''Gözəl Bayramlı dəstəksiz ayağa qalxa bilmir''

Zibeydə Sadıqova: “Məhkəmə heç bir vəsatətimizi təmin etmir”

İyulun 31-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının qanunsuz saxlanılması və hüquqlarının pozulması ilə bağlı şikayətinə baxılıb. Proses qapalı keçirilib. Məhkəmə onun şikayətini təmin etməyib.

Gözəl Bayramlının vəkili Zibeydə Sadıqova Meydan TV-yə açıqlamasında bildirib ki, məhkəmədə qaldırılan vəsatətlərin heç biri təmin edilməyib:

“Onun həbs edilməsi zamanı hüquqlarının pozulmasından şikayət vermişdik. Şikayətimiz təmin edilmədi. Onun həmin müddət ərzində vəkillə təmin edilməməsi, ailəsinə zəng etmək hüququnun əlindən alınması, qeyri-insani şəraitdə saxlanması və s. hüquqlarının pozulmasından da şikayət etmişdik. Təsəvvür edin, saxlanarkən əlləri qandallanıb, ac-susuz qalıb, ona hansı maddə ilə ittiham edildiyi açıqlanmayıb. Bütün bunlarla bağlı verdiyimiz vəsatətlərimiz təmin edilmədi. Tək bu da deyildi, kamera görüntülərinin məhkəməyə verilməsini, saxlandığı zaman üstündən çıxdığı deyilən pul vəsaitlərinin ekspertizasını tələb etmişdik. Həmin pulların üstündə Gözəl Bayramlının əl izinin olub-olmamasının müəyyən edilməsilə bağlı. Bu vəsatətlər də təmin edilmədi”.

Vəkil Gözəl Bayramlının səhhətinin pisləşdiyini də deyib. Kəskin ağrılarının olduğunu söyləyib:

“Dizində kəskin ağrıları var. Oturanda qalxa bilmir. Kiminsə köməyinə ehtiyac duyur. Dəfələrlə yıxılma təhlükəsi ilə üzləşib. Əl ağacı ilə təmin olunmasını xahiş edir. Biz bunu istintaq orqanlarına bildirəcəyik. Bundan əlavə, həm də dərmanlarının ona çatdırılmasını istəyəcəyik”.

Gözəl Bayramlının səhhəti ilə bağlı açıqlamalara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

“İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib”, - deyə məlumatda vurğulanır.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.