Arıçılar: Ən bahalı xidmət Azərbaycandadır

Hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya veriləcək

“Bizim şikayətimiz Kənd Təsərrüfatı Nazirliyinə çatdırılıb. Nazirliyin “qaynar xətt”inə zəng vurub narazılığımızı bildirmişik”.

Qaxlı arıçı Arif Məmmədov belə deyir.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası”na əsasən arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya veriləcək. Subsidiyanın ödənilməsi üçün isə arı ailəsinin identikləşdirilməsi (Heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji preparatlar istehsalçılarının uçota alınması (kodlaşdırılması))
aparılır. Elə narazılıq da məhz bundan sonra başlayıb.

Ən bahalı xidmət Azərbaycandadır

Arif Məmmədov deyir ki, identikləşdirmə apararkən düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkidirlər və bu, 1 manat 80 qəpiyə başa gəlir: “Müxtəlif ölkələrin qiymətlərini öyrənmişik, Türkiyədə 50, Gürcüstanda 30 qəpik xidmət haqqıdır. Yəni ən bahalı xidmət Azərbaycandadır. Guya ki, barmaq boyda plastik o qədər baha imiş. Pulu bəri başdan alırlar”.

Arıçılar qeydiyyatı aparan şirkətlə maraqlanıblar, amma heç nə öyrənə bilməyiblər. Bəlli olub ki, şirkətin seçimi üçün tender keçirilməyib, nazirliyin rəsmi səhifəsində, eləcə də internetdə identikləşməni aparan şirkət haqda məlumat yoxdur.

Yəqin gələcəkdə nəzərə alınacaq

Vaqif Mehdiyev adlı digər arıçı isə deyir ki, qeydiyyat haqqının aşağı salınması ilə bağlı istəkləri yerinə yetirilməsə də, təklifə ilin sonunda yenidən baxılacağına söz verilib:

“Deyiblər ki, bu məsələyə baxılsa, subsidiyanın ödənilməsi gecikdirilə bilər. Çünki şirkətin dəyişdirilməsi vaxt aparacaq. Heç olmasa, 8 manat 20 qəpik ala biləcəyik, buna da şükür.

1 manat 80 qəpik veriləcək subsidiyadan, yəni 10 manatdan çıxılacaq. Əvvəl subsidiya da ödənilmirdi, indi 8 manat 20 qəpiyə də şükür edirik. Yəqin gələcəkdə nəzərə alacaqlar”,-deyə arıçı söyləyir.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, arıçının nə qədər arı pətəyi varsa, hamısına subsidiya veriləcək. Qış olduğu üçün pətəkdə qanunla tələb olunan ramka sayı nəzərə alınmayacaq.

Noyabrın 29-da Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Komissiya arıçılara hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat subsidiyanın verilməsi ilə bağlı 6 rayon komissiyasından daxil olmuş sənədlərə baxıb, 159 arıçıya saxladıqları 4532 arı ailəsinə görə 10 manat olmaqla cəmi 45320 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

“Yalnız onu bilirik ki, Kənd Təsərrüfatı Nazirliyindən asılı olmayan problemlər var. Biz bunun bal yarmarkasının təşkilində şahidi olmuşuq. Buna görə də arıçılar məhsulunu dəyər-dəyməzə satmağa çalışırlar. Bazar tapmaq çətin olduğundan qiymətləri artıra bilmirik”, –arıçılardan biri söyləyib.

Rəsmi məlumata görə, Azəbaycanda 238 minə yaxın arı ailəsi var. 2020-ci ildə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyü nəzərə alınaraq arıçılığın inkişafının mümkün olduğu güman edilir. Arıçılar isə deyirlər ki, hələlik vədlər verilir, gələn ilin aprelinədək onları narahat edən problemlər həll edilməlidir. “Onsuz da ümid etməkdən başqa çarəmiz yoxdur”, - Vaqif Mehdiyev belə deyir.

x

YAZARIN DİGƏR YAZILARI