4 yaşlı iflic uşaq müalicəsiz qalıb

Doğulandan iflic olan 4 yaşlı Zəhra Gürcüstana müalicəyə gedərkən, anası onu böyük ümidlə yola salmışdı. 21 günlük müalicədən sonra Zəhranın səhhəti yaxşılaşmışdı. Ukraynalı həkimlər, Zəhranın davamlı müalicə nəticəsində oturub-dura, danışa biləcəyi ümidi vermişdi. Lakin valideynlərin bu sevinci uzun sürmədi. Azərbaycana dönən Zəhra yenidən müalicəsiz qaldı.

“İndi uşağa güclü psixoloq, loqoped lazımdır. Onun artıq hissiyatı var, yerə düşəni götürür. Görürsən ki, danışmaq da istəyir, oturmaq da şansı var. Həmişə mən Zəhranın gəzməyini arzulamışam. İndi deyirəm ki, heç olmasa əqli yerində olsun”. Şölə Əhmədova deyir ki, əvvəllər Zəhranı qucağına alıb Pirşağıdan Bakıya yola düşürdü. İndi uşaq böyüyüb deyə qucaqda əziyyət çəkir. Ailə əlil arabasına görə Bakı Protez-Ortopedik Bərpa Mərkəzində növbəyə durub.

“Dövlət xəstəxanalarından çox narazıyam. Pul verməsən, xəstəyə baxmırlar. Dəfələrlə Nevroloji xəstəxanada da olmuşam, uşağa dava ilə baxdırmışam. Həkim deyir ki, “Pul verməmiş baxa bilmərəm. Biz nə maaş alırıq ki, bizə pul vermirsən?” Uşağa 74 manat pensiya alıram. Bu pulu sənə, taksiyə yoxsa onun müalicələrinə verim?” Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Meydan TV-yə bildiriblər ki, xaricdə olunan bütün müalicələr burada da var: “Əvvəllər bizim müqavilə var idi, Azərbaycanda müalicəsi olmayan xəstələri xaricə göndərirdik.

İndi isə, demək olar ki, bütün müalicələr – onlarda nə varsa, bizdə də var. Ona ancaq reabilitasiya lazımdır, Reabilitasiya mərkəzi də Azərbaycanda var”. Şölə Əhmədova qızının dərdinə burada dərman tapmadığını deyir. O, xaricə getmək üçün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, ona müsbət cavab verilməyib:

“Bir də getdim, yalvardım ki, “Saday müəllim, bax, Bərpa Mərkəzinə göndərdiniz, xeyri olmadı. Uşağım daha da xəstələndi”. Deyir, “Bir dəfə aparmışıq da sizi, ildə bir dəfə gedilir”. Dedim, “Mənimlə gedənlər vardı ki, 2, 3-cü dəfə idi gedirdilər. Xahiş edirəm, komissiya edin, kasıbların uşağını aparın””.

Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Meydan TV-ə bildirib ki, şikayətçi yenidən Səhiyyə Nazirliyində komissiyadan keçməli və gözləməlidir: “Xaricə müalicəyə getmək istəyən adam çoxdur. Əvvəl ilk dəfə müraciət edənlər gedir, sonra təkrarlar da salınır. Bu il hələ müqavilə bağlanmayıb”. “Bu uşağın xaricdə müalicəsi üçün köməklik istəyirəm, ən çox da, Mehriban xanımdan, İlham Əliyevdən. Çünki, bu uşağın şansı var. Ona görə də, nə qədər canımda can, nəfəsimdə nəfəs var, ölüncə dalınca sürünəcəm”.

x

YAZARIN DİGƏR YAZILARI