Şəki sənətkarların diliylə: "Şəkiyə pul gəlmir, ancaq çıxır"

Şəki sənətkarları üçün adi günlərdən biridir. Müştəri ilə alış-veriş edib, qiymətdə razı salmaq lazımdı.

Şəkinin Şirinbulaq kənd sakini Mahir Hümbətov üçünsə 1 manatın da böyük əhəmiyyəti var. Axı o, hər il odun sobasından alıb, 9 nəfərlik ailəsi ilə onun istisinə qızınır.

"Bir ayda 90 manatlıq odun yandırırıq. Odun tapmayanda da yığılırıq bir yerə, üstümüzə yorğanı çəkirik. Çölə də çıxmırıq", - Mahir Hümbətov deyir.

Qaz problemi təkcə ucqar kəndlərdə yaşayanların dərdi deyil. Şəkinin mərkəzindən azca aralıda da qaz yoxdur.

"Şəkidə şəhərin içində yaşayırıq, amma qazımız yoxdur. Ehtiyac var, əlbəttə ki, bu yazıq kişi bizə bu sobaları 10 qəpik aşağı verir. Biz də bunları aparıb bazarda satırıq ki, çörək pulu qazanaq", - Mahir deyir.
Hikmət Lətifov ustadan 10 qəpik fərqlə sobaları alıb, bazarda satmağa çalışır.

10 ildir odun sobası düzəldib satmaqla həyatını qazanan usta Nizami Mirməmmədov deyir ki, qışda Şəkinin bəzi yerlərində qaz olmadığından sobaya tələbat çoxdur. O, həmçinin dolanışığın da çətin olduğunu vurğulayır.

"Şəki kombinatında 7 min insan işləyirdi. Hazırda barmaqla sayılacaq qədər insan çalışır. Yeni texnologiya gəlsə, əvvəlki kimi 6-7 min insan işləsə, Şəki də öz çörəyini çıxarar. Şəkinin pul gələn yeri yoxdur, ancaq pul çıxır", - Nizami Mirməmmədov deyir.

Ölkə başçısı İlham Əliyev oktyabrın 29-da Şəkiyə səfəri zamanı “Asan Həyat” Kompleksinin açılışında iştirak edib.

"Son illər görülən işlər nəticəsində qazlaşma 82 faizə çatıb"- president çıxışı zamanı deyib.

İlham Əliyev həmçinin Şəkidə 21 min iş yerinin açıldığını söyləyib: "Şəki gəncləri üçün iş yeri yaradılıb. 190 iş yeri sizə təqdim edilib".

"Təzə "Asan Xidmət", Bayraq Meydanı açıldı. Yenə orada həmin adamlar işləyir. Harasa işə girməkdən ötrü arxanda adamın olmalıdır. Yoxsa yalan söhbətdir", - 15 ildir divan-kreslo satışı ilə dolanan İlham Manafov gileylənir.

79 yaşlı Tahir Surxayev işsizlik ucbatından uşaqlarının, nəvələrinin Bakıya, Rusiyaya axışdığını deyir. O, indi 11 nəvəsilə ancaq telefonla əlaqə qura bilir.
"Ölmürəmmi nəvəm gəlsin, qolundan tutub aparım, nəticəmlə gəzim. İş yerləri olsa, hamısı gələr", - deyə Tahir Surxayev təəssüflənir.

x

YAZARIN DİGƏR YAZILARI