Təsərrüfatçılar satmaq üçün gətirdikləri malın üstündə yatırlar

Bakı. Kənd təsərrüfatı məhsullarının şənbə-bazar yarmarkası. Saat 05:00.

Əkib becərdikləri məhsulu satmaq üçün bölgələrdən paytaxta üz tutanlar burada gecələyirlər. Kimisi gətirdiyi məhsulların üstündə, kimisi yük maşınında, kimisi də səkidə yatır.
“Bakı kəndlərindən göy-göyərti gətiririk. Həftənin 2 gününü gəlirik bazara. Qalan günlərdə də istirahət edirik. İş yox, güc yox. Bax, o qarpız gətirib satır, göyərti satmaz. Mən isə ömür boyu qarpız satmaram, ancaq göyərti satıram. Hər şeyin bir xəstəsi var. Kənd yeridir də. Birinci gün gedib dincələcəyik, ikinci gün beli götürəcəyik əlimizə. Belin qabarına bax”- əkinçi Nüsrəddin Babayev əlindəki yara izlərini göstərir.

“Qarpızı Sabirabad rayonundan gətirmişik. Öz məhsulumuzdur. Keçən il əkin az oldu. Bu il də ona görə bahadır. Sahədə qarpızın kilosu 30-35 qəpiyə verilir. Satışı da 50-60 qəpiyə olur. Biz 40 qəpiyə veririk.

Camaatı nəzərə alıb ucuzlaşdırmışıq”- Samir Şirinov deyir.

“Masallı rayonun Xıl kəndindən meyvə-tərəvəz gətirmişik. Badımcan, bibər, xiyar. Prezident fərman verib. Kənd təsərrüfatı mallarını əkib-becəririk. Sonra gətirib burada ucuz qiymətə satırıq. Öz rayonumuzda tədarük məntəqəsi olsa, bizim üçün daha əlverişli olar. Bura bizə uzaqdır deyə gəlib-getmək sərf eləmir. Hər dəfə 70-80 manat yol pulumuz çıxır”- əkinçi Nazim İslamov çətinliklərindən danışır.
“Kənd yerlərində “kooptorq” (kooperativ ticarət) açılmalıdır. Sovet dövründə “kooptorq”larımız var idi. Aparıb malı təhvil verirdik. Onlar da paylayırdı şəhərin içinə. Daha gəlmirdik buraya. Olub da belə şeylər” - Nüsrəddin Babayev 1980-ci illərdən danışır. 

Saat 10:00. Şəhər sakinləri yarmarkalara gəlməyə başlayıb.

Alıcılar qiymətlərin nisbətən ucuz olduğunu deyir. Bununla yanaşı, əkinçilərin çətinliklərindən xəbərdar olduqlarını bildirirlər.

Kənd Təsərrüfatı Nazirliyi hər həftə paytaxtda yarmarkalar təşkil edir. Nazirlik bildirir ki, bu yarmarkalar əhalinin tələbatını ödəmək və bazarlardakı qiymətlərin sabit saxlanması üçün keçirilir.

x

YAZARIN DİGƏR YAZILARI