücum edəndə və biz cavab vermək məcburiyyətində qalanda, bu, bütünlükdə 2015-ci il ərzində danışıqların dondurulmasına səbəb oldu. 2016-cı ildə təzyiq yenidən artmağa başlayanda onlar kəndlərimizi atəşə tutdular və 6 mülki şəxsi qətlə yetirdilər, 20-dən artıq adam yaralandı və biz yenə də cavab verməli olduq. Cavab çox ciddi və effektiv oldu. Biz ərazilərimizin mühüm hissəsini azad etməyə müvəffəq olduq. Ermənilər yenə də bunu bəhanə edərək bizi təcavüzdə günahlandırdılar və danışıqlara yenidən başlamaq üçün şərtlər irəli sürməyə başladılar. Sözsüz ki, Azərbaycan bu şərtlərin heç birini qəbul etmədi. Ermənilər bizim bunu heç vaxt qəbul etməyəcəyimizi yəqin ki, başa düşürlər. Bu, ola bilsin ki, onlar üçün məlum səbəblərə görə daha bir vaxt qazanmaq fürsəti idi. Beləliklə, 2016-cı ildə, ilin ikinci yarısında və 2017-ci ildə danışıqlarla bağlı vəziyyət bir növ dondurulub".

Qanunvericiliyimiz yüz faiz Avropa standartlarına uyğundur

İlham Əliyev deyib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür:

"Qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik".

 

Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir

Prezident ölkədə toplaşma azadlığının tam təmin olunduğunu qeyd edib:

"Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz. Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq".

 

Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək

Azərbaycanın Avropa Şurasından çıxmaq məsələsinə gəldikdə, Əliyev bildirib ki, bu qurumla bağlı ictimai rəy o qədər də müsbət deyil:

"Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik. Avropa təsisatlarına gəldikdə, bir daha qeyd etmək istəyirəm, Avropa İttifaqı bizim prioritetimizdir və sizin də səfəriniz onu nümayiş etdirir ki, Azərbaycan da Avropa üçün vacib tərəfdaş hesab olunur".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sentyabrın 14-də Azadliq Radiosuna müsahibəsində bildirmişdi ki, Azərbaycanın bu qurumdan çıxarılması ilə ölkə yox, Avropa Şurası itirəcək:

“Vallah dünya da dağılmayacaq, problem də olmayacaq. Problem daha çox Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq. Rusiya çıxdı Avropa Şurasından, nə oldu? Hər iclasda müzakirə olunur ki, Rusiyanı hansı yolla qaytaraq?”