Alman turistlərin köçkünlərə bağışladığı maşınlar satılır

Binəqədi rayonunda yerləşən avtodayanacaqda alman turistlərin azərbaycanlı məcburi köçkünlərə bağışladıqları maşınlar saxlanılır. “Eurovision-2012” mahnı yarışmasını izləmək üçün Bakıya gələn 666 alman turist özləri ilə sürüb gətirdikləri 240 ədəd avtomobili köçkünlərə hədiyyə etmişdi. Amma bu maşınlar köçkünlərə verilmədi.

Avtodayanacağı mühafizə edən Mürsəl Ələsgərov deyir ki, turistlərin verdiyi maşınları satırlar. Bəzilərini 1500, bəzilərini 1200, bəzilərini də 1300 manata.

“Bu, metal kimi satılır. Maşınları sənədləşdirmək qeyri-mümkündür. Texniki pasportu, “rastamoşkası” yoxdur. Alan adam Beynəlxalq Banka pulunu keçirir, çekini gətirir, maşını aparır”- dayanacağın mühafizəçisi Mürsəl Ələsgərov deyir.

Avtodayanacağın arxasında məcburi köçkünlər yaşayır. Onlar deyir ki, avtomobillər köçkünlərə yox, satışa verildi.
Məcburi köçkün Rəfi Abbasov : “Maşını gətirmişdilərsə, verərdilər. Heç kimə heç nə vermədilər. Maşınlar orada çürüyür”

Zəngilan rayonundan köçkün düşmüş Xəqani Ocaqverdiyev: “Maşınlar yerində qalıb çürüyüb tökülür. Kiməsə satdılar, qaçqınlar ondan heç nə görməyib”.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyir ki, satılan maşınların pulu icmanın bank hesabına köçürülür. Amma o avtomobillərdən gələn gəliri və bu pulların hansı işlərə xərclənəcəyini açıqlamayıb.

“Mən onu sənə “açot” verməliyəm?! Mən sizə deməli deyiləm. Yəqin ki, o pul məcburi köçkünlərin dərdinə-sərinə xərclənəcək”.

Qaçqınlara bağışlanılan 240 avtomobildən neçəsinin satıldığı bu vaxta qədər açıqlanmır.

x

YAZARIN DİGƏR YAZILARI