Dövlət Sosial Müdafiə Fondu: Doqquz ayda gəlirlər 2532,59 milyon manat təşkil edib

Cari ilin doqquz ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 7 faiz artım qeydə alınıb. Fonda daxilolmalarda qeyri-büdcə sektoru üzrə proqnoz 105,24 faiz icra edilib. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev “Facebook” səhifəsində yazıb.

E.Babayev artımı aparılan uğurlu iqtisadi siyasətlə əlaqələndirərək, əlavə edib ki, 2017-ci ilin 9 ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 165,49 milyon manat artaraq 2532,59 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,8 faiz artaraq 1501,1 milyon manat təşkil edib. 

Fonda daxilolmaların 65,13 faizi və ya 977,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz və ya 105,46 milyon manat çox olmaqla, proqnozun 105,24 faiz icra edildiyini göstərir. Ümumi daxilolmaların səviyyəsi cari ildə də Fond tərəfindən əmək pensiyalarının müəyyən olunmuş qrafik üzrə vaxtında maliyyələşdirilməsinə imkan verib.

Xidmət rəhbəri oktyabrın 1-nə olan məlumata əsasən əmək pensiyaçılarının sayının 1 milyon 330 min nəfər təşkil etdiyini qeyd edib.

“Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manata çatmaqla əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43,6 faiz olub ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.  

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, əgər Elman Babayevin açıqladığı rəqəmlər doğrudursa, o zaman bu 869 min nəfər işçinin bir ayda ödədiyi vəsait edir:

“Yəni bu, Elman Babayev qeyd edir ki, sığortaçı kimi qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 3 milyon 528 min nəfərdir, bunun 60 faizi qeyri-büdcə sektorunda çalışdığından 2 milyard 579 milyon manat 9 aya toplanmalıydı. Deməli, qeyri-büdcədə çalışanların vəsaiti hesabına dövlət büdcəsindən transfer etməyərək hər bir pensiyaçıya 215 manat ödəmək olardı. 

Amma büdcəylə birgə rəqəm artır və olur 430 manat. Bu, bir daha sübut edir ki, Babayevin rəqəmləri inandırıcı deyil, yaxud Azərbaycanda sığortaçı kimi rəsmi qeydiyyatda olan vətəndaşların sayı şişirdilib. Yəni ölkədə işsizlik faizini aşağı göstərmək üçün manipulyasiya edilmiş rəqəmlərdir. Guya, bu qədər adam sığorta ödəyicisi kimi həmin qurumun hesabatlarındadır, sadəcə, kağızda. Ona görə Babayevin rəqəmlərini şübhə altına alıram”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli.

Nazim Bəydəmirli bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olanda Avropa Sosial Xartiyasının tələbləri əsasında öhdəliklər götürüb. Orta aylıq əmək haqqının ən azı 40 faizi pensiya şəklində ödənməlidir. 

“Azərbaycanda orta aylıq əmək haqqı 500 manatdırsa, onun 40 faizi 204 manat edir. Elman Babayevin məntiqi belə deyir. Ortalama bu rəqəm çıxa bilər. Nazirliyin məntiqi ilə bir pensiyaçıya 3 nəfər işçi düşür, belə olduğu şəraitdə hər işçi 25 faiz ödəyirsə, ən azı bir pensiyaçıya orta aylıq əmək haqqının 75 faizi ödənməliydi. Ancaq bu vəsaitləri büdcəylə müqayisə edəndə nazirliyin rəqəmləri ilə uyğun gəlmir. Ona görə nazirliyin rəsmisinin səsləndirdiyi rəqəmlər doğru deyil. Əslində, pensiyaçıların 80 faizindən çoxu 169-180 manat pensiya alırlar. Orta rəqəm hüquq-mühafizə orqanlarında, dövlət qulluğunda, hərbiçilərin pensiyaları çox olduğundan ortalama rəqəm 204 manat çıxır”.  

x

YAZARIN DİGƏR YAZILARI