''Polislər məni görəndə tuturlar''

17 yaşlı yeniyetmə Mehman Əliyoldaşov hər gün balaca qutusuna güllə bəzənmiş suvenirlərini yığıb yola düzəlir. Onları satmaq məcburiyyətindədir. Çünki ailəsinin tək qazanc mənbəyi özüdür. Bəzən 10 - 15 manat qazanır, bəzən də əlinə heç nə keçmir:

“Höküməli kəndində yaşayıram. Evdə anamla bacım suvenir hazırlayır, mən də satıram. 10-12 yaşımdan işləyib, evə baxıram. Atam uşaq vaxtından bizi atıb gedib. İnternetdə yalandan şayiə yayıblar ki anam rəhmətə gedib. O boş söhbətdir”.

Yeniyetmə danışır ki, polislər başqa yerlərdə satışa icazə vermir. O da gün içində 9-cu mikrorayonu dolaşıb, əlindəki suvenirləri satmağa çalışır:

“Deyirlər, küçə alveri ilə məşğulsan. Buna görə də məni bölməyə aparırlar. Bir dəfə 1 sutka, digərində 2 sutka bölmədə qalmışam. Sonra evdən gəlib pulla çıxardılar məni. 30 manatlıq malımı da əlimdən aldılar. Dedilər, dövlətə müsadirə olunur”.

Suvenir satmaqla ailəsini keçindirən yeniyetmənin başqa qabiliyyətləri də var. Yoldaşları onu “şair” deyə səsləyir. Çünki yaxşı meyxana deyə bilir. Ən çox sevdiyi meyxanasını kameramıza deməyi də əsirgəmir.

“Bülbül daha azadsan,uç bağların üstündə,
Son dəfə üzün qalsın, yarpaqların üstündə.
Düşdüm qəmi-hicranə, qəlbim alışıb getdi.
Gah küsdü həyat məndən, gah da barışıb getdi”.

Həyata yaşıdlarından daha tez atılan Mehmanı xəstəlik də tez yaxalayıb. O, təcili olaraq ürəyindən əməliyyat olunmalıdır:

“Ürək-damar tıxanmasından əziyyət çəkirəm. Əməliyyatın pulunu xaricdə yaşayan həmyerlilərimiz ödəyib. Sonrakı müalicə üçün mənə 2 min lazımdır”.
Mehmanın böyük arzuları var. O, biznesmen olub, həyatını yenidən qazanmaq istəyir:

“Arzumdur ki, Allah mənə ruzi versin, evimizi təmir elətdirim. Sonra əməliyyat olunum. Ondan sonra böyüyüb ailə qurum. Oxumaq istəyirdim, ancaq Allahın qismətidir, nə etmək olar?!"

x

YAZARIN DİGƏR YAZILARI