Duluzlar məhəlləsində mavi yanacaq tələbi

Məhəllə sakini: ''Göz görə-görə uşaqların əl-ayağı soyuqdan iflic olur''

“Meşəyə yaxın gedə bilmirik. Meşəbəyi o dəqiqə rayondakı Ekologiya şöbəsinə xəbərləyir. Gəlib kəndliləri cərimələyirlər. Deyirlər, meşədən ağac qırmaq cinayətdir. Biz də soruşuruq – bəs körpə uşaqları soyuqdan dondurmaq nədir? Göz görə-görə uşaqların əl-ayağı soyuqdan iflic olur”.

Bunu Meydan TV-yə Şəkinin Kiş kəndindəki Duluzlar məhəlləsinin sakinləri deyir.

Köhnə qaz xətləri dağıdılıb, yeniləri çəkilməyib

Duluzlar məhəlləsində azı yüz ailə yaşayır. 3 il əvvəl kəndə qaz xətti çəkildiyini eşidəndə bu məhəllənin də sakinləri sevinib. Ancaq bu sevincləri uzun sürməyib. Kəndin bir hissəsi qazlaşdırılsa da, böyük bir məhəllə sakinlər demişkən, bu savab işdən kənarda qalıb. Məhəllənin ağbirçəklərindən olan Gülyaz Kərimova deyir, məhəllədə 90-cı illərin ortalarına kimi Sovetdən qalan qaz xətti də olub, mavi yanacaq da… Sonradan yenisini çəkmək adıyla xətləri dağıdıblar. O gün – bu gün, məhəllə yanacaqsız qalıb:

“20 ildən çoxdur qazsız qalmışıq. 3 il olar ki, qaz xəttini çəkib gətirib gözdağı kimi məhəllənin girişində saxlayıbar, ancaq məhəlləyə paylamayıblar. Sayğaclaşma da aparılmayıb. Ancaq kəndin başqa yerlərinə çoxdan qaz verilib”.

Qaz tələbi ilə paytaxta da gəliblər…

Məhəllə sakinləri mavi yanacaq tələbi ilə bir neçə dəfə paytaxta da üz tutublar. Ancaq “Azəriqaz”dan onlara bildirilib ki, tezsliklə məhəlləyə də qaz xətti çəkiləcək.

Məhəllə sakini Zahidə Hüseynova deyir, məhəllənin qazlaşdırılması üçün illərdir ki, dövlət qurumlarına ayaq döyürlər:

“Meşəyə buraxmırlar, odun işinə xüsusi adamlar baxır. İldən ilə də odunun qiymətini qaldırırlar. Qışda 15 manatlıq odun heç bir həftə kifayət etmir. İcra hakimiyyətinə gedirik, qapı arxasında qalırıq. Yerli qaz idarəsinin vədləri də baş aldatmaqdır. Bizə də maraqlıdır, nəyə görə bu boyda kəndin qazı var, bizim məhəlləni qazlaşdırmırlar?”

Rayon mərkəzindən 5 kilometr aralıda yerləşən Kiş dağətəyi kənddir. Qışı sərt keçir. Hazırda havaların soyuq keçməsi üzündən Duluzlar məhəlləsində hələ də evləri isitmək üçün odundan istifadə olunur, yemək ocaqda hazırlanır.

Suyu da özümüz çəkdik

Kənd sakini deyir, uzun illər məhəllənin su problemi də olub. Ancaq onlar bu problemi öz cibləri hesabına həll ediblər. Qazlaşdırmaya vəsait toplamağa isə imkanları yoxdur:

“Əkin-biçinlə məşğul oluruq. Kəndlidə pul hardandı? Bu problemləri kəndli özü həll edəcəksə, hökumət nə üçündür? Kəndli su çəksin, kəndli yol düzəltsin, kəndli qaz çəksin... Bəs hökumət neynir? Axı bu kəndi qazlaşdırmaq üçün büdcədən pul ayrılıb. Necə olur ki, kəndin başqa məhəlllələrinə qaz xətti çəkilir, Duluzlara yox?”

Rəsmi qurum: “Tezliklə həll olacaq”

Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Kiş kəndindəki məhəllədaxili ərazilərə qaz xətlərinin çəkilişinə 2013-cü ildən başlanılıb. Kəndin böyük hissəsi tam qazlaşdırılıb. Hazırda bu proses davam edir. Tezliklə mavi yanacaqsız məhəllə qalmayacaq.

x

YAZARIN DİGƏR YAZILARI