''Dağlıq Qarabağda cəza alan azərbaycanlılar hərbi əsir deyil'' (yenilənib)

David Tonoyan

***

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası David Tonoyanın açıqlamasına münasibət bildirib.

Qurumun yaydığı məlumatda bildirilir ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib.

“Bununla yanaşı, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə etmişdir. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri - Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.

Son dəfə cari ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tbilisi şəhərində hər iki ölkənin Dövlət Komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb”, - açıqlamada deyilir.

***

Ermənistanın müdafiə naziri ölkəsində və Dağlıq Qarabağda azərbaycanlı hərbi əsir olmadığını deyir

“Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlı hərbi əsirlər yoxdur”.

"Armenpress.am" yazır ki, bu açıqlamanı Ermənistanın müdafiə naziri David Tonoyan ölkə parlamentində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Müdafiə naziri Dilqəm Əsgərovla Şahbaz Quliyevi hərbi əsir hesab etməyib:

“Əgər Dağlıq Qarabağda cəza alanları nəzərdə tutursunuzsa, onlar hərbi əsir deyil”.

D.Tonoyan bildirib ki, tezliklə nazirlikdə hərbi əsirlərlə bağlı komissiya yaradılacaq.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti geri alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.