''Dünyada dolların məzənnəsi bu ilin fevralından ən aşağı səviyyəyə düşüb''

Vüqar Bayramov: ''Avropa Birliyi avronın dominatlığı ilə bağlı iş apararsa avronun daha da möhkəmlənməsi ola bilər''

“Dünya bazarında dolların məzənnəsi aparıcı ölkələrin valyutalarına nisbətən bu ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb”.

Bunu iqtisadçı Vüqar Bayramov deyib.

O qeyd edib ki, səbət valyutalara nisbətən dolların dəyər itirməsi inkişaf etməkdə olan ölkələrin də valyutalarına “müəyyən toxtaqlıq” gətirib”.

İqtisadçının sözlərinə görə, Avropa Birliyinin avronun qlobal bazarda dominatlığının artırılması ilə bağlı çağrışları fonunda avro da dollara nisbətən möhkəmlənib:

“Əvvəl 1 avro almaq üçün 1.16-dan az dollar ödəmək lazım idisə, indi bu rəqəm 1.17-ə dəyişib. Azərbaycan Mərkəzi Bankı da bu gün manatı avroya nisbətən ucuzlaşdırıb. Belə ki, manatın avroya nisbətən rəsmi məzənnəsi dünən 1.9762 idisə bu gün 1 avro almaq üçün 1.9883 ödəmək lazımdır”.

V.Bayramov bildirir ki, manat hər 100 avroda rəsmi məzənnə ilə 1.21 manat ucuzlaşıb. Bundan əlavə, dolların qlobal ucuzlaşması Rusiya rubluna təsir edib:

“İki gün öncə 70 rublluq psixoloji həddi aşan Rusiya pulu bu gün dollara nisbətən 68.4 rubladək möhkəmlənib. Bununla belə, dolların səbət valyutalara nisbətən mövqeyini yaxın günlərdə bərpa edəcəyi gözlənilir. Belə ki, ABŞ-da avqust ayının inflyasiya göstəriciləri açıqlandıqdan sonra FED-in uçot stavkasını yüksəltməsi ehtimalları daha da artıb. Bu isə yenidən dollara güc verəcək. Amma Avropa Birliyi avronın qlobal dominatlığı ilə bağlı sistemli iş apararsa o zaman avronun daha da möhkəmlənməsi müşahidə edilə bilər”.

Azərbaycan manatının dollara qarşı kursu 2018-ci il martın 7-dən stabil olaraq 1USD/1,7000AZN səviyyəsində stabil qalıb.
Avronun Azərbaycanda kursu isə ilin əvvəlindən 1 avroya qarşı 2,0431 manatdan 1,9883 manata qədər düşüb. Son bir həftə ərzində isə 1 avro 1,9770 manatdan 1,9883 qədər dəyişib.