Aslan İsmayılov
Aslan İsmayılov Fotoqraf: Meydan TV

Aslan İsmayılov: Hamınız bu cinayətlərin cavabını alacaqsız

Prokuror xuliqanlıqda ittiham olunan hüquqşünasa cəza istəyəcək

Vəkillər Kollegiyasının keçmiş üzvü, “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılova noyabrın 12-də prokuror cəza istəyəcək.

Binəqədi Rayon Məhkəməsinin binasında xuliqanlıq etməkdə ittiham olunan A.İsmayılovun bu işi üzrə məhkəmə istintaqı noyabrın 5-də başa çatıb. Təqsirləndirilən hüquqşünas hakim Mirheydər Zeynalovun bu qərarına etiraz edərək bildirib ki, şahidlər dindirilmədən, sübutlar araşdırılmadan məhkəmə istintaqını yekunlaşdırmaq olmaq.

A.İsmayılov onun 2017-ci il oktyabrın 2-də Binəqədi rayon Məhkəməsinin binasında xuliqanlıq etməsi barədə ifadə vermiş hakim Rəşad Əliyevin məhkəmədə dindirilməsini tələb edib.

A.İsmayılov haqqında cinayət işinə baxan hakim Mirheydər Zeynalov isə bildirib ki, həmkarı şahid qismində tanınsa da, onu dindirə bilməyəcək. Çünki Rəşad Əliyev məzuniyyətdədir. A.İsmayılov hakimin yalan danışdığını, R.Əliyevin məzuniyyətdə yox, iş başında olduğunu, digər məhkəmə zalında işə baxdığını bildirib: “Sizlər hamınız bir gün bu qanunsuzluqlarınızın, cinayətlərinizin cəzasını alacaqsınız. Mütləq cavab verəcəksiz və əməllərinizin də cavabını alacaqsınız...”

A.İsmayılovun etirazlarına baxmayaraq, məhkəmə istintaqının başa çatması barədə qərar elan olunub. Çıxış üçün prokurora söz verilsə də, o, hazır olmadığını söyləyib və hakimdən vaxt istəyib. Prokurora hazırlaşmaq üçün bir həftə vaxt verilib.

A.İsmayılov 2017-ci il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin onun Hafiz Hacıyevə qarşı iddiasını təmin etməməsinə etiraz olaraq, səs-küy salıb, qapını möhkəm çırpıb xuliqanlıq etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

A.İsmayılov özünü təqsirli bilmir, cinayət işinin saxta olduğunu, siyasi sifarişlə hazırlandığını bildirir. O, hesab edir ki, məhkəmə ədalətli, obyektiv keçirilsəydi, onun təqsirsizliyi də sübut olunardı. Ona görə də hakimdən xahiş edirdi ki, proses videolentə alınsın. Lakin hakim bu barədə vəsatəti təmin etməmişdi. Bundan sonra A.İsmayılov məhkəmədə iştirakdan imtina etmişdi.

İyul və avqust aylarında Səbail Rayon Məhkəməsində Hafiz Hacıyev və işadamı Mürvət Həsənlinin iddiaları əsasında A.İsmayılov Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsiylə təqsirli bilinərək, onun haqqında iki ittiham hökmü çıxarılıb.