Cəfər İbrahimli: Ən azı 5 il lazım olacaq

Cəfər İbrahimli

''Bu il bankların kapitalında böyük ölçüdə müsbət irəliləyiş olacağı proqnozlaşdırılır''

Son 3 ildə Azərbaycan iqtisadiyyatının əsas müzakirə mövzusu 2015-ci ildə baş verən iki devalvasiyanın yaratdığı problemlərdir.
İqtisadçı Cəfər İbrahimli də Meydan TV-nin bu yöndə olan suallarını cavablandırır.

Cəfər İbrahimli 2000-ci ildə Ankara Universitetini bitirib, magistr təhsilini isə İstanbul Universitetinin maliyyə meneceri fakültəsində davam etdirib.

- Cəfər bəy, 2017-ci ilin iqtisadi vəziyyətini götürdükdə bu ildən gözləntiləriniz nədən ibarətdir?

- 2015-ci ilin iki devalvasiyasıından sonra ölkə iqtisadiyyatında müəyyən problemlər nəzərə çarpdı. Ölkə iqtisadiyyatında əsas iqdisadi göstəricilər Ümumi Daxili Məhsulun (ÜDM) artım tempidir, məlum devalvasiya qərarlarından sonra ÜDM-də azalma müşahidə olundu. Sonrakı dönəmlərdə Mərkəzi Bankın pul siyasəti çərçivəsində nisbi sabitləşmə gətirildi və nəticədə iqtisadiyyatda hərəkətlənmə müşahidə olundu. Bu mənada valyutanın bir qədər sabitləşməsi vacib idi, çünki iqtisadiyyatda biznes dünyasının önünü görmək, təkrar investisiyalar etmək, yeni mal və istehsal xidmətlərini artırmaq üçün yeni situasiyaya uyğunlaşması lazımdı. Biznes mühiti bir qədər yeni mühitə uyğunlaşandan və xüsusilə 2018-ci ilin büdcəsinin investisiyayönümlü büdcə olmasından sonra dövlət büdcəsində investisiyayönümlü layihələr ÜDM-in böyüməsinə və iqtisadiyyatda fəallığa ciddi təkan verir. 2018-ci ildə büdcənin artması, əlavə 4 milyarda yaxın investisiyanın gəlməsi təxmin edir ki, beynəlxalq reytinq şirkətlərinin rəylərinə əsasən iqtisadiyyatda daralma yox, böyümə müşahidə olunacaq.

- Bütün hallarda Azərbaycan iqtisadiyyatının neftdən asılılığı qalır də...?

- Neftdən asılılıq tam ortadan qalxmayıb. Amma 2015-ci il devalvasiyalarından sonra hər kəs düşünürdü ki, çox qısa müddətdə, 1 il 6 aya neftdən asılılığımız getdi və postneft dönəminə keçdik. Məncə, belə deyil, qısa müddətdə iqtisadiyyatda fundamental dəyişikliklər etmək çətindir və bunun üçün zamana ehtiyac var.

- Nə qədər zamana?

- Ən azı 5 il lazım olacaq. Qarşıdakı beş ildən sonra neftdən asılılığın nə qədər azaldığını, qeyri-neft sektorunun nə qədər dayanıqlı olduğunu görə bilərik.

- Deməli, 2023-cü ili gözləməliyik?

- Xeyr, 2023-cü ili gözləmirik, neftlə bağlı proseslər gedir, amma bu, birmənalı qaydada “hər şey bitdi” anlamına gəlmir. Bir daha deyirəm, 5 il zaman lazımdır ki, neftdən asılılığımızın nə qədər azaldığını görə bilək.

- Neftin qiyməti 2015-ci ilin yanvarında hətta 23-25 dollar civarındaydı, bunun ardınca hökumət “Yol xəritəsi” və digər iqtisadi layihələrlə bağlı qərarlar qəbul etdi. Ancaq neftin qiyməti yenidən 60 dolları ötəndən sonra bunlar unuduldu. Hökumətin arxayınlaşdığını düşünmürsünüzmü?

- “Yol xəritəsi” ilə bağlı çox şeylərin unudulduğunu demək çətindir. Amma “Yol xəritəsi” strateji sənədlərin hamısını hərf-hərf yerinə yetirmək çox çətindir. Adi bir biznes şirkətində sənəd hazırlayanda da yazıldığı kimi həyata keçirmək çox çətin olur. Bunun enişi, trendlərdə dəyişmə, iş və xarici amillər var. Hesab edirəm ki, “Yol xəritəsi”nə bağlılıq qalır, amma bu sənəd tam həyata keçmirsə, bu, bağlılıqdan uzaqlaşma anlamına gəlmir. Situasiyanın dəyişməsi müəyyən şərtləri və variantları ortaya gətirir. Mümkün qədər “Yol xəritəsi”nə əməl olunmasına çalışılır və bir hissəsinin reallaşa biləcəyi indidən görünür.

- Məsələn, hansı sahələrdə?

- Maliyyə sektorunda müəyyən dəyişikliklər oldu. Məsələn, banklara münasibətin dəyişməsi, yeni nəzarət mexanizminin qurulması, Mərkəzi Bankın pul siyasətində müəyyən dəyişikliklərin olması, şirkətlərin daha şəffaf, vergi siyasətində, kənd
təsərrüfatında nəzərdə tutulan layihələri göstərmək olar. Sadəcə, diqqəti çəkən ən vacib məsələlərdən biri o idi ki, büdcənin mədaxil hissəsinin təmin olunmasında Dövlət Neft Fondundan transferlərin həcmi nə qədər azaldıla biləcək. Əgər bu transferləri azalda bilsək, qeyri-neft sektorunun hərəkəti, iqtisadiyyatın özünün yaratdığı əlavə dəyər, büdcəni doldurması transferlərin həcminin azalmasına səbəb ola bilər. Amma bunu 2018-ci il üçün demirəm. Bu il azalma yox, artma var.

- Siz bank sektorunda problemlərin, hətta vəziyyətin ağır olması barədə fikirləri bölüşürsünüzmü?

- Mən iddia etmirəm ki, vəziyyət düzəlməyəcək. Düzdür, əvvəlki illərdə verilən kreditlər və yaranan risklərin düzgün ölçülməməsi, maliyyə sektorunda problemin olduğu bəlliydi. Bu problemin üzə çıxması nəticəsində bankların bir hissəsi kapital artırmaqla kapital çatışmazlıqlarını ortadan qaldırdılar. Ümumiyyətlə, bank sektorunda problemlər iki məsələdən qaynaqlanır: birinci, devalvasiya nəticəsində valyuta mövqeyinin açığından yaranan zərər, ikincisi, iqtisadiyyatda yaranan çətinlik nəticəsində insanların götürdükləri kreditləri geri qaytarmaması. Bu iki amil avtomatik olaraq bankların kapital imkanlarını azaldırdı. Hazırkı dönəmdə banklar problemli kreditlərin ehtiyat hissələrini ayırdılar, artıq kapitalları minimum səviyyəyə çatıb, nisbi sabitləşmə dönəmində isə kreditlərin geri
qaytarılmasını nisbətən artırıblar. Bu, birinci olaraq bankların kapitalının yaxşılaşmasına müsbət təsir edəcək. İkinci, iqtisadiyyatdakı sabitləşmə, 2018-ci ildə biznes hərəkətlənməsi bankların mənfəətli işləməsinə səbəb ola bilər. Kapitalların bir hissəsini bu il mənfəətlərindən qaytara bilsələr, ən pis ehtimalla il ərzində ötən ilin nəticəsindəki kapital durumunu qoruya bilən banklara
təhlükə olmayacağı qənaətindəyəm. Hansı banklar ötən ilin kapital göstəricilərindən aşağı düşəcəklər, orada təhlükə ola bilər. Bu il bankların kapitalında böyük ölçüdə müsbət irəliləyiş olacağını proqnozlaşdırıram.

- Neftin qiymətinin yaxın aylarda necə görürsünüz, qalxacaq, yoxsa enəcək?

- Qiymət kəskin aşağı düşəndə 25-30 dolların real olmadığını bildirmişdik. İki baxış var: birinci, OPEC və onunla əlaqəli qurumların hasilatı azaltması çərçivəsində neftin qiyməti sabitləşir və artır. Mən ilk gündən OPEC-in yanaşmasını qəbul etmədim. Düşünürəm ki, 2008-ci il dünya böhranından sonra dünya iqtisadiyyatı nisbətən 2014-cü ildən yüksəlməyə başladı. Əgər Avropa, Çin və Yaponiya kimi inkişaf etmiş ölkələrin iqtisadiyyatında ciddi problem yaşanmasa, böyümə davam etsə, neftə tələbləri olduğundan qiymət çox enməz. Amma ABŞ və Avropa Mərkəzi Banklarının yeritdiyi siyasətlə həmin ölkələr iqtisadi fəallığı azaltmaq istəyirlər. Əgər bu siyasət davam etsə və iqtisadiyyatda ciddi daralma olsa, o zaman neftin qiymətinə mənfi təsir olacağını güman edirəm.

- Belə bir fikir var ki, prezident seçkisinin önə çəkilməsi iqtisadi amillə bağlıdır. Hakimiyyətin payıza qədər iqtisadiyyatda nəyisə dəyişə biləcəyi inandırıcı görünmür baxımından...

- Həm ötən il, həm də 2018-ci il üçün nisbətən sabitləşmə olacağı gözlənilir. Ona görə sabitləşmənin davam edəcəyini düşünürəm. Bu il neftin qiymətinin kəskin azalacağı proqnozlaşdırılmır. Bu baxımdan iqtisadi və sosial sferada ciddi çətinliklərin olacağı proqnozlaşdırılmadığını nəzərə alsaq, seçkinin iqtisadi proseslərlə əlaqəsi olduğu inandırıcı görünmür.