Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova

Aktrisanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir

Azərbaycanın xalq artisti Amaliya Pənahova noyabrın 7-də gecə saatlarında vəfat edib.

73 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Azərbaycan Kinematoqrafçılar İttifaqı da rəsmi səhifəsində xalq artistinin ölüm xəbərini təsdiqləyib.

Amaliya Əliş qızı Pənahova 1945-ci ilin iyunun 15-də Gəncə şəhərində anadan olub.

1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə ona 1974-cü ildə əməkdar artisti, 1985-ci ildə xalq artisti mükafatları verilib.

A.Pənahova 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru idi.

Aktrisa yazıçı İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və başqa tamaşalarda rol alıb.

Amaliya Pənahova aktyor Yusif Muxtarovun həyat yoldaşı idi.

Oğlu İlqar Muxtarov 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.