Kürdəbaz sakinləri: İkinci ildir ki, uşaqlarımız təhsildən kənarda qalıb

Kürdəbazlılar

Sakinlər azyaşlı övladlarını qonşu kənddəki məktəbə buraxmır

“Az qala hər gün bir iyrənc hadisənin xəbərini alırıq. Əl boyda uşaqları təkbaşına qonşu kəndə necə yollayaq? Biz bunu 1 il əvvəl məktəbimiz ləğv olunanda etiraz aksiyalarımıza gələn məmurlara da demişik. 800-ə yaxın əhalisi olan kəndi necə məktəbsiz qoymaq olar? O məktəbin 104 şagirdi vardı, indi onlardan yalnız 15-20-si qonşu kənddəki məktəbə gedir. Onlar da icra nümayəndəsinin, bələdiyyə sədrinin, müəllimlərin öz uşaqlarıdır. Qalan 80-90 uşaqdan da yalnız oğlanların az qismi havalar mülayim olanda məktəbə gedir. Yağış, şaxta, qar olanda yollar keçilməz olur, hava tez qaralır, ətrafda çaqqal-it ulaşır, uşaq o yolu gedib-gələ bilmir,”- Masallının Kürdəbaz kəndinin sakinləri belə deyir

Əsasən də qızları qonşu kəndə buraxmırıq

Kənd sakinləri Meydan TV-yə danışırlar ki, 1 il əvvəl kənddəki məktəbin bağlanması səbəbindən 100-dən çox şagird demək olar ki, təhsilsiz qalıb. Təhsil Nazirliyi kənd məktəbi ilə Qarğalıq kəndindəki məktəbi birləşdirəndən, Kürdəbazdakı şagird-müəllim heyətini həmin məktəbə köçürəndən məktəblilərin davamiyyəti pozulub. Təhsil ilinin çox hissəsi qış aylarına düşdüyündən, ötən il valideynlər övladlarını qonşu kənddəki məktəbə yollamayıb. 1 aya yaxındır ki, yeni təhsil ili başlayıb, ancaq vəziyyət dəyişməyib. Sakinlərin deməsinə görə, Kürdəbazdan Qarğalığa dərs oxumağa gedən şagirdlər yenə barmaqla sayılacaq qədərdir. Kənd sakini Lətifə Əliyeva deyir, valideynlər əsasən də qız övladlarını məktəbə buraxmır:

“Çoxu qız övladlarının sənədini heç qonşu kənddəki məktəbə vermədi. Ötən ilədək məktəbə gedən qızların demək olar ki, hamısı indi evdə oturub. Bu vəziyyəti hökumət özü yaradıb. Axı bu uşaqların yaxşı-pis getdikləri məktəbləri vardı, özü də o məktəbi 1989-cu ildə özümüz tikmişdik. Hökumət bizə məktəb tikməmişdi, ancaq əlimizdən aldı. Xalqın təhsilini, məktəbini əlindən alırlar. Bu kənddə adını yaza bilməyən gələcək yetişir. Bunun da səbəbkarı birbaşa hökumətdir”.

Nəqliyyat ayırmayıblar, piyada gedib-gəlmək çətindir

Kənd sakini Vəli Əhmədov deyir, uşaqlar qonşu kəndin məktəbinə köçürülsələr də, nəqliyyat məsələsi həll olunmayıb:

“Məktəbi bağladılar, mən də oturtmuşam uşağı evdə... Özüm orda-burda fəhləlik edirəm, həyat yoldaşım əlildir. Körpə uşaqlardı, evin yaxınlığında olanda özləri gedib-gəlirdilər, indi Qarğalığa aparıb-gətirən yoxdur. 100-dən çox azyaşlını qonşu kəndə göndərir, bir mikroavtobus ayırmır ki, biz də arxayın olaq, səhərlər uşaqları təhvil verib, günortalar təhvil alaq. 100-dən çox uşağın səhərdən axşamadək qonşu kəndə piyada gedib-gəlməsi çətindir. Uşaqlar yollarda qala bilməzlər. Qarğalıqla aramız 3-4 kilometrdir. Bir azdan qar yağanda yollar da bağlanacaq. Qar yolları tutanda o kənddən bu kəndə heç çörək maşını gəlib çıxa bilmir, bunlar deyir, uşaq dərsə getməlidir”.

Kitabxana, klub yox idi, məktəbi də bağladılar

Valideyn deyir, kənddə başqa əlverişli bina da yoxdur ki, uşaqlar orada yazıb-oxumağı öyrənsinlər:

“Bir kitabxana, bir mədəniyyət klubu yoxdur ki, qonşu kəndə gedə bilməyən uşaqlar heç olmasa, dəftər-qələmlərini götürüb, gedib həmin məkanlarda yazıb-pozmağı öyrənsinlər.

Valideynlər Təhsil Nazirliyinə, Masallının icra hakimiyyətinə, prezidentə, Birinci-vitse-prezidentə müraciət ediblər ki, sayı 800-dən çox olan əhalisi, 100-dən çox məktəblisi olan Kürdəbazda məktəb bərpa olunsun. Ancaq 1 ildən çoxdur müraciətlərinə cavab almayıblar.

Masallı Rayon Təhsil Şöbəsindən bildirilib ki, Kürdəbazdakı məktəb təhsil göstəriciləri aşağı olduğuna görə ləğv edilib. Təhsilin keyfiyyətinin artırılması məqsədilə həmin məktəbin şagird və müəllim heyəti qonşuluqdakı Qarğalıq kənd məktəbinə köçürülüb. Kürdəbaz kəndi Qarğalıq kənd inzibati ərazi dairəsinə daxil olduğundan və kəndlər bir-birinə yaxın olduğundan 1 il əvvəl belə bir qərar verilib, icra olunub. Hazırda kürdəbazlı şagirdlər Qarğalıqdakı 620 yerlik məktəbdə təhsil alır: “Bütün işlər “Təhsil haqqında” Qanuna uyğun aparılır, məktəblilərin davamiyyəti də normaldır”.

İki kənd arasındakı məsafə 4 kilometrdir. Yerli icra hakimiyyətindən bildirilib ki, bir müddət əvvəl yola asfalt döşənilib. Valideynlər müraciət edərlərsə, qarşıdan gələn qış ayları müddətində məktəblilərin daşınması üçün nəqliyyat ayrılması məsələsi həll olunar. Ancaq rəsmi qurumlar kənddə məktəbin fəaliyyətinin bərpa olunacağı barədə bir söz demir.

x

YAZARIN DİGƏR YAZILARI