Qala qəsəbəsində aksiya keçirildi

Bakı Baş Polis İdarəsindən xəbərdarlıq alan sakinlər evlərinin əllərindən alınacağından narahatdırlar

Noyabrın 5-də Xəzər rayonu, Qala qəsəbəsi, Xasaxuna bağ massivinin sakinləri etiraz aksiyası keçirib. Etiraza səbəb Bakı Baş Polis İdarəsinin noyabrın 2-də massiv sakinlərinə etdiyi xəbərdarlıqdır.

Sakinlərdən Əliyar Namazov Meydan TV-yə bildirib ki, onlar 10 ildir Xasaxuna bağ massivində yaşayırlar:

“Noyabrın 2-də Bakı Baş Polis İdarəsindən zəng etdilər ki, Abşeron Rayon İcra Hakimiyyəti haqqımızda şikayət edib. Guya ərazidə qanunsuz ev tikmişik. Bildirdilər ki, evlə bağlı sənədlərimizi idarəyə aparmalıyıq. Biz vaxtilə razılığını aldığımız adamla danışıb əlimizdə olan sənədləri topladıq. Bu gün səhər polislər əraziyə gəlib dedi ki, Xəzər Rayon İcra Hakimiyyətinə gedin, problem həll olunacaq. Saat 16-da bir daha əraziyə toplanıb müzakirə edəcəyik”.

Əliyar Namazov bildirib ki, Bakı şəhərində və ətraf ərazlərdə 100 mindən çox adam sənədsiz evlərdə yaşayır:

“Məgər, dövlət rəsmiləri bunu bilmir? Güman ki, icra hakimiyyəti işi məhkəməyə göndərib, sonra oranın qərarını alandan sonra evlərimizi sökmək istəyəcəklər”.

Aksiyaçılar 10 ildən artıq yaşadıqları evlərindən köçməyəcəklərini, bunu üçün aksiyaları davam etdirəcəklərini bildiriblər.