İlham Əliyev Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasında Fotoqraf: NAMIG

Hökumət Qəbələ və Qusara qatar yolu çəkmək istəyir

İqtisadçı ekspertlərin yeni layihələrlə bağlı fikirləri bölünür 

“Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması, eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq”. Prezident İlham Əliyev bunu yanvarın 10-da Nazirlər Kabinetinin “2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunan iclasında deyib.

Dəmir yolunun Qəbələyə çatdırılması turist axınını sürətləndirəcək

AZƏRTAC-ın xəbərinə görə, o bildirib ki, bu, həm turizm, həm də yükdaşımalardan ötrü əhəmiyyətidir:

“Turizmin inkişafı üçün daha bir layihə dövlət investisiya proqramına salınıb. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək”.

Şahdağa qatarla

İ.Əliyev növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolu çəkilişinin planda olduğunu söyləyib və bu layihənin Bakı-Yalama dəmir yolu ilə uzlaşdırılmasının gərəkdiyini bildirib:

“Çünki, Şahdağa dəmir yolu ilə getmək üçün gərək sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq, bu da bizim planlarımızda var”.

Mənasız dəmir yolu çəkməkdənsə, yolları təmir etsinlər

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Azərbaycan hökuməti yenə “havalara girib”, növbəti lazımsız peyk buraxır, Qəbələyə, Qusara dəmir yolu xətti çəkir – bu layihələrin nə hesablaması, nə iqtisadi pasportu, nə səmərəlilik göstəriciləri var:

“Sadəcə neft qalxdı, həmən də hökumətin meqa layihələr iştahı fontan vurdu. Qəbələyə avtomobillə cəmi 2,5 saata getmək mümkündür. Şamaxıya qədər yol artıq sürətli və yaxşıdır. Əsas problem Şamaxıdan İsmayıllıya qədər olan yoldur ki, qışda buz bağlayır, ensizdir, sürət həddi çox aşağıdır. Mənasız dəmir yolu çəkməkdənsə, həmin yolu genişləndirmək, bəzi hissələrdə asma körpülər tikmək daha məntiqlidir. Pul silmək, pul qazanmaq istəyirlərsə, heç olmasa, məntiqli və lazımlı layihələrdə bu işi etsinlər. Dəmir yolu ilə Qəbələyə qatar Bakıdan, ən yaxşı halda, 5-6 saata gedəcək”.

Bakıdan Qusara, ən yaxşı halda, 4 saata çatmaq mümkündür

İqtisadçı deyir ki, Qusar yolu da uzun deyil. Maşınla cəmi 183 km-dır. Bunu da 2 saat 10 dəqiqəyə getmək mümkündür:

Natiq Cəfərli
Natiq Cəfərli

“Yolun böyük bir hissəsi sürətlidir, düzdür, zay çəkilib, tez-tez təmir olunur, amma bu problemləri həll etmək olar. Dəmir yoluna əlavə vəsait xərcləməkdənsə, yolu abıra salmaq daha məntiqlidir. Qatarla Bakıdan Qusara, ən yaxşı halda, 4 saata çatmaq mümkün olacaq”.

Sürət qatarları ideyası məntiqli və rentabelli deyil

Natiq Cəfərli hesab edir ki, Azərbaycan kimi ərazisi kiçik ölkələrdə sürət qatarları ideyası məntiqli və rentabelli deyil:

“Yəni, hətta gələcəkdə bu istiqamətlərdə sürət qatarları üçün yollar çəkilsə belə, bunun heç bir iqtisadi səmərəsi olmayacaq. Yol infrastrukturuna qoyulan investisiya birbaşa gəlir gətirmir, bu, mümkün deyil, sadəcə normal ölkələrdə yola qoyulan vəsait iqtisadiyyatda mal-xidmət dövriyyəsini, iqtisadi münasibətlərin keyfiyyətini və sürətini artırır, bu da fiziki və hüquqi şəxslərin daha çox qazanc əldə etməyinə və sonradan artan qazancdan daha çox vergi verməklə büdcə gəlirlərinin artmasına səbəb olur. Qısası, lap əla, şüşə kimi yol çəkib inhisarçılığı və korrupsiyanı saxlasan, o yolların bir qəpik büdcəyə xeyri olmur-olmayacaq”. 

Neft qiymətinin artımı siyasi səbəblərdən qaynaqlanır

İqtisadçı bildirir ki, neftin qiymətinin artımı da sırf siyasi səbəblərə görədir:

“Neft bazarında “kəfkir qanunu” (закон маятника) işə düşüb. Sırf siyasi səbəblərdən, sözlü müdaxilələrdən doğan qiymət artımı yaxın aylarda geri dönəcək, neft qiymətlərində ciddi korreksiya olacaq. Bu da neftin qiyməti artan kimi iştaha gələn ölkələrə daha ciddi zərbə vuracaq, yəni, iqtisadiyyat yuxarı neft qiymətlərinə öyrəşməyə başlayan kimi qiymətlərin enməsi çox böyük zərbəyə çevrilir, neftdən asılı ölkələri daha ciddi silkələyir. Məncə, bu gün neft bazarında məhz belə bir şərait yaranıb, yaxın aylarda qiymətlərin yenidən 50-55 dollarlara qədər çəkilməsini görəcəyik”.

Çox pul olan dövrdə də dəmir yolu diqqətdən kənar qaldı

İqtisadçı Qadir İbrahimli isə əksini düşünür. Onun sözlərinə görə, dəmir yol xətti ölkədə biznes mühitinin inkişafı baxımından əhəmiyyətlidir, lazımdır. Hazırki durumda isə əsas olan həmin layihələrin həyata keçirilməsindəki şəffaflıqdır:

Qadir İbrahimli
Qadir İbrahimli

“Azərbaycan böyük neft pulları əldə etdiyi dövrlərdə bu məsələni arxa plana atdı. Dəmir yolu inkişaf etmədi, sürət qatarları yaranmadı. Əslində isə bu, həm biznes mühitinin yaxşılaşdırılması, daşımaların ucuz başa gəlməsi, həm də vaxt baxımından lazımlı idi. Avropada istənilən uzaq şəhərə ekspress qatarlar gedir. Bu, hər baxımdan sərfəlidir”.

İdeyanın özü müsbətdir

İqtisadçı deyir ki, yeni dəmir yolu xəttlərinin açılması yaxşı fikirdir. İqtisadi səmərəlilik baxımdan da effektivdir:

“O başqa məsələdir ki, bu layihələr necə icra olunacaq. Həqiqətən də hökumət bu işdə ciddi naliyyətlər əldə etmək istəyir, ya yox. Dəmir yolunun müəyyən bir gəlirli sahəyə çevrilməsi baxımından da müəyyən addımlar atılıb. Xüsusən də Cavid Qurbanovun bu sahəyə rəhbər təyin edilməsindən sonra həm sərnişin, həm yük daşımalarında müəyyən dəyişikliklər var. Bunu danmaq olmaz. Layihələrin necə həyata keçiriləcəyini deyə bilmərəm, ancaq ideyanın özü müsbətdir”.

x

YAZARIN DİGƏR YAZILARI