Dünya Bankı: 2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artım 2,6 faiz proqnozlaşdırılır

foto APA

Natiq Cəfərli: ''Ən önəmli amil neftin qiymətinin artmasıdır''

Dünya Bankı 2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artımın 2,6 faiz təşkil edəcəyini hesab edir.

Məlumatı APA bankın “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatına istinadən yayıb. 

Bildirilib ki, ölkədə 2016-cı illə müqayisədə 2017-ci ildə zəif templə də olsa iqtisadi geriləmə qeydə alınıb: 

“Dünya bazarında 2014-2016-cı illərdə neft qiymətlərinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsir edib, bank sektorunda problemlər yaradıb. Buna baxmayaraq, neft sektorunda artım müşahidə olunur, investisiyaların həcmi böyüyür”.

Hesabat müəllifləri 2018-ci ildə Azərbaycanda ÜDM-in 0,9 faiz proqnozlaşdırır.

DB daha öncəki hesabatında buna əsas səbəb kimi “Şahdəniz-2” layihəsinin işə düşməsini göstərib. 2019-cu ildə isə ÜDM-in 1,5 faiz artacağı bildirilir.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, hesabatı oxuduqca neft amilinin əsas olduğu üzə çıxır. 

O qeyd edib ki, Azərbaycanda iqtisadi artım böyük layihələrin gerçəkləşməsində investisiyaların cəlb olunması ilə bağlıdır. 

O xatırladıb ki, BP ilə SOCAR ötən ilin sentyabrında müqavilənin müddətini uzatdığından neft sektoruna müəyyən investisiyaların qoyulacağı gözlənilir. 

“Cənub-Qaz dəhlizi layihəsində son tamamlama işləri görüləcək, TANAP-da qazın nəqliylə bağlı sınaq keçiriləcəyindən əlavə vəsait tələb olunacaq. Eyni zamanda, dövlət investisiya layihələrində 4 milyard manata yaxın artım müşahidə olunacaq, ümumi investisiyaların həcmi isə 10 milyard manata çatacaq. Sadalananlar iqtisadi mühitin canlanmasına təsir edən amillərdir”. 

Natiq Cəfərli
Natiq Cəfərli.

Bununla belə iqtisadçı hesab edir ki, ən önəmli amil neftin qiymətinin artmasıdır. 

“Rusiya energetika naziri bir il əvvəl neftin qiymətinin 2018-ci ildə 50 dollar olacağı təqdirdə neft ölkələri üçün yaxşı nəticə kimi dəyərləndirmişdi. Hazırda 70 dollara yaxınlaşır və bu, təsirsiz ötüşmür. Beynəlxalq təşkilatların hesabatlarında üstüörtülü olsa da, bu amil vurğulanır”.

Ancaq Natiq Cəfərli neft amilini dayanaqlı inkişaf hesab etmir:

“Heç kim neftin qiymətində növbəti dalğalanmaların olmayacağına zəmanət vermir. Mart ayından neftin qiymətində növbəti dalğalanmaların olacağı ehtimal edilir. Hələlik qiymətin artması iqtisadi yox, siyasi gərginliklərlə bağlıdır. Söhbət İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər, Liviyada terror aktının olması, yaxud Yəməndə gedən döyüşlərdən gedir. Bu amillər aradan qalxdıqdan sonra yenidən neftin qiymətində enmə müşahidə olunacaq və Azərbaycan iqtisadiyyatında növbətə dalğalanmalarla nəticələnə bilər”.

x

YAZARIN DİGƏR YAZILARI