Sel suları kəndliləri evsiz qoydu

Sel suları Əkbərovlar ailəsini evsiz qoyub. Mayın 17-si səhər 5 radələrində Qobustan rayonunda Pirsaat çayının daşması nəticəsində Poladlı kəndində 7 ev və 20-yə yaxın təsərrüfat sahəsini su basıb, mal-qara tələf olub. Rayonun rəsmi qurumları bu rəqəmləri açıqlayıb. Amma sakinlər deyirlər ki, seldən daha çox insan ziyan çəkib.

Ələkbərovlar ailəsi daşqından sonra gecəni qonşularda keçirməli olub. Evin xanımı İlhamə Əkbərova deyir ki, qızının cehizləri, un tədarükü də su altında qalıb.

Poladlı kəndinin 1600 sakini var. Kənd sakinləri deyir ki, sel daşqınları bir neçə ildən bir təkrarlanır, ancaq tədbir görülmür. Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərov deyir ki, tikililərə ciddi ziyan dəyməyib. O bildirir ki, qaz, elektrik xətlərinə ziyan dəysə də, bərpa olunub.

Körpünün yuyulan bəndləri də möhkəmləndirilir.

İcra başçısının müavini evsiz sakinlərin olmadığını desə də, Əkbərovların gecə qalmağa evləri yoxdur.
Poladlı kənd Bələdiyyəsinin sədri Tanrıverdi Astanov zərərin aradan qaldırılmasını Allahın ümidinə buraxır.

Daşqın Əkbərovlar ailəsinin bütün olan-qalan əşyasını yuyub aparıb. İndi İlhamə xanım evindən geri qalan xatirələri qurudur.

x

YAZARIN DİGƏR YAZILARI