Siyasi mühacirlər aclıq aksiyası keçirəcək

Onlar gecəni Bundestaqın qarşısında qalacaqlar

Almaniyanın paytaxtı Berlində, Bundestaqın qarşısında aksiya edən Müsavat AKM-nin 5 üzvü yanvarın 18-nə qədər aclıq aksiyası keçirəcəkləri haqda açıqlama yayıblar.

Aksiya yanvarın 11-dən başlayıb və onlar gecəni də Bundestaqın qarşısında qalacaqlar.

Yanvarın 11-də Almaniyanın Nürnberq şəhərində Müsavat Partiyası AKM-nin Bavariya təşkilatı aksiya keçirib. Mühacirlər beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin azad olunmasını tələb ediblər, o cümlədən, aclıq aksiyası keçirən bloger Mehman Hüseynova və həbsdə olan müsavatçı Azad Həsənova dəstək nümayiş etdiriblər.

Yanvarın 10-dan Berlin şəhərindəki Azərbaycan Səfirliyi önündə aksiya keçirilir. Aksiya azərbaycanlı bloger Mehman Hüseynova dəstək məqsədilə təşkil edilib. Mehmana azadlıq tələb edənlər Berlində yaşayan azərbaycanlı fəallar və mühacirlərdir.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.
Yerli və xarici təşkilatlar Azərbaycanda 160-a yaxın siyasi məhbus olduğunu qeyd etsə də, hökumət ölkədə siyasi məhbus olmadığını bəyan edir.