''Elə vəziyyət yaradırlar ki, biz burdan qaçıb gedək''

Bayıl qəsəbəsi, Xanlar küçəsi 10 ünvanının sakinləri yavaş- yavaş bu binadan köçürlər. 33 ailədən geriyə yalnız 5 ailə qalıb.

Sakinlərin evlərini alan “Sabah Rezidens” adlı şirkətdir. Şirkət ötən ilin avqustun 30-da qeydiyyata alınıb. Şirkət rəsmiləri bunu “Pilot layihə” adlandırırlar. Bina sakini Samirə Səlimova deyir ki, köçmədiyi üçün şirkətin əməkdaşları 17 il yaşadığı evini ona dar ediblər.

Samirə Səlimova: “Pilləkənlərin pillələrini söküblər, daşları da ortaya töküblər. Dünən, mən yığışdırdım. İki həftədir qazsız qalmışıq. Bayramdan əvvəl ayın 14-ü qaz borusunu necə kəsiblərsə, indi qaz idarəsi düzəldə bilmir. KaTV-yə zəng etdilər ki, söndürün. Telefon xəttini kəsiblər. Yəni, elə vəziyyət yaradırlar ki, biz burdan qaçıb gedək”.

Sakin Zakir Ağazadə isə deyir ki, “Marketinq Biznes Analiz” qiymətləndirmə şirkəti aylar öncə bu evə 116 min 750 manat qiymət qoyub. “Sabah Rezidens” həmin məbləği ödəmək istəmədiyi üçün evindən çıxmır.

Zakir Ağazadə: “Qonşulardan biri Suraxanıda, başqası Zabratda ev alıb. Bu ətrafdan ev alan yoxdur. Elə pul verirlər ki, yerin qiyməti ilə uyğun gəlmir”.
Samirə Səlimova onu da qeyd etdi ki, bina sakinləri ilə birgə Prezident Administrasiyasına, Bakı şəhər Baş Polis İdarəsinə və başqa yerlərə də müraciət ediblər.

Samirə Səlimova: “Mən onlara deyəndə ki, bezmişəm, deyirlər ki, yox, sən bezməmisən. Sən bezsəydin, biz sənə nə veririk, götürərdin, yəni evini bizə pay verərdin, qaçardın”.

Şirkətin sahə rəhbəri Yusif Quliyev verdiyi açıqlama da isə bildirib ki, söküntü Nazirlər Kabinetinin 86 nömrəli qərarına əsasən həyata keçirilir. Binanın qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin aktı və Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı var.

Yusif Quliyev: “Bu pilot layihədir, biz pul ödəmək məcburiyyətində deyilik və ixtiyarımız da yoxdur. Biz yaşayış sahəsi ilə təmin etməliyik və onu da təklif etmişik”.

Sakinlər istəkləri həyata keçməzsə, məhkəməyə müraciət edəcəklərini bildirdilər.

x

YAZARIN DİGƏR YAZILARI