Mehman Hüseynov: İş elə mərhələyə çatıb ki, qurban məhz mənim həyatım olmalıdır

Vəkil: ''Aclıq aksiyasını davam etdirən Mehman Hüseynov həkim nəzarəti altındadır''

Vəkil Şəhla Hümbətova yanvarın 4-də hazırda məhbus həyatı yaşayan bloger Mehman Hüseynovla görüşüb.

Mehman Hüseynov azadlığa çıxmağına iki ay qalmış ona qarşı açılan yeni cinayət işinə etiraz əlaməti olaraq dekabrın sonundan aclıq aksiyası keçirir. 

Vəkil görüş barədə Meydan TV-yə danışıb ki, blogerin səhhəti ağır olaraq qalır.

“Mən onu sonuncu dəfə görəndə quru aclıq keçirirdi, onda çox zəif idi, hətta yıxılırdı. İndi maye qəbul etməyə başlayıb və bir az yaxşı olsa da, zəifdir. Ayaqlarındakı problem kəskinləşib. Həkim təcili əməliyyat istəsə də, bu, alınmadı”.

Ş.Hümbətova M.Hüseynovun hazırda həkim nəzarətində olduğunu bildirib:

“Hər gün həkim onu müayinə edir. Mehman Hüseynov aclığı davam etdirməkdə çox israrlıdır”.

M.Hüseynovun sözlərinindən vəkil sitat gətirərək, deyib:

“Mübarizəni ittihamlar götürülənə qədər davam etdirəcəyəm. Mübarizə də qurban tələb edir. İş elə mərhələyə çatıb ki, qurban məhz mənim həyatım olmalıdır. Mən öz ölümümlə başqa hadisələrin qarşısını almalıyam”, vəkil Mehman Hüseynovun sözlərini Meydan TV-ə deyib.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.