''Exxon Mobil'' Azərbaycandan gedir

Şirkət ''Əsrin müqaviləsi''indəki 6.8 faizlik payını satmağı planlaşdırır

ABŞ-ın neft şirkəti “Exxon Mobil” Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

Bu barədə dekabrın 4-də “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Məlumatda deyilir ki, şirkət “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin “Exxon Mobil” şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib:

“Biz bazarla bağlı müxtəlif spekuluasiyaları və şayiələri şərh etmirik”.

SOCAR-ın mətbuat katibi isə məsələyə belə şərh verib: "Hesabat “Exxon” haqqındadır və SOCAR-ı bu məsələyə cəlb etməyə ehtiyac yoxdur".

SOCAR
SOCAR

“Exxon Mobil”-in “Əsrin müqaviləsi”ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakına son qoyacaq. “Exxon” və “Chevron” şirkətləri 1994-cü ildə “Əsrin müqaviləsi”nə qoşulan və Sovetlər Birliyi dağılandan sonra Azərbaycanın hazırkı neft sənayesinin yaranmasına kömək edən beş Amerika şirkətindən biri idi. Layihə BP tərəfindən idarə edilsə də, o dövrlər ABŞ dövlətindən güclü dəstək alıb. Müqavilədə Amerikanın beş şirkəti- “Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott” iştirak ediblər.

Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, layihənin Avropanın Rusiyadan energetika asılığını azaldacağına ümid edirdilər.

“Reuters” yazır ki, yeni böyük kəşflər həyata keçirilmədiyi üçün bu ümidlər də azaldı.
ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerikanın Azərbaycan administrasiyasına dəstəyi də azaldı. Azərbaycan da dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə edərək, özünün energetika sərvətləri üzərində nəzarəti baxımından daha iddialı oldu.

“Exxon” və “Chevron” şirkətləri Azəri-Çıraq-Günəşli yataqlarında 30.4 faiz paya, SOCAR isə 25 faizə sahibdir. Azəri-Çıraq-Günəşli yataqları hələ də Azərbaycanın neft hasilatında ən çox paya sahibdir. 2018-ci ilin ilk yarısında bu yataqda ümumi xam neftin təxminən dörddə biri, gündə təxminən 600 min barel istehsal olunub.

Digər Azəri-Çıraq-Günəşli yataqları konsorsiumuna 9,3 faiz payla Yaponiyanın "Inpex" şirkəti, 7,3 faiz payla isə Norveçin "Equinor" şirkəti daxildir. Türkiyənin TPAO, Yaponiyanın “Itochu” və Hindistanın “ONGC Videsh” şirkətləri daha az paya sahibdir.

Məlumatda qeyd olunur ki, son illər “Exxon” və “Chevron” daha çox Amerikada şist neft yataqlarına maraq göstərir.

“Exxon” həmçinin Qayanada böyük neft kəşflərinin həyata keçirilməsi üçün milyardlarla investisiya yatırıb. “Chevron” isə Qazaxıstanda nəhəng Tengiz yatağının 37 milyard dollara başa gələcəyini açıqlayıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban öz “Facebook” səhifəsində yazır ki, ilk eşidəndə “Exxon Mobil” və “Chevron”un Azərbaycanın ən böyük layihələrini tərk etməsinə inanmaq istəməyib:

“Ən azı ona görə ki, bu şirkətlərin divident gətirən layihədən niyə imtina etməsi sualı üzərində düşünürdüm. Həm də kifayət qədər təsdiq edilmiş resursu olan bir yataqlar blokudur! Ancaq bu səhər məsələyə böyük şirkət gözü ilə nəzər yetirməyə çalışdım və “Chevron”un açıqlamasına diqqət yetirdim. Mövqelərini ancaq biznes maraqları ilə əlaqələndirirlər. “Chevron”dan böyük isə “Exxon Mobil”dir. Təbii ki, onun mövqeyi də belə olacaq. Amerikanın neft nəhəngi ola bilsin heç mövqe açıqlamayacaq, necə ki, 2017-ci ildə BTC layihəsinə qoşulanda belə addım atmışdı və ictimaiyyət sadəcə rüblük hesabat zamanı bundan xəbər tutmuşdu. Niyəsi sadədir! “Exxon Mobil” özəl şirkət olduğundan heç kəs qarşısında bir öhdəliyi yoxdur ki, izah etsin, mən niyə belə addım atıram”.

İlham Şaban
İlham Şaban

İlham Şaban bildirib ki, iri şirkətlər üçün artıq rentabelli layihələrdə belə passiv oyunçu rolunda çıxış etmək heç də maraqlı deyil. Ona görə də "Birinci skripka" (operator) məsələsi aktualdır:

“Xatırlayırsızsa, 5 il əvvəl, 2013-cü ilin dekabrın əvvəlində Azərbaycan "Şahdəniz-2" layihəsinin sanksiyalaşdırılmasına hazırlaşarkən iki böyük Qərb şirkəti - Norveçin “Statoil” və Fransanın “Total” şirkətləri "Şahdəniz" layihəsini tərk etmələri barədə bəyanat verdilər. Onda da KİV-lər "ŞOK effekti" yaratmışdılar və bu addımları nələr, nələr, nələrlə daha əlaqələndirməmişdilər. Nə oldu sonu? Bütün işlər həm "Şahdəniz-2", həm də infrastruktur layihələri üzrə qrafikə uyğun başa çatdı, hətta investisiya proqramı üzrə nə qədər effektli nailiyyətlər əldə edildi. Hər iki şirkət isə biri 4 il, digəri 5 il sonra qayıdıb yenidən Xəzərin Azərbaycan sektorundakı digər layihələrə investisiya qoymaq qərarına gəldilər. İndi “Exxon Mobil” və “Chevron”un da AÇG-ni tərk etməsi ilə bu layihənin reallaşması yönümündə hansısa bir dəyişiklik baş verməyəcək, layihə qrafikə uyğun olaraq işlənəcək və 2050-ci ilədək Azərbaycana və onu işlədən şirkətlərə dividentlər qazandıracaq. “Statoil”suz və “Total”sız işlənən "Şahdəniz" ola bilər, “Exxon”suz və “Chevron”suz ACG yox?”