Azərbaycan: Ötən il hansı iqtisadi yeniliklər oldu?

1. Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunub.

2. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksini işə salınıb

3. Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin açılışı olub,

4. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) STAR Neft Emalı Zavodu (SOCAR Turkey Aegean Refinery) istifadəyə verilib.

5. Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasında "Xəzər dənizinin statusuna dair Konvensiya"nın imzalanması ilə də qalıb.

6. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməklə 2019-cu ildən tətbiqi nəzərdə tutulan fiskal qaydalar və icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası müəyyənləşdirilib.

7. İcbari sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı prezident fərman verib və 2019-cu ilin büdcəsində bununla bağlı vəsait nəzərdə tutulub.

8. Vergi və sosial sığorta qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilib.

9. Manatın məzənnəsi sabitləşdi, inflyasiya idarəolunan səviyyədə hədəfləndi.

10. Exxon və Şevron şirkətlərinin AÇG yatağındakı payını satışa çıxardı.

2018-ci ilin iqtisadi yekunları və gələn ildən gözləntilər

Yola saldığımız il iqtisadiyyat sahəsində bir sıra hadisələrlə yadda qalan olub. Onlar arasında diqqəti daha çox çəkənlərə nəzər salaq.

Əvvala qeyd edək ki, 2018-ci il üçün ÜDM-in artımı ilə bağlı Azərbaycan hökumətinin 2 faizlik artım proqnozu özünü doğrultmadı. Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin 11 ayında ölkədə ÜDM 1 faiz artıb, o cümlədən qeyri-neft ÜDM-i 1,3 faiz artıb. Halbuki, ötən ilin eyni dövründə qeyri-neft ÜDM-i artım tempi 2,4 faiz qeydə alınmışdı.Odur ki, ÜDM kontekstində 2 məsələ diqqəti çəkir.

- Bu il üçün iqtisadi artım proqnozlaşdırılandan az gözlənilir. Belə ki, 2018-ci il üçün Azərbaycanda ÜDM-in artımını Dünya Bankı və BMT 1,8 faiz, Beynəlxalq Valyuta Fondu isə 1,3 faiz, rusiya mənbələri (İnterfaks və digərləri) 2 faizlik iqtisadi artım proqnozlaşdırırdılar.

- Cari il üçün qeyri-neft ÜDM-in artım tempinin əvvəlki illərlə müqayisədə aşağı düşməsi bu sahədə problemlərin davam etməsinin göstəricisidir. Baxmayaraq ki, bu il ərzində qeyri-neft ÜDM-in artım tempini saxlamaq üçün xeyli təşəbbüslər olub və dövlət tərəfindən sərmayələr ayrılıb.

Təbii ki, qeyri-neft ÜDM-in artım tempinin aşağı düşməsi ixracat səbətində bu bölmənin məhsullarının payının azalmasını da şərtləndirib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən qeyri-neft ixracı müqayisəli qiymətlərlə 1,7 faiz, faktiki qiymətlərlə 10,9 faiz artıb. Halbuki, 1 il bundan əvvəl eyni dövr üzrə müqayisədə artım göstəriciləri müvafiq olaraq 22,8 və 25,1 faiz təşkil edirdi.

İqtisadi artım tempinin aşağı düşməsinin əsas səbələrindən biri ilin ilk 11 ayında əsas kapitala yönəldilmiş vəsaitlərin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azalmasıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, cari ilin 11 ayında mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 4,9 faiz artması, eləcə də dünya bazarında xam neftin qiymətinin bahalaşması neft ÜDM-nin artımında əhəmiyyətli rol oynayıb. Belə ki, yeni layihələr və AÇG blokunun işlənməsinə dair müqavilənin uzadılması Azərbaycanda neft hasilatının azalmasının qarşısının alınması, eləcə də Şahdəniz -2 yatağından qaz hasilatının artımı bu sahədə pozitiv nəticələrin qeydə alınmasında əhəmiyyətli rol oynayıb.

2018-ci ilin pozitiv nəticələri müstəvisində inflyasiya səviyyəsinin 2,3 faizə qədər aşağı düşməsi və manatın dollara nəzərən məzənnəsinin sabit qalması qeyd oluna bilər. Elə bu və digər səbəblərə görə, yola saldığımız ildə 2015-ci ildən bəri ilk dəfə olaraq bank sektoru aktivlərini artırmağa müvəffəq olub. Eyni zamnda son 11 ayda bankların kredit qoyuluşlarında və depozitlərində də ötən illə müqayisədə artım qeydə alınıb. Lakin, bu artımlar fonunda bankların xalis mənfəətində kəskin azalma müşahidə olunub. Belə ki, bu ilin 10 ayına olan göstəricilərə görə bankların xalis mənfəəti ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfəyədək azalıb. Bu səbəbdən xərclərini optimallaşdırmaya çalışan banklar il ərzində 50-dək filiallarını bağlayıblar.

Yola saldığmız 2018-ci ildə itirilmiş imkanlar arasında problemli kreditlər probleminin həlli ilə bağlı nə hüquqi və nə də tənzimləyici müstəvidə addımların atılmamasıdır. Elə bu səbəbdən də 2018-ci il 01 noyabr vəziyyətinə vaxtı keçmiş kreditlır 1698,6 milyon manat və ya ümumi kredit portfelinin 14 faizi səviyyəsində olub. Təəssüflə qeyd etməliyəm ki, bu problemin həlli ilə bağlı ekspertlər səviyysəində müxtəlif təkliflər irəli sürülsə də onların heç biri hökümət tərəfindən dəstəklənməyib.

2018-ci ildə Azərbaycan Beynəlxalq Bankı ətrafında müzakirələri davam edib. Bu bankın özəlləşdirilməsi gözlənilsə də bu ilin bu sahədə də irəliyə doğru addım atılmayıb. Hətta, 2019-cu ilin büdcə gəlirlərinn təhlili göstərir ki, gələn il ərzində də Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilməyəcək.

2018-ci il ərzində itirilmiş imlkanlar siyahısında Milli Məclis tərəfindən "Rəqabət Məcəlləsi"nin və Nazirlər Kabineti tərəfindən isə "Gəlirlərin və əmlakın bəyan edilməsi" formasının qəbul olunmamasını qeyd etmək olar. Beləliklə də yola saldığımız ildə iqtisadiyyatda inhisarçılıq meylləri güclənib, xüsusilə də digər holdinqlərin zəifləməsi hesabına "Paşa holdinq"in hökmran mövqeyi güclənib. Gəlirlərin və əmlakın bəyan edilməsi" formasının qəbul olunmaması səbəbindən isə korrupsiya əleyhinə aparılan mübarizə tədbirləri effektli olmayıb. Hətta əksinə Azərbaycan mənşəli kapital hesabına çirkli pulların yuyulması üçün beynəlxalq səviyyədə formalaşmış biznes şəbəkəsi barədə araşdırmalar göstərib ki, Azərbaycanda korrupsiya artıq qlobal miqyasda proseslərə təsir göstərmək gücünə qədər inkişaf edib.

İl ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıtda Polipropilen zavodunun, inşaat kimyəviləri zavodunun, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabrikinin, "Baku Non Ferrous and Foundry Company" MMC-nin əlvan metallar və ferroərintilər zavodunun, Masallı Sənaye Məhəlləsinin açılışı olub. Bu il bütövlükdə qeyri-neft sənayesi üçün uğurlu olub. Bu sahədə artım 9,1 faiz təşkil edib. Kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalında isə 6,6 faiz artım qeydə alınıb.

2018-ci il Azərbaycanın xaricdə ticarət evi, şərab evi layihələrinin reallaşdırılması sahəsində də irəliləyişlə də fərqlənib. Yola saldığımız il ərzində Riqa və Varşava şəhərlərində "Azərbaycan Ticarət Evi"nin, Çin Xalq Respublikasının Urumçi və Şanxaq şəhərlərində "Azərbaycan Şərab Evi"nin açılışı olub.

2018-ci ildə Azərbaycanın xaricdə yatırdığı sərmayələr hesabına inşa olunan Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) istifadəyə verilib.

2018-ci həm də tarixdə Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasında "Xəzər dənizinin statusuna dair Konvensiya"nın imzalanması ilə də qalıb.

2018-ci ildə uzun illərdən bəri gözlənilən neft gəlirlərinin idarə olunması üçün fiskal qaydalar qəbul eilsə də onun dünya bazarında xam neftin qiymətindən birbaşa asılığı, eləcə də manipulyasiya imkanları bu dəyişiklikdən olan gözləntinin səviyyəsinə mənfi təsir edib. Amma bütün bunlara baxmayaraq 2019-cu ilin büdcəsi fiskal qaydalar əsasında qəbul edilib. Gələn il büdcə müzakirələrinin ən qısa tarixi də bu ilə təsadüf edib. İl həmçinin büdcə paketinin parlamentə təqdimatının gecikməsi, eləcə də parlament üzvlərinin təkliflərinin hesabına büdcədə cüzi dəyişikliklərin aparılması ilə seçilib. Növbəti ilin büdcə paketi ilə birlikdə təqdim olunan Vergi və sosial sığorta qanunvericiliyində dəyişiklər sənədi bu il maraqla qaşılanan və indiyədək müzakirə olunan hadisələrdən hesab oluna bilər.

Bu ilin diqqəti çəkən hadisələrindən biri də Exxon və Şevron şirkətlərinin AÇG yatağındakı payını satışa çıxarması və 25 illik əməkdaşlıqdan sonra Azərbaycanı tərk etmək niyyətləridir. Bu hadisə Azərbaycana gələn ildən etibarən sərmayə cəlbinə mənfi təsir göstərəcək amil kimi qiymətləndirilə bilər.

Bu ilin sonunda Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığındakı qeyri-aktiv statusunun fəaliyyətinin dayandırılması ilə əvəzlənməsi, eləcə də Böyük Britaniyada Azərbaycan mənşəli çirkli pulların yuyulmasına adı hallanan şirkətlərə və banka qarşı sansiyaların tətbiqi də ilin yaddaqalan hadisələrindən sayıla bilər.

Gələn il üçün gözləntilər sırasına inflyasiya meyllərinin güclənməsini, istehlak qiymətlərinin bahalaşmasını, manatın məzənnəsinin ucuzlaşma ehtimalının çoxalmasını, muzdlu işçilərin real əmək haqlarının artımını, neft qiymətinin ucuzlaşağı təqdirdə iqtisadiyyat və büdcənin idarəolunmasına dəyişikliklərin aparılmasını daxil etmək olar.