Nemət Əliyev

''125 milyon kubmetr təbii qazın hesabı yoxa çıxıb?''

Nemət Əliyev: ''Gömrük Komitəsi eyni dövrə aid fərqli hesabat verib''

"Dövlət Gömrük Komitəsi hesabları qarışdırıb. Bəlkə də dəyişik salıb. 

17 milyon dollara yaxın dəyəri olan 125 milyon kubmetr təbii qazın hesabı yoxa çıxarılıb?"

Bu fikirləri AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev öz "Facebook" hesabında yazıb. İqtisadçı deyir ki, Gömrük Komitəsi 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarına dair arayış yayıb və bu arayışda həm də ötən ilə dair məlumatlara yer verib. Məlumatda 2016-cı ilin yanvar-aprel aylarında 83 milyon 590 min 230 dollar dəyərində təbii qazın ixrac olunduğu qeyd olunub: 

"Amma Gömrük Komitəsi ötən il də rəsmi arayış yaymışdı və o zaman hesabatını vermişdi ki, 2016-cı ilin yanvar-aprel aylarında 100 milyon 328 min 820 dollar məbləğində təbii qaz ixrac edilib. Beləliklə, Gömrük Komitəsi 2016-cı ilin yanvar-aprel dövründə təbii qaz ixracına dair iki müxtəlif məlumat-rəqəm yayıb. Ötən ilin ixrac göstəricisi bu il 17 faiz kiçildilmiş qiyafədə ortaya çıxarılıb. Aradakı fərq 16 milyon 738 min 590 dollardır. Bu, 125 milyon kubmetrdən çox təbii qaz deməkdir. 2-3%-lik fərq olsaydı, bəlkə də üstündən keçmək, bunu xəta hesab etmək olardı. Ancaq 17 faizlik fərq hesablama xətası sayıla bilməz".

N.Əliyev sual edir: "İndi bunu necə başa düşək? Müxtəlif rəngə çalan bu iki rəqəmdən hansını doğru bilməliyk? Biri doğrudursa, digəri mütləq yanlışdır. Kim bilir, bəlkə də hər ikisi yanlışdır. Amma orası dəqiqdir ki, hesablar qarışdırılıb və ictimaiyyət çaş-baş salınıb. Təbii qazı satdığımız ölkələrin sonradan onu geri qaytarıb pulunu istəməsi variantı istisna olunur. Çünki aldığı pulu sonradan geri qaytarmaq praktikasına bu Komitədə çətin rast gəlinsin. Hər bir halda Gömrük Komitəsi bu və buna oxşar sualların ağlabatan izahatını verməlidir. Bütün bu olanlardan sonra təbii sual yaranır: görəsən Gömrük Komitəsinin bu ilin xarici ticarətinə dair açıqladığı arayışın (arayışların) həqiqiliyinə inanmaq olarmı?" 

O, komitədə ciddi yoxlamalara zərurətin yarandığını düşünür.

Meydan TV Nemət Əliyev yazdıqlarıyla bağlı neft sahəsi üzrə ekspert İlham Şabana sorğu göndərib. 

İlham Şaban
İlham Şaban.

İlham Şaban özünün də bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığını deyib:

"Söhbət yalnız Dövlət Gömrük Komitəsinin məlumatlarından getmir. Dövlət Statistika Komitəsinin hasilatla bağlı məlumatlarında da qeyri-dəqiqlik olub. Məsələn, 2016-cı ilin statistik məlumatlarını götürmüşəm və cari ildəki rəqəmlərə də baxıb fərqləri ortaya çıxarmışam. Bununla bağlı Dövlət Statistika Komitəsinə sorğu göndərdim, hətta qəbul edib yerində baxıblar. Onların izahına görə, hazırda dərc olunan məlumatlar operativ xarakter daşıyır. Üstündən bir qədər keçəndən sonra məlumatlar dəqiqləşdirilir, audit olunur və sonrakı məlumatlar korrektə edilmiş informasiyalar bölümünə salınır. Bax, operativ məlumatlar korrektə olunmuş məlumatlarla müqayisə edilir. Ona görə fərq yaranır. Mən o zaman komitəyə təklif etdim ki, heç olmasa işarə qoyub qeyd edin ki, bu, korrektə edilmiş rəqəmlərlə müqayisənin ortaya çıxartdığıdır. Cavab verdilər ki, hesabatlarda qeyd olunur.  Düzdür, məndə də əvvəllər fərqlərlə bağlı bu cür şübhələr vardı və "nə üçün fərqlər yaranır" sualı yaranırdı. Amma hesabatla dəqiqləşdirəndə məlum oldu ki, hər şey sonradan korrektə və audit olunur". 

Dövlət Gömrük Komitəsi Meydan TV-nin suallarını cavablandırmayıb.

x

YAZARIN DİGƏR YAZILARI