Azərbaycanın döyüşmədən ölən əsgərləri

Füzuli Rayon Hərbi Məhkəməsində əsgər Pərviz Paşayevin ölümü ilə bağlı məhkəmə araşdırması aparılır. Dindirilənlər arasında Pərviz Paşayevin yaxınları ilə yanaşı onun “N” saylı hərbi hissədə xidmət edən əsgər yoldaşları da olub.

 Pərviz Paşayevin atası Paşa Paşayev Meydan Tv-yə oğlunun ölümü ilə bağlı verilən şahid ifadələrinin saxtalaşdırıldığını deyib. Onun sözlərinə görə, ibtidai istintaq və məhkəmədə verilən ifadələr üst-üstə düşməyib.

 “Şahidlər ilkin istintaq zamanı oğlumun Mil-Muğan kanalının üzərindəki turbanın üstündən keçərkən sürüşərək suya düşdüyünü, məhkəmədə isə çimmək üçün suya atıldığını deyiblər. Əsgərlər kanalın hansı istiqamətə axdığını, hadisə zamanı kimin harda dayandığını da deyə bilmədilər. Baş leytenant isə dedi ki, o, hərbi hissədə növbətçi olub, hadisə yerində olmayıb”, - deyə ata Paşayev bildirb.

 Hərbi Prokurorluq Pərviz Paşayevin 2016-ci il iyulun 30-da Mil-Muğan su kanalına düşərək boğulduğunu, onun ölümü ilə bağlı gizir Ramin Bayramovun saxlanıldığını açıqlamışdı. Gizirə qarşı Cinayət Məcəlləsinin (CM) 342.2-ci maddəsi ilə (rəisin xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) ittiham irəli sürülüb.

 Paşa Paşayev deyir ki, Pərviz uşaqlığını dəniz kənarında keçirib. O, övladının kanalda boğulub öldüyünə inanmır: “Buzovnada dənizin kənarında böyüyən uşaq olub. Üzməyi bacarırdı. Suda boğulmuş olsaydı, ağciyərlərindən su çıxmalı idi. Amma cəsədi yaranda döş qəfəsinin altında və ağciyərində qan laxtası aşkarlanıb. Boynunda boğulma, əllərində, dirsəyində xəsarət izləri var idi. Ekspertizanın cavabında isə yazıblar ki, oğlum suda boğulub ölüb”.

 Ata iddia edir ki, oğlunu ölümcül şəkildə döyəndən sonra kanala atıblar: “Hərbi prokurorluq qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açmalı idi. Giziri təkcə səhlənkarlıqda ittiham ediblər. Amma ortada ölüm faktı da var”. Hərbi Prokurorluq isə bildirib ki, Pərviz Paşayevin öldürülərək kanala atılması istintaq zamanı təsdiqini tapmayıb.

Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

Pərviz Paşayev hərbi xidmətə 2015-ci ilin oktyabrında Bakının Xəzər rayonundan yollanıb.

 Azərbaycanda müddətli həqiqi xidmət məcburi mükəlləfiyyət sayılır. "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanunda deyilir ki, 18 yaşına çatmış, hərbi xidmətə yararlı olan hər bir kişi cinsli vətəndaş 1 il altı ay müddətinə hərbi xidmətə yollanır. Bu müddət ali təhsilli vətəndaşlar üçün 1 il müəyyənləşdirilib. Müddətli həqiqi hərbi xidmət keçməmiş, hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan, çağırışdan azad edilməmiş şəxslər 35 yaşadək hərbi xidmətə çağırılırlar.

Pərviz də ordu sıralarına 18 yaşı tamam olandan sonra yollanıb. Onun ölümü hərbi xidmət zamanı qeydə alınan yeganə itki deyil.

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun media və sosial şəbəkələrdə apardığı monitorinq əsasında hazırladığı məlumatlarda deyilir ki, 2003-2016-cı illərdə Azərbaycan ordusu 1044 əsgərini itirib: onların 30%-i döyüş, 60%-i qeyri-döyüş şəraitində dünyasını dəyişib.

 Qeyri - döyüş şəraitində dünyasını dəyişənlər:

24,7 % - dedovşina (qeyri-nizamnamə hadisələri)

21.6% - intihar və ehtiyatsızlıq

18 % - avtomobil və təyyarə qəzaları

15 % - bədbəxt hadisələr

13.7% - xəstəlik və zəhərlənmə

1.2% - Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri

6% - ölüm səbəbi müəmmalı qalıb

Orduda baş verən ölüm halları ilə bağlı ilk təşkilatlanmış etiraz və ictimai müqavimət 2013-cü ildə başladı. Müdafiə Nazirliyi 2013-cü il yanvarın 7-də Daşkəsən rayonundan hərbi xidmətə yollanan əsgər Ceyhun Qubadovun ürək çatışmazlığından öldüyünü açıqlayanda, valideynləri bununla razılşamadı. Mərhumun anası Samirə Qubadova oğlunun üzərində işğəncə izləri olan fotoları yaydı.

Bu açıqlamadan sonra sosial şəbəkələrdə təşkilatlanan qruplar Ceyhun Qubadovun ölümündən beş gun sonra - yanvarın 12-də "Əsgər ölümlərinə son!" şüarı altında etiraz aksiyası keçirdilər. Etirazlara xidmət zamanı dünyasını dəyişən əsgərlərin valideyləri və yaxınları da qoşuldular. Bu aksiyadan sonra Müdafiə Nazirliyi Ceyhun Qubadovun ürək çatışmazlığından yox, nizam-intizam qaydasının pozulması nəticəsində dünyasını dəyişdiyini açıqladı.

Əsgər ölümləri ilə bağlı ikinci aksiya 2013-cü il martın 10-da keçirildi. Aksiya iştirakçıları orduda islahatların keçirilməsini, ölən əsgərlərin işinin ədalətli araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirdilər.

Sonuncu etiraz aksiyasından yeddi ay sonra 18 il müdafiə naziri vəzifəsini icra edən general-polkovnik Səfər Əbiyev istefa verdi. Oktyabrın 22-də Əbiyevi Daxili Qoşunların Komandanı general-polkovnik Zakir Həsənov əvəz etdi. Nazir dəyişikliyinin orduda yeni nizamın qurulacağı və ölüm hallarının qarşısının alınacağına dair gözləntilər yaratmışdı.

“Xəzər” Hərbi Tədiqiatlar İnstitutunun statistikası göstərir ki, qeyri-döyüş ölüm halı ən az 2005-ci (39%), ən çox isə 2011-ci ildə (86%) müşahidə olunub. Bu hallar 2011-ci ildən sonra azalmağa başlayıb. Bununla belə, 2015-ci ilədək qeyri-döyüş itkilərinin sayı döyüş itkiləri ilə müqayisədə üstünlük təşkil edib. Döyüş itkisinin sayı 2015-ci ilin aprel döyüşlərinin nəticəsində kəskin şəkildə artıb.

Öz yoldaşları və yüksək rütbəli hərbçilər tərəfindən öldürülən əsgərlər haqqında danışan hərbi ekspert Cəsur Məmmədov hesab edir ki, vətəndaşlar mükəlləfiyyətli yox, müqavilə əsasında hərbi xidmətə çağırılmalıdırlar: “Hərbçilərin sosial vəziyyətini yaxşılaşdırmaq, ordu rəhbərliyinə savadlı kadrlar cəlb etmək, ictimai nəzarət mexanizmini gücləndirmək lazımdır”.

Azərbaycan hökuməti ordu üzərində ictimai nəzarət mexanizminin yaradılmasına qarşı dözümsüzdür. Hökumət ölkənin hüdudları daxilində bu istiqamətdə həyata keçirilən bütün cəhdlərin qarşısını alıb. Məsələn 2013-cü ildə orduda ölüm halları ilə bağlı etiraz aksiyasının təşkilində fəallıq göstərən NİDA Vətəndaş Hərəkatının üç üzvü aksiyadan əvvəl narkotik və partlayıcı maddə gəzdirmə ittihamı ilə saxlanıldı. Davam edən repressiyalar nəticəsində NİDA-nın 8 üzvü həbs olundu.

Fəalların əksəriyyəti bir neçə il sonra azadlığa buraxılsalar da, “Facebook”da etiraz dəvətini yaradan İlkin Rüstəmzadə hələ də həbsdə saxlanılır. O, 2013-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hərbi ekspert Cəsur Məmmədov 2014-cu ildə qarşılaşdığı təzyiqlər nəticəsində Azərbaycanı tərk edib. O, üç dəfə Milli Təhlükəsizlik Nazirliyinə çağırılaraq təhdid olunub, ondan hərbi qulluqçuların ölüm statistikasını yaymamaq tələb olunub. Məmmədov hazırda fəaliyyətini siyasi sığınacaq üçün müraciət etdiyi Almaniyadan davam etdirir.

Cəsur Məmmədovun rəhbərlik etdiyi “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun ən son açıqlamasında deyilir ki, 2017-ci ilin ötən altı ayı ərzində Azərbaycanın 38 hərbi qulluqçusu xidmət zamanı dünyasını dəyişib: onların 16-sı döyüş, 22-si qeyri-döyüş şəraitində həlak olub.

x

YAZARIN DİGƏR YAZILARI