İşsizliyin səviyyəsi açıqlanıb

foto google.az

İqtisadçı: ''Artıq bağlanmış iş yerləri barədə məlumatları gizlədə bilmirlər''

2017-ci il mayın 1-nə olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 26,6 min nəfərdir. Onlardan 4 milyon 774,3 min nəfəri məşğul əhalidir.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, cari il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 515 min 800 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889 min 200 nəfər, qeyri-dövlət sektorunda isə 626 min 600 nəfər olub. İqtisadiyyatın neft sektorunda 34 min 400 nəfər, qeyri-neft sektorunda isə 1 milyon 481 min 400 nəfər çalışıb.

2017-ci ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,7 saat təşkil edib.

2017-ci il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,9 min nəfər olub, onların 37,3 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 263,8 manat olub.

Məlumatda regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü ilin yanvarın 1-dən 2017-ci ilin aprelin 1-dək olan dövr ərzində ümumilikdə 526200 olmaqla 430700 daimi iş yerləri yaradıldığı da öz əksini tapıb. 

Bildirilib ki, 2017-ci ilin I rübü ərzində ölkədə 86400 yeni, o cümlədən 79600 daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 87,5%-i qeyri-dövlət sektorunda açılıb. 

İqtisadçı Azər Mehtiyev hesab edir ki, indiyə qədər komitənin yeni iş yerləri ilə bağlı məlumatları toplansa, ölkə əhalisinin sayından 3-4 dəfə çox olar. Hər zaman bu barədə statistik məlumatlar açıqlansa da, konkret hansı müəssisələrdən söhbətin getdiyi, yaxud həmin müəssisələrin real olaraq fəaliyyət göstərməsi barədə heç nə deyilmir: 

“Əgər komitənin məlumatları doğrudursa, nə üçün iqtisadiyyatda canlanma yoxdur? Niyə ümumi daxili məhsulda artım müşahidə olunmur? Ona görə statistikanın hardan peyda olması, ictimaiyyətə necə təqdim olunması daha çox hesabat xatirinə verilən rəqəmlər olduğundan doğruluğu hər zaman şübhə yaradır”.

Azər Mehtiyev
Azər Mehtiyev.

Azər Mehtiyev deyir ki, iqtisadiyyatdakı indiki durğunluq yeni iş yerləri ilə bərabər qapadılan iş yerlərinin verilməsini tələb edir: “Yəni yalnız nə qədər iş yerləri bağlanıb cümləsi ilə bərabər nə qədərinin öz hesabına məzuniyyətə çıxarıldığı da qeyd olunmalıdır”.

Məlumatdakı daimi iş yerləri haqda hissəyə gəlincə, Azər Mehtiyev bunların ümumi olduğunu deyib: “Konkretlik yoxdur. Müxtəlif rayonlardan məlumatları toplayıb hesabata daxil ediblər. Onların arxasında real olaraq nə dayandığı ictimaiyyətə açıqlanmır”.

İqtisadçı cari ilin I rübü ərzində ölkədə 9100 iş yerinin bağlanması haqda suala belə cavab verib:

"Son vaxtlar iqtisadiyyatdakı durğunluqla əlaqədar bağlanmış iş yerləri barədə məlumatları gizlədə bilmirlər, açıqlayırlar. Məsələ ondadır ki, insanlar dəfələrlə fərdi sahibkar kimi qeydiyyatdan keçirlər, amma real olaraq fəaliyyət göstərmirlər. Vergilər Nazirliyinin bu barədə məlumatında qeydiyyatdan keçənlərin sayı real fəaliyyət göstərənlərdən bir neçə dəfə çoxdur. Ona görə fərdi sahibkarları iş yeri kimi təqdim etmək mübahisəlidir. Çünki söhbətin hansı sahibkarlardan getdiyi açıqlanmır. Yaxud hansısa xidmət müqaviləsi göstərəni iş yeri saymaq olarmı?!”

Azər Mehtiyev deyir ki, ümumiyyətlə, nəyin, nə dərəcədə ciddi iş yeri sayılması gündəmdə olmalıdır: “Əsasən də obyekt bir yerdən başqa yerə köçürülürsə, bunu yeni yaradılmış obyekt kimi hesabata daxil etmək doğru deyil və ordakılar da yeni iş yeri sayıla bilməz. Təəssüf ki, komitə həmişə bu məsələlərdə manipulyasiya edib".

x

YAZARIN DİGƏR YAZILARI