Sumqayıt: “İcra başçısı mağazalarımızı məhkəmə qərarı olmadan sökdürür”

“İcra başçısı mülkümüzü məhkəmə qərarı olmadan, abadlıq bəhanəsi ilə sökdürür”

“Sumqayıt İcra Hakimiyyəti “Şərq Bazarı”nda 66 sahibkarın qanuni dükanlarını ekskavatorla məhkəməsiz-filansız sökür. Ölkə qanunlarına məhəl qoyulmur” – deyir, sahibkarlar.
“Şərq Bazarı” yaxınlığında dükanı olan sahibkarlar Meydan TV-yə yazaraq bildirirlər ki, hazırda bazarın giriş-çıxış yolları bağlanıb. Sahibkarlar icra başçısı Zakir Fərəcovun onlara “lazım olsa güc tədbiq edəcəyik. Yenə də söküntü dayanmayacaq”, - dediyini bildirirlər:

“Bazarın yanında bir “Qril” bişirib satan uşaq var. Aparatı tez yığışdırmağa gücü çatmadı. İcra başçısının müavini Akif Quliyev aparatını təpiklə vurub sındırdı. O dərəcədə gözləri dönüb”.
Sumqayıtın “Şərq Bazarı”nın 66 sahibkarının problemi 2011-ci ildən başlayıb. “Şərq bazarı”nın direktoru Rəşid Babayev 66 sahibkara məxsus dükanları söküb, yerində böyük obyekt tikdirmək istəyir. Sahibkarlar isə bununla razılaşmırlar. Şikayətçilər deyirlər ki, iş məhkəməyədək gedib çıxıb. Bütün məhkəmə instansiyaları, Apelyasiya Məhkəməsi, Ali Məhkəmə onların xeyrinə qərar çıxarıb. Ancaq faydası olmayıb. Yenə R.Babayev və yerli məmurlar tərəfindən təzyiqə, təhdidə məruz qalırlar:

“Ötən il dükanlarımızın qabağı İcra Hakimiyyəti tərəfindən hasarlandı. Bu, bizim onsuz da zəif olan ticarətimizə mənfi təsir etdi. Mağazaların yerləşdiyi ərazi bizim şəxsi mülkiyyətimizdir. Ərazi ümumən eyni - “Şərq Bazarı” adlansa da, Babayevə məxsus ərazi, inzibatı bina, bazar korpusu tamamilə ayrıdır”.

Sahibkarlar bildirirlər ki, ötən həftə icra başçısı Zakir Fərəcov çoxsaylı işçiləri ilə əraziyə gəlib, lakin sahibkarlarla yox, bazarın sahibi Rəşid Babayevlə görüşüb:
“Halbuki Zakir Fərəcov keçən il bizi qəbul edəndə yanımızda olduğunu demişdi. Ancaq bazara gəlib bizimlə yox, bazarkomla görüşür. Sonradan eşitdik ki, Zakir Fərəcov bazarkomla söhbətdə “buralar söküləcək və yerinə 4 mərtəbəli Ticarət Mərkəzi tikiləcək”, - deyib. Biz ondan hər bir dövlət sənədi qaydasında olan dükanlarımızın aqibətini soruşduq. Bizə də bildirdi ki, “Söküləcək. Lazım gəldə güc tətbiq olunacaq”. Sahibkarlara isə guya təzə tikilən ticarət mərkəzindən 16 kv.m. yer veriləcək”.

Sahibkarlar dükanlarının qərarsız-sənədsiz abadlıq bəhanəsi ilə sökülməsinə qarşıdırlar. Düşünürlər ki, dükanları söküləndən sonra tikiləcək binadan onlara 1 kvadratmetr yer də verməyəcəklər:
“Uzağı deyəcəklər icarəsini ver, işlət. Bundan başqa, bizim şəxsi mülkümüz yalnız və yalnız dövlət ehtiyacı üçün sökülə bilər. Qanunla da bunun üçün müvafiq kompensasiya nəzərdə tutulur. Bizim vəziyyətimiz budur ki, icra başçısı mülkümüzü məhkəmə qərarı olmadan, abadlıq bəhanəsi ilə sökdürür”.

Sahibkarlar deyir ki, abadlıq yaxşı şeydir, amma bu mülkiyyət hüququnun tapdanılması hesabına baş verməməlidir:

“2014-cü ildə ərazini abadlaşdırmaq işi Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdir müavini Kamil Məmmədova tapşırıldı. Biz ərazini şəxsi vəsaitimiz hesabına abadlaşdırmağa başladıq. 100 mindən çox xərc çəkdik. Amma iş başlayandan bir müddət sonra  Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verdi. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırıldı. Bu, abadlıq məsələsinin bəhanədən başqa bir şey olmadığını göstərir. Əgər abadlıq əsas məqsəd olsaydı, Rəşid Babayevin yolun kənarındakı antisanitariya vəziyyətində olan biabırçı, qanunsuz meyvə- tərəvəz bazarı uzun illərdir fəaliyyət göstərməzdi. Əminik, məqsəd başqadır”.

Şikayətçilər ailələrinin bu dükanlardan başqa gəlir mənbəyinin olmadığını deyirlər:

“Yüzlərlə ailə bu dükanlardan gələn gəlirlə dolanır. Məktəbdə, universitetdə uşaq oxuduruq. Belə etmələri nə dərəcədə doğrudur? Biz hüquqi dövlətdə yaşayırıq və dövlətçiliyimizi, prezidentin yürütdüyü siyasəti həmişə dəstəkləyirik. İnanırıq ki, prezident bu məsələdə sahibkarların mülkiyyət hüquqlarının pozulmasına imkan verməz. Dükanların bağlanması iqtisadi böhran dövründə yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən ərazinin sökülməsini təsdiqləyiblər. Bildiriblər ki, buna görə əmlakı plana düşən hər bir şəxs müvəqqəti yerlə təmin ediləcək. Sonra isə onlara yeni tikiləcək ticarət mərkəzindən yer veriləcək:

“Xüsusən də göy-göyərti, meyvə-tərəvəz satanlara “Karvan” Ticarət Mərkəzində və “Xəlifə” şadlıq evinin birinci mərtəbəsində yer verilir. Həmin adamlar 3 ay vergidən azad ediləcək. Orada anti-sanitariya hökm sürürdü. İcra Hakimiyyəti sahibkarların anti-sanitariyadan şikayətlərini nəzərə alaraq, bazarda təmir-tikintiyə start verdi. Meyvə-tərəvəz yerləri “Karvan” Ticarət Mərkəzi və “Xəlifə” şadlıq evinin birinci mərtəbəsinə köçürüldü, yerləri təmizləndi”.

İcra Hakimiyyətindən deyildi ki, bircə köçürülməyən yer Rəşid Babayevin bazarıdır. Özünə tapşırılıb ki, oraları abadlaşdırsın:
“Orada yeni ticarət mərkəzi tikiləcək. Sahibkarlara da yazılı zəmanət veriləcək ki, yeni bazar tam hazır olandan sonra orada onlara yer verilsin. Sənədi olanlar problemlə qarşılaşmayacaqlar”.

x

YAZARIN DİGƏR YAZILARI