Aydın Əliyev

''Bəzi aksiz vergilərinin artırılması gündəmdədir''

Natiq Cəfərli: ''Büdcədə problemi olan ölkələrdə bu ənənəvi addımdır''

“Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) hər hansı müraciət daxil olmayıb”.

Bunu DGK sədri Aydın Əliyev bildirib (APA).

Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir:

“Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət reallığa uyğun deyil”.

DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər:

“Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır”.

Komitə sədri son günlər müzakirə predmetinə çevrilən kərə yağının qiymətinin artmasına da toxunub.

Aydın Əliyev “bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır” söyləyərək əlavə edib ki, yaranmış vəziyyət ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür:

“Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir”.

Komitə sədrinin açıqlamasını Meydan TV-yə şərh edən ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli hesab edir ki, büdcədə problemi olan ölkələrdə bu ənənəvi addımdır, tütün və içki məhsullarının aksiz vergilərini, yaxud gömrük rüsumlarını artırırlar. 

Hökumətlər bu qərarlarını həmin malların gündəlik tələbat olmadığıyla izah edirlər. Ancaq başqa sahələrdə də, gündəlik tələbat mallarında da rüsumları qaldıracaqlarsa, növbəti bahalaşma dalğasının olacağı şübhəsizdir. Yalnız içki və siqaretin aksiz vergisi artırılacaqsa, bunu izah etmək mümkündür. Məsələn, Türkiyədə satılan siqaretin 67 faizə yaxını vergilər və rüsumlar təşkil etdiyindən qiyməti çox bahadır. Ümid edək ki, digər sahələrdə vergilər artmayacaq.

Natiq Cəfərli
Natiq Cəfərli.

Natiq Cəfərli Aydın Əliyevin dünya bazarında yağın qiymətinin artması barədə fikirlərini şərh edərək, deyib ki, dünyada əsasən təbiət hadisələrinə görə südün istehsalı azaldığından yağın qiymətinin bahalaşmasına təsir göstərib. 

“Ancaq Azərbaycanda qiymətin artması ondan qaynaqlanır ki, yerli istehsal əhalinin tələbatını ödəməsə də, yağa maksimal 15 faiz gömrük rüsumu qoyulub. Komitə bu istiqamətdə addım atmaq istəyirsə, həmin faizi azaltsın. Nədənsə qurum hökumətə verginin artması ilə bağlı müraciət edir. Əgər rüsum 5 faizə düşsə, yağın qiyməti 10 faiz enər. Başqa səbəb ölkəyə yağın gətirilməsidir. Kiçik Gürcüstanda minə yaxın şirkət idxal və ixracla məşğuldur. Amma Azərbaycan Gömrük Komitəsi 51 şirkətin yağ gətirdiyini qeyd edir. Bunlardan 3-4 şirkət bazarın 75 faizinə nəzarət edir, qiymət artmasının səbəblərindən biri budur. Əgər normal gömrük rüsumları tətbiq olunsa, şəffaf rəqabət mühiti yaransa, Azərbaycanda da yağın qiyməti ətraf ölkələrlə paralel olaraq qalardı. Sual yaranır, Rusiya və Gürcüstanda yağ niyə Azərbaycandan ucuzdur? Yaxşı olardı, hökumət və komitə bu suala cavab versin”.  

x

YAZARIN DİGƏR YAZILARI