70 gün ac qalan IRA könüllüsünün hekayəsi

Lourens MakKyoun. www.facebook.com/laurence.mckeown

Material “Euroradio” saytında dərc olunub

Böyük Britaniyada 1981-ci ildə baş vermiş həbsxanada aclıq Avropa tarixinin faciəli səhifəsidir. Orda İrlandiya Respublikası Ordusunun (IRA- Irish Republican Army) – İrlandiyanın birləşməsi uğrunda silahlı hərəkatın terror aktları hazırlığına və polislərə hücuma görə Meyz həbsxanasına salınmış onlarla döyüşçüsü iştirak edib. O vaxtkı Baş nazir Marqaret Tetçer aclıq edənlərin tələblərini yerinə yetirməyə tələsmirdi. Aksiyada on iştirakçının ölümündən sonra baronessa qalan ömrü boyu “Dəmir ledi” epitetini daşımalı oldu.

Aclıq Britaniya hakimiyyəti ilə irland könüllüləri arasında XX əsrin ikinci yarısında minlərlə həyata son qoyan silahlı münaqişədə dönüş anlarından birinə çevrildi. Lourens MakKyoun (Laurence McKeown) Meyz həbsxanasında aclıq edən IRA döyüşçülərinin sırasında idi. O, aclığa başlayanda artıq dörd yoldaşı vəfat etmişdi. Yalnız su və duz qəbul edəndən 70 gün sonra şüurunu itirəndə onun ailəsi hakimiyyətə tibbi müdaxilə üçün icazə verdi və bu, MakKyounun həyatını xilas etdi. Bu gün o, dramaturq və ictimai xadimdir.
“Euroradio” MakKyounla Minskdə, onun Mayred Farrell (Mairéad Farrell) və həlak olmuş digər IRA könüllüləri barədə öz filmini gətirdiyi “Watch Docs” festivalında söhbətləşib.

Şəraitdəki və fəaliyyət xarakterindəki fərqlərə baxmayaraq, Lourens MakKyounu tez-tez Rusiyada aclıq etmiş siyasi məhbus Oleq Sentsovla bir kontekstdə xatırlayırlar. MakKyoun müsahibəsində niyə aclıq qərarı verməsi, necə sağ qalması və dostları ölərkən hansı hissləri keçirməsi barədə danışır. O deyir ki, heç bir şübhə etmədən günü sabah iki addımını təkrarlayardı: IRA-ya üzv olmaq və aclığa qoşulmaq. İrland hesab edir ki, həbsxanada aclıq etiraz forması kimi bu gün də aktualdır, ancaq kənardan dayaq olmasa, effektivliyini itirir. Və Oleq Sentsovu müdafiə edir.

“Euroradio”: -Siz İrlandiya Respublika Ordusuna nə vaxt qoşuldunuz və niyə bu qərarı verdiniz? Bu, necə oldu?

Lourens MakKyoun: Mən 1956-cı ildə doğulmuşam, Belfastdan (Şimali İrlandiya - Euroradio) təxminən 20 mil aralıda Antrim qraflığında yaşayırdım. Əvvəl hər şey öz yolunda gedirdi. Amma 12-13 yaşım olanda separatçı etirazlar başladı. Unutmamaq lazımdır ki, İrlandiyanın şimalında münaqişə IRA-dan yox, məşğulluq və mənzil sahəsində diskriminasiyaya qarşı dinc marşlardan başlayıb. Hazırda bunlar vətəndaşların əsas hüquqlarıdır, ancaq 1968-ci il başqa dövr idi: Amerikada Marten Lüter və zəncilərin hüquqları uğrunda hərəkat vardı, Parisdə isə tələbə etirazları tüğyan edirdi... 1968-ci il dəyişikliklər ili idi və fikrimcə, mənim ölkəmdə ali təhsil almağa geniş imkan əldə edən nəsil o vaxt yarandı. Məncə, valideynlərimin nəsli də etiraz etmək istəyirdi, ancaq səbirlə dözürdü. Mənim nəslimsə bərabərlik və diskriminasiyanın bitməsi tələbi ilə baş qaldırdı.

O vaxt polis və hərbi qruplaşmalar vətəndaş hüququ uğrunda mübarizə aparan insanları zorla dağıdırdı. İnsanlar qaçanda Britaniya hərbçiləri onlara atəş açırdı. 1972-ci ilin yanvarında Derridə Qanlı bazar baş verdi – desantçılar silahsız nümayişçiləri atəşə tutdu. On üç nəfər yerindəcə, bir nəfərsə sonra həlak oldu. İrimiqyaslı partizan müharibəsi başladı. 1960-cı illərdə səsi çıxmayan IRA ön plana keçdi.

İrlandiya Respublika Ordusu üsyançı təşkilat olub, məqsədi əhalisinin etnik çoxluğunu irlandların təşkil etdiyi Şimali İrlandiya üzərində Britaniya nəzarətinə qarşı mübarizə aparmaqdır. İrlandiyanın 1919-cu ildə müstəqillik əldə etməsindən sonra yaranan IRA əsrin ortalarına doğru gizli fəaliyyətə keçdi, 1960-cı illərin sonunda isə onun radikal qanadı Britaniya ordusuna, polisinə və rəsmi şəxslərinə qarşı tammiqyaslı partizan müharibəsinə başladı. Təşkilat Britaniya və ABŞ hökumətləri tərəfindən terrorist hesab olunur, onun fəaliyyəti həm də İrlandiyada qadağan edilir.

1998-ci ildə IRA silahlı mübarizəyə son verdiyini elan etdi. Bu, XX əsrdə Avropa üçün mühüm sülh sazişlərindən biri idi. Münaqişənin gedişatında hər iki tərəfdən 3700 insan həlak oldu. Onlardan 1800-ü, o cümlədən 600 mülki şəxs IRA tərəfindən öldürülüb. On minlərlə adam zərər çəkib.

Belə bir atmosferdə böyümüşəm. 16 yaşa çatanda ətrafda baş verənlərlə irland tarixi ilə, Şimali İrlandiyanın 1921-ci ildə yaradılması ilə daha çox maraqlanmağa başladım. 16 yaşım tamam olanda IRA-ya qoşulmaq qərarına gəldim. Başlanğıcda üzvlərin sayı az idi və təşkilat çox gizli fəaliyyət göstərirdi. Müəyyən səylərdən və gözləntilərdən sonra 17 yaşımda IRA-ya qoşuldum.

O vaxt inanırdım ki, silahlı mübarizə bizim vətəndaş hüquqlarımızı, bərabərliyi bərpa etmək tələblərimizi gerçəkləşdirmək və ölkəmizi birləşdirmək yolunda yeganə mümkün üsuldur, çünki sınaqdan keçirilmiş dinc metodların qarşısı alınmışdı. Beləliklə, 17 yaşımda IRA üzvü oldum, təxminən səkkiz ay sonra evimi tərk etdim. Bundan sonra daima yerimi dəyişərək yaşadım. İyirmi yaşıma az qalmış məni həbs etdilər.

Euroradio: Bu vaxt ərzində britaniyalılara hücum etmək cəhdiniz oldumu?

Lourens MakKyoun: Yox, əslində, bir dəfə gecə saat iki radələrində məni sadəcə evimdən götürdülər. Səhər saat altıda isə Olsterin kral konsteblləri məni həbs etdilər. Onlar mənim IRA üzvü olduğumu bilirdilər. Ev nəzarətdə idi, ya da kimsə xəbər vermişdi. Məni həbs edib Belfasta, elə həmin il təşkil olunmuş xüsusi istintaq mərkəzinə gətirdilər. Sorğu-sualdan sonra mənə qarşı polis əməkdaşını yaralamaq, polis xəbərçisinə hücum etmək, habelə IRA-nın hesabında olan bir çox partlayışlarda iştirak etmək ittihamını irəli sürdülər. Sonrakı il (1977-ci il – Euroradio) barəmdə terror aktları təşkil etmək və britaniyalı polisi öldürməyə cəhdə görə hökm çıxarıldı və həbsxanaya göndərildim. Ömürlük həbs.

Ədyal etirazı, Çirkli etiraz

1976-cı il fərqli il idi. Martın birində yeni qanunvericilik qəbul olundu. Həmin vaxtadək IRA ilə əlaqəsinə görə həbs olunanlar, yaxud onun üzvləri siyasi məhbus sayılırdılar, həbsxana paltarı geyinmir və işlərə cəlb olunmurdular. Onlar təhsillə, o cümlədən tibbi savadlanma və digər işlərlə məşğul olurdular. Ancaq 1976-cı il martın 1-də bütün cinayətkarları eyniləşdirdilər. Siyasi məhbus anlayışı yox oldu. Bu, o deməkdir ki, hamı həbsxana paltarı geyinir, işlərə cəlb olunur, kriminal elementlərlə bir yerə salınır və s. Respublikaçı məhkumlar bu vəziyyətlə razılaşmırlar...

Euroradio: ...və aclığa başlayırlar.

Lourens MakKyoun: Bəli, ancaq buna qədər beş illik intensiv etiraz aksiyaları olurdu, biz həbsxana paltarı geyinməkdən imtina edirdik. Bizi sutkalarla təkadamlıq kameralarda bağlı saxlayırlar. Biz çılpaq gəzirdik – üstümüzü örtməyə təkcə ədyalımız vardı. 1978-ci ildə etiraz gücləndi, bunu Çirkli etiraz adlandırırlar. Biz tualetdən məhrum idik (məhbuslar öz kameralarına girməyə icazə vermirdilər, ona görə də içərini təmizləmək imkanı yox idi. - Euroradio), odur ki, kameranın divarları nəcislə örtülmüşdü. Biz yuyunmurduq. Şəxsən mən üç il yuyunmamışam...

Euroradio: Doğrudan?

Lourens MakKyoun: 1978-ci ilin martından aclıq aksiyasınadək.

Lourens MakKyoun Cij evinin yanında. Minsk, Dekabr 2018-ci il. www.facebook.com/laurence.mckeown
Lourens MakKyoun Cij evinin yanında. Minsk, Dekabr 2018-ci il. www.facebook.com/laurence.mckeown


Euroradio: Bu, sizə qarşı hansısa təzyiq metodu idi?

Lourens MakKyoun: Fikrimcə, biz həbsxana paltarı əvəzinə ədyala bürünəndə rəhbərlik Ədyal etirazını gözləmirdi. 1978-ci ildə hakimiyyət bizi zorakılığın, tualetdən və hamamdan istifadəyə qadağanın köməyi ilə dayandırmağa cəhd etdi (hər şey ondan başladı ki, məhkumlar özləri kameralardan çıxmaqdan imtina etdilər, çünki bayırda onları nəzarətçilər döyürdülər. - Euroradio). Cavabında biz həbsxana kameralarına nəcisimizi yaxırdıq. O vaxt heç nə dəyişmədi. Bizi sutka boyu bağlı saxlayırdılar. Çılpaq, təraşlanmamış, divarlarda nəcis, ətraf dünya ilə əlaqə yox. Məhbusların saç-saqqalını zorla qırxırdılar. Bu, qəddarlığın daha bir təzahürü idi.

Biz daima müqavimət göstərir, ailələrimiz etiraz edir, bir çox başqa adamlar vəziyyəti tənzimləməyə çalışır və pərdə arxasında danışıqlar aparmağa cəhd göstərirdi. Onlar Britaniya hökuməti ilə təmasda idilər. Beləliklə, həbsxana divarlarından kənarda vəziyyəti düzəltmək üçün beş sadə tələblə çoxsaylı kampaniyalar keçirilirdi: öz geyimini daşımaq hüququ, həbsxana işlərini yerinə yetirməmək hüququ, təhsil hüququ, görüş hüququ...

İrlandiya tarixində çoxlu nümunə var ki, respublikaçılar aclıqdan silah kimi istifadə ediblər, çünki əgər həbsxanadasansa, bu, sənin yeganə imkanındır. Bəzən uğurlu, bəzən də uğursuz. Bizim aclığımız 1981-ci ildə başladı – martın 1-də yeni qanunvericiliyin qüvvəyə minməsindən düz beş il sonra. Və aclığı ilk başlayan Bobbi Sends oldu (IRA könüllüsü, atışmada iştirakına görə 1977-ci ildə 14 il müddətinə həbs cəzası alıb. 1981-ci il martın 1-də Meyz həbsxanasında aclığa başlayıb. 66 gün sonra aclıq edənlərdən ilk olaraq, o, üzülmədən ölüb. - Euroradio).

Biz hamımız Bobbinin öləcəyinə əmin idik

Euroradio: Bobbi Sendsin aclığa başladığı günü xatırlayırsınız? Niyə siz də ona qoşulmaq qərarına gəldiniz?

Lourens MakKyoun: 1980-cı ilin sonunda yeddi nəfərin iştirak etdiyi aclıq aksiyası oldu. O 53 gün davam etdi və biz razılaşmanın əldə olunduğunu düşündüyümüzə görə dayandırıldı. Bizə razılaşma vəd edilmişdi. Ancaq etiraz bitən və aclıq edənlər yeməyə başlayan kimi Britaniya hökuməti vədlərinə xilaf çıxdı. Mürəkkəb vəziyyət idi. Onda könüllü olmaq istədim, ancaq məni seçmədilər.

Bobbi təkbaşına aclığa başlayanda hər şey başqa cür idi. Biz növbə ilə qoşulurduq. İki həftə sonra Frensis Hyuz aclığa qoşuldu. Sonra biz hamımızın eyni vaxtda kritik vəziyyətə düşməməsi üçün bir həftə fasilə verdik. Biz yaxşılaşmaya ümid edirdik, ancaq yaxşı xatırlayıram: hamımız Bobbinin ölümünə əmin idik.

Bir həftə sonra parlament üzvü Frenk Maquayer öldü. Əlavə seçkilər elan olundu və Bobbi Sendi namizəd irəli sürdülər. O, qələbə çaldı və İcmalar Palatasına üzv oldu. Britaniya parlamentinin üzvü, ümum qəbul olunmuş siyasi fiqur və eyni vaxtda – cani. Onda biz ölüm fikrini qələbə arzuları ilə əvəzlədik. Lakin seçkilərdən bir neçə gün sonra bəlli oldu ki, Britaniya hökuməti yenə də bizə güzəşt etməyə hazırlaşmır.

Bobbi 66 gündən sonra vəfat etdi və hamımız anladıq: əgər onlar parlament üzvünün ölümünə imkan veriblərsə, yerdə qalanlar da məhvə məhkumdurlar. Bu vaxt aclığa daha üç nəfər qoşulmuşdu. Mən aclığa hazır idim, çünki ideyaya inanırdım. Inanırdım ki, siyasi məhbuslar cani deyillər. Tələblərimizin minimal olduğunu hesab edirdim. 24 yaşım vardı, subaydım, uşaqlarım yox idi, aclıqda isə ailəli, övladları olan adamlar iştirak edirdilər və ölürdülər...

Euroradio: Deməli, onların ailələri olduğu üçün daha çox risk edirdilər?

Lourens MakKyoun: Bəli, aclıq aksiyasının yeddi iştirakçısının ailəsi vardı və onlar öldülər. Mən subay idim, belə bir qərarı daha rahat ala bildim. O zaman yüzə yaxın məhbus aclıq etməyə hazır idi.

Mən aclığa iyunun 29-da başladım, bu vaxt artıq dörd məhbus aclıqdan ölmüşdü. Mənim aclığım 70 gün davam etdi.

Üç litr su və bir az duz

Euroradio: Bu, xeyli müddətdir. Belə başa düşürəm ki, siz sadəcə su içmisiniz və heç nə yeməmisiniz?

Lourens MakKyoun: Hə. Mən sadəcə su içmişəm və duz qəbul etmişəm. Çünki duz beynin işləməsi üçün lazımdır. Gün ərzində ən azı altı pint su içməyi məsləhət görürlər, bu hardasa üç litrdir.

Euroradio: və bunlar hamısı üç litr su və bir qədər duz?

Lourens MakKyoun: Əsasən, hə. Su ona görə lazımdır ki, bədən özünü içəridən yeməyə başlayır və çoxlu toksin əmələ gəlir. Sizə su böyrəklərinizi təmizləmək üçün lazımdır. 40 gündən sonra görmə qabiliyyəti zəifləməyə başlayır. Mən hər şeyi iki görürdüm.

Euroradio: Həqiqətən ikiləşmə baş verirdi?

Lourens MakKyoun: Aydın görürdüm, amma hər şey ikiləşirdi. Sonra gözlərə pərdə çökür. Digər aclıq edənlər kor oldular – bu, sonuncu dönüş mərhələsidir. Bundan əlavə, qoxu hissi sizi ələ salmağa başlayır. Məsələn, suyun pis qoxusu olur və onu içmək çətindir. Bizə şüşə qablarda Şotlandiyadan bulaq suyu gətirib bilmək istəyirdilər – köməyi olacaqmı? Ancaq su döşəmə üçün boya, yaxud təraş üçün losyon qoxusu verirsə, bu... maraqlı gəlir. Lamisə duyğusu kəskinləşir, suyu içmək daha da çətinləşir. Bəziləri böyrək çatışmazlığından, digərləri ürək tutmasından və başqa səbəblərdən ölür. Və ailələrimizə, həyat yoldaşı və analarımıza bu prosesə qoşulmaları üçün güclü təzyiqlər olunur.

Euroradio: sizin ailəniz tibbi müdaxiləyə icazə verib...

Lourens MakKyoun: Biz yeməkdən imtina edirdik, həbsxana hakimiyyəti isə bizi zorla yedizdirmək fikrində deyildi, ancaq etibarnamə adlı anlayış var. Kimsə komadadırsa, şüuru başında deyilsə, onun qohumu yeganə məsul şəxsdir və razılıq verə bilər.

Lourens MakKoyn Minskdə Watch Docs festivalında  www.facebook.com/laurence.mckeown
Lourens MakKoyn Minskdə Watch Docs festivalında www.facebook.com/laurence.mckeown

Euroradio: Aclığın sonuncu günündə hansı hissləri keçirirdiniz? 70 gün həqiqətən böyük müddətdir, bu iki aydan çox ac qalmaqdır.

Lourens MakKyoun: Elədir ki var. Vəziyyətimizdən asılı olmayaraq, hər gün etməyə çalışdığımız şey hətta gəzə bilməsək də, stulda oturmağa məcbur olsaq belə, yataqdan qalxmaq idi. Bizi kamerada yox, həbsxana xəstəxanasında saxlayırdılar. Amma bu həbsxanadır, həbsxana hospitalıdır. Biz orda gəzə bilərdik. Psixoloji olaraq özümüzü daima yatmamağa məcbur edirdik. Ancaq sonra elə bir an gəlirdi ki, yataqdan qalxmaq fiziki olaraq qeyri-mümkün olurdu.

Euroradio: Sizcə, bacardığınız hər şeyi edə bildiniz? Siz bunu hiss edirdiniz?

Lourens MakKyoun: Hər dəfə kritik mərhələ baş verəndə ailələrimizə xəstəxanada qalmağa icazə verilirdi. Ailəm mənə 68-ci gün baş çəkə bildi. Şüurum hələ aydın idi, hər şeyi anlayırdım... Mən yuxudan oyana bilirdim. Ona görə də onların gəldiyini xatırlayıram. Anamdan başqa hamı məndən aclığı dayandırmağı xahiş edirdi, mənsə imtina edirdim. 69-cü gün onlarla necə söhbətləşdiyimi xatırlamıram. Ancaq, görünür, suallara cavab vermişəm. 70-ci gün həkim reflekslərimi yoxlayıb və tamamilə huşsuz vəziyyətdə olduğumu söyləyib. Yalnız bu vaxt anam həkim müdaxiləsinə icazə verib. Bəs onlar nə etdilər? Hər iki qoluma damcılar qoydular, sonra isə mülki xəstəxanaya köçürdülər.

Euroradio: Bəs indi o vaxtları tez-tez xatırlayırsınız? Bəlkə yuxuda? Yaxud yalnız jurnalistlərə müsahibə verəndə?

Lourens MakKyoun: O vaxtla bağlı yetərincə çox şey xatırlayıram. Yəqin siz eşitmisiniz ki, insan qəfil qıcıqlandırıcı yüksək küydən ölə bilər, küy yatanda barmaqlıqların necə açılıb-bağlandığını eşitmək olurdu. Bəzən burda kiminsə ailəsi olanda ağlaşma səsi eşidilirdi. Ya da... Tom Makelvi həmin səhər kamerasının açıq qapısından çıxdı. O, oturub siqaret çəkdi. Mən həyətdə idim və birdən günvurmadan yıxıldım. Özümə gələndə Tom artıq bizimlə deyildi... Mən başqaları ilə bağlı xatirələri nadir halda bölüşürəm. Zənnimcə, onlarda çox kəskin anlar ola bilər. Bu xatirələr bəzən kifayət qədər ağrılıdır. Mənim xatirələrim indi də parlaqdır.

Sonrakı illərdə və aylarda bütün məhbuslar Belfast sazişi çərçivəsində azad edildilər, həbsxana isə bağlandı. Sonralar biz keçmiş məhbuslar həbsxananın saxlanması üçün kampaniya keçirdik. Bu, özünəməxsus ironiya idi. “Varislik haqqında” Qanuna görə, tarixi əhəmiyyəti olan bina qorunmalıdır. O vaxt həbsxananı dağıtmaq, yerlə bir etmək cəhdləri vardı. Biz binanı saxlamaq məqsədi ilə iddia qaldırdıq və udduq. Sonra Britaniya hökuməti apelyasiya verdi və biz yenə qalib gəldik. Həbsxana nədir? Biz aclıq etdiyimiz həbsxana xəstəxanasını və qismən də olsa həbsxananı saxlamağa çalışırdıq ki, o vaxtlar onun necə göründüyünü təsəvvür etmək mümkün olsun. Sonra isə onu muzeyə çevirək. Bu, hələ baş verməyib, ancaq mütləq olacaq.

Aclıqdan əvvəl zəif yerlərinizi aydınlaşdırmaq vacibdir

Euroradio: Hazırda o vaxtkı aclıqla bağlı nə düşünürsünüz? O, həbsxana sistemi ilə mübarizə üçün effektli üsul idi?

Lourens MakKyoun: Bu, ondan asılıdır ki, effektli dedikdə nəyi nəzərdə tutursunuz. Bəziləri 1981-ci il aclığının analizini aparıb söyləyə bilələr: on nəfər həlak oldu, sizin beş tələbiniz vardı, siz isə yalnız öz paltarınızı geyinmək hüququna nail ola bildiniz. Ancaq bu, ən vacib tələb idi, çünki biz heç vaxt Britaniya həbsxana paltarını geyinməyəcəyimizi söyləmişdik. Və geyinmədik. Biz təşkilatlana və bunu edə bildik, biz istədiyimizi edə bilirdik.

Hə, bu, guya qələbə deyil, ancaq buna respublikaçıların mübarizəsi nöqteyi-nəzərindən baxsaq... IRA Böyük Britaniyanın və İrlandiyanın hüdudlarından kənarda çoxlu könüllülər və silah, həmçinin pul və dəstək aldı. Bu, özünəməxsus məşq bazası idi. Effektivliyi yaranan əlaqələr nöqteyi-nəzərindən ölçmək lazımdır.
Son zamanlar heç kim aclığın tamamilə qeyri-effektiv olduğunu söyləmir. Ona görə də mən onu effektiv sayıram, çünki zahiri irəliləyişlər göz qabağındadır.

Euroradio: Siz Oleq Sentsovun işi barədə eşitmisiniz?

Lourens MakKyoun: Əlbəttə. Aclıq yetərincə geniş yayılmış praktikadır, ancaq harda keçirilməyindən asılı olmayaraq, onun kənardan mütəşəkkil kampaniya ilə dəstəklənməsi mütləqdir. Əgər məlumat yaxşı sənədləşdirilibsə və geniş reklam olunubsa, vəziyyət dəyişir. İnsan dəyişiklikləri görə bilməyib ölməyi ilə risk etsə belə. Ancaq onun həmfikirləri, ardıcılları varsa, onda...

Euroradio: Onda istənilən an ölmək olar.

Lourens MakKyoun: Aclıqdan əvvəl aydınlaşdırmaq vacibdir: orqanizminiz necə reaksiya verəcək, hansı zəif yerləriniz var. Aclıq insanlara müxtəlif cür təsir edə bilər. Onu reallaşdırmaq o qədər də asan məsələ deyil.

www.facebook.com/laurence.mckeown
www.facebook.com/laurence.mckeown

Həbsxana bizi sındırmadı. Biz həbsxananı sındırdıq

Euroradio: Keçmişdə nəyisə dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? Bəlkə IRA-ya daxil olmaq qərarınızı və aclıqda iştirakınızı?

Lourens MakKyoun: Bu, mənim şəxsi həyatıma təsir edən iki əlamətdar qərar olub: mən İRA-ya qəbul oldum və aclıq elan etmək qərarına gəldim. Mən bu hərəkətləri sabah da edərdim. Dəyişiklikıər təkcə xırda şəxsi, sosial məqamlarla bağlı olardı... Mən 16 il həbsxanada olmuşam. Adamlar, adətən, deyirlər: “Aman Allah!” Mənim aclığım 70 gün çəkib. Amma həbsxanada dostluq münasibətləri, yoldaşlıq ruhu, sevinc var. Və bu, hələ hamısı deyil. Bu, həm də özün üzərində işdir. Həbsxana insanları sındırmaq üçün yaradılıb. Amma o bizi sındırmadı. Əksinə, düşünürəm ki, biz həbsxananı sındırdıq və təlim düşərgəsin, IRA-nın məşq mərkəzinə çevirdik. Bu, mübarizə və ümiddir. Bu, qarşıya qoyulmuş məqsədlər, yoldaşlıq, əməkdaşlıq və müştərək müzakirədir. İnsanlar çox olan yerdə həmişə azlıq olur. Ancaq bu azlıq bir yerə toplansa, konkret ideya və məqsədləri bölüşsə, onun nələrə nail ola biləcəyi təəccüb doğurar.

Euroradio: Bütün yaşadıqlarınızdan sonra sizin dünya miqyasında bugünkü missiyanız nədən ibarətdir?

Lourens MakKyoun: Mən dramaturqam və incəsənətin mübarizədə vacib rolu olduğunu düşünürəm. Mübarizəni siyasi vasitələrlə etmək olar: seçkilərdə iştirak və s. Ancaq bununla məhdudlaşmamalıyıq. Bir çox başqa variant da mövcuddur: KİV, elmi çevrələr, incəsənət, teatr, kino. Burda siz siyasətçilərin, adətən, vermədiyi sualları qaldıra bilərsiniz.

Euroradio: Siz nə vaxtsa İrlandiyanın birləşəcəyinə inanırsınız?

Lourens MakKyoun: Mən tam əminəm ki, elə bu cür də olacaq. Bəlkə də, bu, mənim görmək istədiyimdən fərqlənəcək. Ancaq bu, 20, yaxud 30 il sonra, əksəriyyətin birləşmiş İrlandiyanın formalaşmasına, bu birləşmiş İrlandiyada yaşamağa hazır olduğu vaxt baş verəcək... Mən tələsmirəm. Vacib odur ki, bizdə bərabərlik və ədalət var, biz hər hansı formada diskriminasiyaya məruz qalmırıq.

IRA-nın silahlı mübarizəni dayandırmasına heyfsilənirəm

Euroradio: Mübarizəni davam etdirən insanlara nə söyləmək istərdiniz? İrlandiyada deyil, bütün dünyada. Nə məsləhət görürsünüz?

Lourens MakKyoun: Özümü məsləhətçi rolunda həmişə narahat hiss etmişəm. Hesab edirəm ki, taktika lazımdır. Silahlı mübarizəni dayandırdığımıza heyfsilənirəm, ancaq bəzən bu qaçılmazdır. Heç nədənsə bu yaxşıdır.

Bizim maddi dünyamızda bir çox insan ətraf problemlərdən təcrid olunur və özünü kifayət qədər rahat hiss edir. Onlar ətraf reallıqdan qapanırlar: yoxsulluqdan, ölümdən, edamlardan, həbsxanalardan, diskriminasiyalardan. Bəzi ölkələrdə isə hətta İrlandiya ilə müqayisədə dəhşətli hadisələr baş verir. İnanmaq istərdim ki, ağır şəraitdə olan insanlar hələ ümidlərini itirməyiblər, təşkilatlana və problemləri həll etməyə başlaya bilərlər. Mübarizənin qiyməti var, ancaq heç nə etməsək, öz hissəciyimizi itirmiş oluruq. Əgər vaxtilə addımları atmasaydım, bu gün özümü başqa cür hiss edərdim.

Haqlı olduğuma əminlik vardı. Nəticələr məni həbsxanaya apardı. Mən ölə bilərdim, amma inamım vardı. Və mən sağ qaldım. Sadəcə mövcud olmaq əvəzinə, insanlar ilk növbədə yaşadıqları əsarəti anlamalı, sonra isə təşkilatlanmalıdırlar. Ən yaxşısı istənilən ağır vəziyyətdə və mürəkkəb şəraitdə bu cür hərəkət etməkdir. Ancaq nəticələri də olacaq. Onda dəyərlərin təftişi başlayır. Biz rahat evlərdə yaşaya və öz şəxsi həyatımızı sürə bilərik, ya da dünyanı daha yaxşı etmək üçün nəyisə qurban verərik.

Lourens MakKoyn Euroradio-nun studiyasında
Lourens MakKoyn Euroradio-nun studiyasında

Euroradio: Və sonuncu sual. Üç sözlə cavab verməlisiniz. Həyatınızı üç sözlə necə təsvir edərdiniz?

Lourens MakKyoun: Mənim həyatım üç sözlə: ailə, yoldaşlarım və sevinc.

Euroradio: Yaxşı. İncəsənət və kino.

Lourens MakKyoun: İlham verən, savadlandıran, zövq oxşayan.

Euroradio: Dünya siyasəti.

Lourens MakKyoun: Darıxma, ümid. Əgər cəmi iki söz varsa, üçüncünü də deməliyəm?

Euroradio: Əlbəttə, yox. İki söz bəsdir.