Onminlərlə azərbaycanlı hər vəchlə Avropada kök salmağa cəhd edir

Azərbaycandan siyasi sığınacaq axtaranların sayı kiçik bir şəhərin əhalisinin sayı ilə müqayisə ediləcək qədərdir - 40 min nəfərdən çox. Bu qədər sayda Azərbaycan vətəndaşı ötən on ildə dünyanın müxtəlif ölkələrində siyasi sığınacaq üçün müraciət edib. Onların hər biri müxtəlif növ risklərlə qarşılaşır - bir çox insan hətta ölkədən getməyə imkan tapmadan fırıldaqçıların yalanının qurbanına çevrilir və xeyli vəsait itirirlər; digərlərini isə deportasiya və vətənlərində xüsusi xidmət orqanlarının əzablı sorğu-sualları gözləyir. Meydan TV nəyin bahasına olursa-olsun, Azərbaycandan Avropaya köç etməyi qarşısına məqsəd qoyan insanların nələrlə üzləşdiyi haqda danışır.

Tanışların tanışları

10 min avro - Azərbaycanı dörd il öncə tərk edən Mehman Həsənov qaçqın statusu üçün məhz bu qədər vəsait xərcləməli olub. 2014-cü ildə işindən haqsız yerə çıxarıldıqdan sonra Mehman xaricə getmək üçün məsləhət verə biləcək hansısa firmaların axtarışına çıxır. Tezliklə tanışlarının tanışları tapılır və onlar Mehmana viza almaq üçün ərizəni doldurmağı öyrətməklə yanaşı, bəzi saxta sənədlər də hazırlayırlar. Mehmana izah edirlər ki, bu saxta sənədlər ona Almaniyada sığınacaq alacağına faktiki olaraq zəmanət verir. Saxta sənədlərin arasında Mehmanın guya müxalifət partiyasının üzvü olması haqda arayış da olub, digər sənədlər haqda isə, o, danışmamağa üstünlük verdi.

Xidmətlərə həm də sifarişçi üçün iş tapmaq da daxil idi: “Mənə bir il ərzində Almaniyada iş tapacaqlarını da vəd etmişdilər,” - Mehman Həsənov Meydan TV-yə danışır.

Tanışlarının tanışları başqa vədləri kimi, bunu da yerinə yetirmədilər (Mehman işi başqalarının köməyi olmadan tapır) və ən əsası isə Almaniya hökuməti də ona qaçqın statusu verməmək qərarına gəlir. 

“İş tapdığıma və eyni zamanda çalışdığım sahə üzrə burada təhsil aldığıma görə mənə [sənədlər baxılmaq mərhələsində ikən], bir neçə illik yaşayış icazəsi verildi”, - o, belə deyir.  

Mehman - ixtisasca mühəndisdir, Azərbaycanın nə nüfuzlu ali təhsil müəssisəsinin - Neft Akademiyasının məzunudur. O, Almaniyada  ixtisası üzrə iş tapa bilir. Su təchizatı və qızdırıcı sistemlər mütəxəssisi kimi çalışmağa başlayır. Bu iş imkanı yaranmasa idi, Mehmanı deport olunmaq təhlükəsi gözləyirdi.  

Daha yaxşı həyat axtarışında

Avropaya köç edən azərbaycanlıların sayı artmaqda davam edir. Bununla bərabər sığınacaq axtaranların da sayı çoxalmaqdadır. Ötən il  Avropanın müxtəlif ölkələrində 6 mindən çox Azərbaycan vətəndaşı sığınacaq üçün müraciət edib. Onların yarıdan çoxu, 54 faizi bəxtini Almaniyada sınayıb.

“Azərbaycan Miqrasiya Mərkəsi“ İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, qaçqın statusu üçün müraciət edənlərin ən yüksək həddi 2016-cı ildə müşahidə edilib. Həmin ildə yalnız Almaniyada 6700 şəxs qaçqın statusu almaq üçün müraciət edib.

Sosioloji Monitorinqlər Mərkəzinin apardığı araşdırmaların nəticələrinə görə, demək olar ki, sorğuda iştirak edənlərin hamısı - 91 faizi onların yaxın çevrəsində ölkədəki ağır sosial-iqtisadi çətinliklər üzündən xaricə işləməyə gedən insanların olduğunu qeyd edib. Respondentlərin 58 faizi köçün əsas səbəbi kimi Azərbaycanda maaşların və təhsil səviyyəsinin aşağı olmasını göstərir, 22 faizi isə əsas faktoru korrupsiya hesab edir. Sorğunun digər iştirakçıları isə insanların ölkədən getməsini Avropada effektiv sosial təminatın olması ilə əlaqələndiriblər.

“Azərbaycan Miqrasiya Mərkəzi”nin rəhbəri hesab edir ki, xaricə köçməyi arzu edən minlərlə insan ordusunun olması fırıldaqçılar üçün yaxşı fürsət yaradıb. Onun sözlərinə görə, son illər ölkədən gedən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti vətəndə turizm şirkətlərinə böyük məbləğdə pullar verməli olurlar. Belə hallarda təbii ki, hər hansısa bir rəsmi razılaşmadan söhbət getmir. Turizm şirkətinin əməkdaşı müştəriyə Avropada leqal status əldə etməyi vəd edərək, əvəzində ondan səyahət paketindən dəfələrcə daha çox olan məbləğı ödəməyi təklif edir. Bu cür xidmətlərin qiymətləri də müxtəlifdir. Adətən bir nəfərlik vizanın məbləğı 2 min avrodur. “Xidmətlər paketinə” aviabiletlər, hava limanında qarşılama, qaçqın düşərgəsində yerləşdirmə də daxil ola bilər və belə olan halda məbləğ də artır. Bir ailə üçün xərclərin həcmi 20-30 min avroyadək arta bilər. Avropaya köçməyə qərar verənlərin bir çoxu lazımi məbləğı əldə etmək üçün Azərbaycanda evlərini satmalı olurlar.  

“Azərbaycan Miqrasiya Mərkəsi“ İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev
“Azərbaycan Miqrasiya Mərkəsi“ İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev

“İnsanlara vəd edirlər ki, pulu ödədikləri halda onlar mütləq qaçqın statusu əldə edəcəklər. Belə vədlər artıq insanları ehtiyatlandırmalıdır”, - Əlövsət Əliyev belə deyir:

“Çünki hətta prosedura uyğun bütün lazımı və həqiqətə uyğun sənədləri belə topladığın halda, kimsə buna zəmanət verə bilməz. Hətta vizanı alan turist avropalı sərhəd xidməti əməkdaşının xoşuna gəlmədiyindən onu geri ölkəsinə göndərməyəcəyindən sığortalanmayıb”.  

Ə.Əliyevin sözlərinə görə, bəzi aldadılmış müştərilər fırıldaqçıları məsuliyyətə cəlb etməyə cəhd göstəriblər:

“Adətən polis bu cür ərizələri qəbul etmir. Lakin bu yaxınlarda onlar bir neçə şirkətin rəhbərini saxlamalı olublar. Və cəmi bir neçə gündən sonra onların hamısı azadlığa buraxıldı və çox güman ki, rüşvətin müqabilində”.

Bununla belə, Əlövsət Əliyev pul müqabilində satın aldıqları vədləri boşa çıxmış şəxslərin heç də hamısını qurban hesab etmir:

“Çoxu özünü aldanmış hesab edir. Lakin buna baxmayaraq, polisə müraciət etmirlər. Çünki hətta müvəqqəti və qanunsuz da olsa belə, Avropada qalmaq onları vətənlərindəki həyatlarından daha çox qane edir. Bəziləri tezliklə xərclədikləri pulun “əvəzini çıxara” bilirlər - sosial müavinət alırlar, ixtisaslaşdırılmamış qeyri-leqal işlər tapıb çalışırlar”.

Azərbaycanı dörd il öncə tərk edən Mehman Həsənov
Azərbaycanı dörd il öncə tərk edən Mehman Həsənov

54 pasport və ya “miqrasiya biznesi” necə işləyir?

“Sığnacaq alverçilərinin” dövlət orqanlarında öz adamlarının olmasını Mehman Həsənova 10 min avro müqabilində “hər şeyi düz-qoş” etməyi söz verən tanışları da deyiblər.

“Mənə bura gəlməyə kömək edənlər də dedilər ki, Azərbaycanda DİN-də və digər qurumlarda əlaqələri var. Onların həm də Almaniyada birbaşa öz yardımçıları var idi. Mən bura gələndə, onlardan biri mənimlə görüşmüşdü”, – deyə Mehman Həsənov xatırlayır.

Bu cür qeyri-leqal sxemə cəlb edilənlər Azərbaycanda həbs olunmasalar da, onların məsuliyyətə cəld edilməsinə Almaniyada rast gəlinir. Məsələn, alman mətbuatının yaydığı məlumata əsasən, bu ilin martında 7 nəfərin Almaniyaya qanunsuz gəlməsini təşkil edən 51 yaşlı bir azərbaycanlı qadın həbs edilib. Araşdırma nəticəsində onun Bakıda turizm şirkətləri ilə əlbir çalışdığı, həmçinin müştərilərindən 32 min avro əldə edəcəyi də müəyyən olunub.

İstintaq məlumatlarına əsasən, Almaniyaya gəlmək üçün müxtəlif hekayələrdən istifadə olunub. Bir halda təqsirləndirilən şəxs müştərilərinə Praqaya səyahət paketi alıb və Çexiyanın Azərbaycandakı səfirliyinə viza üçün ərizə verməyə kömək edib. Səfərin məqsədi kimi bal ayı gəzintisi göstərilib. Azərbaycan vətəndaşları Praqadan Almaniyaya gəlirlər və fırıldaqçılıqda təqsirləndirilən qadın çütlüyün pasportlarını əllərindən alaraq, onları Bielefeld şəhərindəki sığınacaq axtaranlar üçün mərkəzə gətirir. Bu xidmətlərinin müqabilində qadın onlardan 2500 avro almalı idi.

Axtarış zamanı təqsirləndirilənin mənzilində 54 Azərbaycan pasportu tapılıb. Polis zərərçəkənlərin sayının daha çox olduğunu ehtimal edir və araşdırma davam edir.

Mehman Həsənovun da sənədləri, Almaniyaya gəldikdən sonra onu burada qarşılayan “vasitəçi” şəxs tərəfindən alınıb. O, bunun, miqrasiya xidmətinin sığınacaq axtaran şəxslərin Almaniyaya hardan giriş etdiyini müəyyənləşdirə bilməməsi bəhanəsi ilə olunduğunu düşünür. Sığınacaq axtaranlar isə miqrasiya xidmətinə sənədləri itirdiklərini deyirlər.

“Psixoloji olaraq çətindir”

Yeni miqrant olanlar arasında başqa bir ölkəyə gələrkən məyusluq hissi keçirməyən çox az sayda adama rast gəlmək olar. Bəzən qaçqın statusunun alınması illərlə gözləmək deməkdir və heç də arzulamadığın şəaitdə yaşamalı olursan: sığınacaq axtaranlar həbsxana qaydaları ilə idarə olunan qapalı düşərgələrdən, yataqxanalardakı dar otaqlardan, hətta yeraltı bunkerlərdən söhbət açırlar. 

“Mən artıq bir ildir ki, Amsterdamdan bir xeyli uzaqda, kiçik bir şəhərcikdəki qaçqın düşərgəsində, qızım və həyat yoldaşımla birgə kiçik bir otaqda yaşayıram. Psixoloji olaraq çox çətindir”, - Hollandiyada sığınacaq üçün müraciət edən jurnalist Tural Qurbanlı danışır. Deyir məcburiyyət qarşısında qalmasa idi, heç zaman Avropada qaçqın həyatını könüllü olaraq seçməzdi.

Hollandiyada sığınacaq üçün müraciət edən jurnalist Tural Qurbanlı və ailəsi
Hollandiyada sığınacaq üçün müraciət edən jurnalist Tural Qurbanlı və ailəsi

Ekspertlərin sözlərinə görə, Avropada qaçqın statusu üçün müraciət edərkən əksər azərbaycanlılar siyasi təqibləri əsas gətirirlər, lakin onların arasında həqiqi təqiblərə məruz qalanların faizi çox aşağıdır. Statistikaya əsasən Almaniya hökuməti sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarından təxminən 15 faizini təmin edir. Müraciətləri təmin edilməyənlər isə deportasiya olunur. Bu ilin 9 ayı ərzində artıq 1300-ə yaxın şəxs barəsində ölkəni tərk etmək haqda qərar verilib. Onlardan biri də Mehman Həsənovun həyat yoldaşıdır:

“İşimlə əlaqədar mənə Almaniyada 2021-ci ilə qədər qalmağa icazə verilsə də, yoldaşıma bəzi sənədləri hazırlamalı olduğunu bildirdilər. O müddətdə mən işdə olarkən, həyat yoldaşım mənə zəng etdi ki, polislər immiqrasiya xidmətinin əməkdaşı ilə birgə onu deport etmək üçün evimizə gəliblər. Yoldaşıma heç ona lazım olan bəzi şeyləri belə götürməyə imkan verməyiblər. Təcili götürüb gediblər. O da, Azərbaycanda bəzi çətinliklərlə üzləşsə də, sağ-salamat gedib çatıb”.

Mühacirin müvəqqəti sığınacaqda yaşadığı otaq
Mühacirin müvəqqəti sığınacaqda yaşadığı otaq

Rədd cavabı aldıqlarına görə Avropadan deportasiya olunan və ya könüllü getməyə məcbur qalanların bir qismi təslim olmur: 2017-ci ildə 1152 nəfər Azərbaycan vətəndaşı Almaniya hökumətinə təkrar müraciət edib. Və onlardan yalnız 8,9 faizi qaçqın statusu ala bilib.

Deportasiyaları bir çoxu isteriya ilə qarşılayır: özünə qəsd və polisə müqavimət kimi hallara da rast gəlinir. Bu ilin yanvarında deportasiya edilən azərbaycanlılar hətta təhlükəsizlik və immiqrasiya xidmətinin əməkdaşlarını girov götürmüşdülər.

İyulun 18-də isə Almaniyadan 51 nəfər Azərbaycan vətəndaşı çarter reysi ilə geri qaytarılıb. Bu deportasiya zamanı da bir gənc qadın qayıtmamaq üçün özünə xəsarət yetirib.

Çətinliklərin bir qismi isə deportasiya olunanları artıq vətəndə gözləyir. Hüquq müdafiəçisi Əlövsət Əliyev bildirir ki, geri qayıdanların hamısı xüsusi xidmət orqanları tərəfindən saatlarla sorğu-sual olunurlar:

“Onlardan Avropada müxalifət üzvlərindən kimləri gördükləri,  fəallar, onların siyasi məhbus ailələrinə göndərdikləri yardımlar, bu yardım kampaniyalarını kimlərin təşkil etməsi və iştirakçıları haqda soruşurlar”.

Əlövsət Əliyevin sözlərinə görə, bəzi şəxslərin qanunsuz olaraq dövlət sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılması haqda faktlar da məlumdur. İyulda Almaniyadan kütləvi deportasiya olunanlardan biri təxminən bir həftə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldıqdan sonra Azərbaycan vətəndaşı olmasına baxmayaraq, Ukraynaya deportasiya edilib.

Geri qaytarılanlardan polis əməkdaşlarının rüşvət alması kimi hallara da rast gəlinir.

Avropaya köç getdikcə çətinləşir

Avropaya gələn ümumi qaçqınların sayı tədricən azaldığından, sığınacaq üçün müraciətlərin baxılması işi sürətlənib. Eyni zamanda öncəki illərdə gələn azərbaycanlıların bir çoxunun məhkəmə araşdırması başa çatdıqca, deportasiyaların da sayı sürətlə artır. Bununla belə, Azərbaycandan getmək istəyənlərin sayı azalmasa da, artıq Avropaya gəlmək xeyli çətinləşib.

“Əhalinin orta təbəqəsi, yəni ölkəni tərk etmək üçün potensial hesab olunan hissəsi bank asılılığında qalıb. Eyni zamanda Avropa İttifaqına aid olan ölkələrin səfrilikləri Azərbaycan vətəndaşlarına vizaların verilməsində sərt qaydalar tətbiq edirlər. Ona görə də 2018-ci ildə əvvəlki illərlə müqayisədə xaricə gedənlərin sayı azalıb”- deyən Əlövsət Əliyev, həmçinin qeyd edir ki, Avropaya qonşu Gürcüstan və Ermənistandan daha çox qaçqın getməsinə baxmayaraq, bu ölkələrin hökumətləri vətəndaşlarına qarşı viza rejiminin sərtləşməsinə imkan vermir. Azərbaycan isə bu sahədə səfirliklərlə heç bir iş aparmır və əksinə hökumət fəalların xaricə getməsini istəmədiyindən yaranmış vəziyyətdən məmnundur.

Hazirda Düsseldorf şəhərində qızı ilə birgə, həyat yoldaşından ayrı yaşamalı olan Mehman Hüseynov, Avropaya gəlmək üçün qaçın statusuna müraciət etməyin heç də yeganə və hər zaman doğru yol olmadığını düşünür:

“Avropaya asanlıqla təhsil almaq üçün də gəlmək olar. Xüsusən də mütəxəssislər üçün burada geniş iş imkanları var. Getmək istədiyin ölkənin dilini orta səviyyədə öyrənib qanuni şəkildə müraciət edib, işçi vizası almaq olar. Belə əliəyri insanlar, fırıldaqçılardan uzaq durmaq lazımdır ki, belə problemlər yaşanmasın”.