''Azərbaycan Avropa Şurasından çıxsa, maliyyə vəsaitlərini haradan alacaq?''

Gültəkin Hacıbəyli: "Avropa Şurasından çıxmaq Ermənistana "yaşıl işıq" yandırmaqdır"

“Son illərin təcrübəsi göstərir ki, “sanksiyalar qeyri-produktiv” yoldur və ümumiyyətlə, “sanksiya dili” müasir dünyada “işləmir”. “Bu sanksiya tətbiq edənin özünə daha çox problem yaradır, nəinki sanksiya tətbiq ediləcək tərəfə”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının baş katibi Tyornborn Yanqlandın söylədiklərinə münasibət bildirərkən Azadlıq Radiosuna belə deyib.

Yanqland Azərbaycana qarşı “misli görünməmiş hüquqi hərəkət” edilməsinə, ölkənin qurumdan uzaqlaşdırılmasına çağırıb. Buna səbəb Avropa İnsan Haqları Məhkəməsinin qərarına rəğmən Bakının siyasi məhbusu azadlığa buraxmaqdan imtinası göstərilir.

Səməd Seyidov
Səməd Seyidov.

Səməd Seyidov isə hesab edir ki, Azərbaycanın bu qurumdan çıxarılması ilə ölkə yox, Avropa Şurası itirəcək:

“Vallah dünya da dağılmayacaq, problem də olmayacaq. Problem daha çox Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq. Rusiya çıxdı Avropa Şurasından, nə oldu? Hər iclasda müzakirə olunur ki, Rusiyanı hansı yolla qaytaraq?”

Azərbaycanlı deputat hesab edir ki, ən yaxşı variant əməkdaşlıqdır:

“Divar hörmək, Avropa Şurası özünə elit bir klub yaratmaq istəyirsə, yaratsın. Bizim bura nə dəxlimiz var? Yox, bizimlə əməkdaşlıq etmək, dərdimizə şərik olmaq istəyirsinizsə, işğal olunmuş torpaqları azad etmək üçün beynəlxalq qanunun aliliyini təmin etmək istəyirsinizsə, problemlərimizi dərk etmək istəyirsinizsə, gəlin, əməkdaşlıq edək. Bəzən sual verirlər ki, Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı var? Sual qoyulmalıdır ki, ümumiyyətlə, bu təşkilatın əhəmiyyəti var? Bu nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı yoxdur, sıfır dərəcəsindədir”.

Bununla belə, nümayəndə heyətinin rəhbəri Bakının Avropa Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirir.

S.Seyidovun fikirlərinə münasibət bildirən keçmiş deputat, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli deyir ki, qarşı tərəfi başa düşmək olar. Çünki arqument olmayanda nəsə deməlidirlər: "Amma məsələni mahiyyəti üzrə araşdırdıqda, məlum olur ki, Azərbaycanın Avropa Şurasından çıxması ölkə üçün çox ağır fəsadlar törədə bilər. Birinci fəsad Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranar".

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli.

G.Hacıbəyli xatırlayır ki, sabiq prezident Heydər Əliyev vaxtilə Azərbaycanın Ermənistanla eyni zamanda Avropa Şurasına daxil olmasını çox prinsipial məsələ kimi dəyələndirirdi:

"Baxmayaraq ki, 2000-ci illərin əvvəllərində Azərbaycanda insan haqları Ermənistanla müqayisədə qat-qat pis idi, qısa müddətdə çox intensiv əməkdaşlıq formatı seçildi, siyasi məhbusların böyük hissəsi azad olundu. Paralel olaraq Avropa Şurasındakı Türkiyə diplomatlarının köməyi ilə intensiv danışıqlar nəticə verdi və Azərbaycan Ermənistanla eyni vaxtda quruma üzv oldu. O zaman Heydər Əliyev dəfələrlə vurğulamışdı ki, Ermənistanın Avropa Şurasına üzv olması, amma Azərbaycanın kənarda qalması Dağlıq Qarabağ münaqişəsi çərçivəsində çox ciddi problemlər yaradar".

Sabiq deputat "Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmaz" deyən Səməd Seyidovdan da sitat gətirib:

"Səməd Seyidov dəfələrlə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Şurasında yaxşı mövqelərə malikdir. Səməd Seyidov düz deyirdi. Azərbaycan nümayəndə heyətinin fəaliyyəti və daha çox bizim ədalətli mövqeyimiz nəticəsində bu gün Avropa Şurasının müvafiq sənədlərində işğala məruz qalmağımız qeyd olunub. Burda Avropa Şurasının deputatlarının da ədalətin yanında olması da rol oynayıb. Onlar açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə açıq dəstəklərini ifadə ediblər və Ermənistanın birbaşa işğalçı olduğunu göstəriblər, bunlar da qətnamələrdə qeyd olunub. Halbuki, BMT TŞ-nin 4 qətnaməsində Ermənistan maraqlı tərəf olaraq göstərilib, həmin sənədlərdə erməni hərbi birləşmələrindən söhbət gedirdi. Məhz Avropa Şurasının sənədlərində Ermənistan işğalçı kimi göstərildi. Bunlar isə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqelərini gücləndirdi. Azərbaycanın bundan sonra qurumdan çıxması həmin mövqelərdən imtina etməsi və Ermənistana "yaşıl işıq" yandırması deməkdir".

Gültəkin Hacıbəyli deyir ki, son olaylara görə Avropa Şurası cəlbedici görünməyə bilər:

"Mən özüm də şuraya daha az hörmət etməyə başlamışam. Bir təşkilatın rəhbəri Pedro Aqramunt ola, yaxud siyasi qrupuna Volonte rəhbərlik edə... Amma Avropa Şurasının rəyi və mövqeyi Azərbaycanın Avropa Birliyi ilə əlaqələrində çox önəmlidir. Avropa Şurasından çıxarılan dövlət dünya siyasətində təcrid vəziyyətinə düşür, Rusiyanın simasında bunun fəsadları görünür. Rusiyaya qarşı sanksiyaların təməli Avropa Şurasından gəlir. Halbuki, Azərbaycan hərbi, iqtisadi, təbii sərvətləri və başqa imkanları ilə Rusiyadan geri qalır. Rusiya nə qədər qeyri-demokratik olsa da, kiçik və orta sahibkarlıq qalır. Milyonlarla azərbaycanlı bu ölkədə çörək pulu qazanır. Rusiya irəli gedə bilməsə də, vəziyyət katostrafik deyil, amma Amerikanın son sanksiyalarından sonra vəziyyət kritik həddə doğru gedir. Azərbaycana o cür sanksiyalar qoyulsa, hansı vəziyyətə düşməsini təsəvvür etməzsiniz. Ölkənin iqtisadiyyatının durumu hamıya bəllidir, ciddi şəkildə investisiyaya ehtiyacı var, son müddətdə ixrcaat 28 faiz azalıb, Gürcüstan və Ermənistanda isə artır. Azərbaycan Avropa Şurasından çıxıb Qərblə konfrantasiyaya gedəcəksə, maliyyə vəsaitlərini hardan alacaq? Bu suallar açıq qalır".