''Hər bir vətəndaş inflyasiyanı öz güzəranında hiss edir''

İqtisadçı DSK-nın məlumatlarını real saymır

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artıb.

Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən yazır ki, ərzaq məhsulları 2,8 faiz, qeyri-ərzaq malları 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.

Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% faiz artıb.

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3 faiz bahalaşıb. Bu müddətdə ərzaq məhsullarının qiymətləri 3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz artıb. Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, DSK-nin inflyasiya haqqında statistikasının əksər insanlarda şübhə doğurur.

O, istehlakçı kimi apardığı monitorinqlərə istinad edib:

“Ümumilikdə, gündəlik istehlak malları təqribən 10 faizdən çox bahalaşıb. Amma bəzi mallarda bahalaşma daha çox olub”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli.

Nazim Bəydəmirlinin sözlərinə görə, DSK-nin inflyasiya dərəcələri ilə bağlı apardığı metodologiya bugünün tələblərinə cavab vermədiyindən strukturun dəyişməsinə və yeniləşməsinə ehtiyac var.

İqtisadçı bildirib ki, son vaxtlar həftəlik qiymət artımıyla rastlaşır:

“Bunu stimullaşdıran tarifləri dövlət tərəfindən müəyyənləşdirən və nəqliyyatda artımı göstərmək olar. Təbii ki, enerjidaşıyıcıları ilə bağlı sonuncu qiymət artımı bahalaşmanın sürətlənməsinə mənfi təsir etdi və bu, istehlakçılar üçün kifayət qədər ziyanlıdır. Vətəndaşlar maaş və pensiyalar artmadan qiymət artımını mənfi qarşılayırlar. Baxmayaraq ki, qonşu ölkələrin valyutaları devalvasiyaya uğrayır və məntiqlə orda gələn məhsullar ucuzlaşmalıdır. Çünki Azərbaycanda bir neçə ildir dollar sabit qalıbsa, bu tipli malların qiymətinin aşağı düşməsi özünü göstərməliydi. Ümumilikdə, “gündəlik tələbat malları da daxil olmaqla bir çox məhsul idxal olunduğundan qiymət artımı nədən baş verir” sualının cavabını məmur sahibkarlığında və inhisarlaşmada axtarmaq lazımdır. Ona görə hökumət iqtisadi fəaliyyəti daha da stimullaşdırmaq üçün addımlar atmalıdır.

İqtisadçı Qadir İbrahimli DSK-nın hansı meyarlar əsasında inflyasiya cədvəlini tərtib etdiyinin onun üçün nəmalum qaldığını deyir:

Qadir İbrahimli
Qadir İbrahimli.

“Ola bilər, hansısa mal qruplarında, xidmətlərdə, daşınmaz əmlak bazarında inflyasiya baş verməsin, qiymətlər sabit qalsın, amma ərzaq, gündəlik tələbat mallarında inflyasiya kifayət qədər yüksəkdir. Hər bir vətəndaş hazırkı inflyasiyanı öz güzəranında hiss edir, bunu danmaq mümkün deyil. Ona görə komitənin məlumatı real göstərici deyil və heç bir tənqidə də dözmür”.

x

YAZARIN DİGƏR YAZILARI