''Ucqar kəndlərə məktəb avtobusu'' layihəsi yardım istəyir

Fotolar sosial şəbəkə Fotoqraf: Zaur_M

Cavid Qara: ''Bu tamamilə insanların mərhəmətindən asılı olan bir şeydir''

“Bölgələrdə adətən qızın qonşu kənddə təhsilini davam etdirməsinə icazə vermirlər. Bəzi kəndlərdəki məktəblər isə 9 illikdir. Nəticədə qız uşaqları 9-cu sinifdən məktəbi tərk etməli olurlar”. 

Bunu Meydan TV-ə Dağ turizmi ilə məşğul olan “Camping Azerbaijan” bələdçi səhifəsinin koordinatoru Cavid Qara deyib. 

O, bildirib ki, bu il Qubanın Muçu kəndindən cəmi bir nəfər qız Xaltana 10-cu sinifə gedir və “Ucqar kəndlərə məktəb avtobusu” layihəmizin köməyindən istifadə edir. 

C.Qara bunu irəliləyiş sayır və deyir ki, bu il kəndlərdə məktəb avtobusundan istifadə edənlərin sayı artıb.

C.Qara ötən dərs ilindən “Ucqar kəndlərə məktəb avtobusu” layihəsinə başlayıb. Layihə çərçivəsində onlar məktəb olmayan ucqar kəndlərdə yaşayan şagirdləri qonşu kəndlərdəki məktəblərə aparırlar. Bunun üçün avtobus kirayələyiblər. Vəsait isə könüllülük əsasında toplanır.

“Ötən il “Ucqar kəndlərə məktəb avtobusu” layihəsi İsmayıllı, Quba, Qusar rayonlarında dörd müxtəlif istiqamətdə yeddi kənddən 37 məktəbliyə xidmət göstərdi. Bu il kəndlərin, istiqamətlərin sayını artırmaq istəyirdik. Ancaq vəsait toplaya bilməyib, yarıda saxlamaq qorxusu mane oldu. İsmayıllıda Köhnədaxar-Gəndov, Qusarda Qoturğan-Arçan-Qənərçay, Qubada Muçu-Çarxaçı-Rəngdar-Xaltan istiqamətlərini seçdik” – C.Qara deyir.

O əlavə edir ki, seçdikləri bütün istiqamətlərdə şagirdlərin məktəbə olan məsafəsi azı 4-5 km-dir:

“Qışda-qarda onlara çətin olurdu. Dərsə gedib-gələ bilmirdilər. Nəticədə dərs buraxıb, geri qalırdılar. Odur ki, bacardığımız qədər onlara kömək olmağa çalışırıq. Layihənin nə qədər davamlı olacağını demək çətindir. Bu tamamilə insanların mərhəmətindən asılı olan bir şeydir”,  - C.Qara bildirib. 

O, bildirib ki, ötən il ümumi 6 min 230 manat xərc çıxıb. 

“Bu il yanacaq və digər xərclərin artması ilə bağlı sürücülərin ödənişlərinə əlavələr edilməsi ilə razılaşdıq. Odur ki, xərclər ötən ilə baxanda xeyli artıb. Odur ki, bu il dəstəyə daha çox ehtiyacımız var. Layihəmizə dəstək olmaq istəyənlər mənimlə əlaqə saxlasınlar. Biz bank hesabları açmışıq. Bu, xeyriyyə aksiyası deyil, sosial layihədir”.

C.Qara bildirir ki, komanda üzvləri tez tez kəndlərdə olurlar. Layihəyə mütəmadi nəzarət olacaq:

“Avtobusun yaxşı vəziyyətdə olmasına da xüsusi diqqət yetiriləcək. Toplanan vəsait sürücüyə əmək haqqı kimi hər 20 dərs gününün tamamında veriləcək. Ödənilən vəsaitlər, edilən yardımlarla bağlı paylaşımlar ediləcək. Pulların xərclənməsinin hesabatı veriləcək”.

x

YAZARIN DİGƏR YAZILARI